Mayın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) və Bakı Mühəndislik Universiteti (BMU) arasında görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər arasında qarşılıqlı maraq doğuran sahələrdə birgə elmi-texniki proqramların, layihə və konfransların, müsabiqələrin həyata keçirilməsi müzakirə olunub. Bildirilib ki, əməkdaşlığın məqsədi ikitərəfli münasibətlərin möhkəmləndirilməsi və innovasiya sahəsində fəaliyyətin genişləndirməsinə əsaslanaraq elmin inkişafının təmin edilməsidir. AMEA YTP və BMU innovasiyayönümlü layihələrin birgə araşdırılması, iqtisadi səmərəliliyinin qiymətləndirməsi və həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsini planlaşdırır. Əməkdaşlıq AMEA YTP və BMU Texnoparkın dəstəyi ilə innovasiya xarakterli elmi nailiyyətlərin kommersiyalaşdırılmasına yeni imkanlar açacaq.
Əməkdaşlığa dair sənədi AMEA YTP-nin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Vüqar Babayev və BMU-nun rektoru, professor Havar Məmmədov imzalayıblar.
AMEA Yüksək Texnologiyalar Parkı və Bakı Mühəndislik Universiteti Texnoparkı arasında imzalanan digər müqavilə “Yeni fikir 2017 müsabiqəsi” ilə bağlıdır. Müqavilədə AMEA YTP-nin müsabiqənin keçirilməsinə təşkilati və maddi dəstəyinin göstərilməsi, həmçinin sahələrarası əməkdaşlığı inkişaf etdirən digər müsabiqələrin təsis olunması nəzərdə tutulub. Sənədə əsasən AMEA YTP qaliblərin mükafatlandırılması üçün nəzərdə tutulan 10 min manat pul mükafatını təmin edəcək, müsabiqədə iştirak edən uğurlu layihələrə inkubasiya və digər əməkdaşlıq xidmətləri göstərəcək.
Qeyd edək ki, “Yeni fikir 2017 müsabiqəsi” BMU Texnoparkının təşkil etdiyi ən böyük startap müsabiqəsi platformasıdır. Layihə innovativ sahibkarlığın inkişafına dəstək vermək məqsədilə həyata keçirilir. Gənclər arasında təşkil olunan müsabiqədə 150-dək layihə qeydiyyatdan keçib. Hazırda münsiflər heyəti tərəfindən layihələrin qiymətləndirilməsi prosesi davam edir.
 
https://mektebgushesi.az

Bənzər yazılar