Dərc olunub: 19.05.2017

 
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Azərbaycanşünaslığın aktual problemləri: əsas iqtiqamətləri və perspektivlər” adlı elmi-nəzəri konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva iştirakçıları salamlayaraq qeyd edib ki, təhsilə və elmə yiyələnməyin vacibliyini xüsusi vurğulayan Heydər Əliyev göstərirdi ki, bizim gənclərimizin vəzifəsi təhsil almaq və müasir tələblərə uyğun olan səviyyəyə qalxmaqdır. Gənclərimizin qarşısında duran əsas vəzifələrdən birinin də mənəvi tərbiyə məsələsinin olduğunu qeyd edən ulu öndər gəncləri ümumbəşəri dəyərləri, Azərbaycan xalqının milli-mənəvi dəyərlərini dərindən mənimsəməyə çağırıb və göstərib ki, milli dəyərlərimizi, milli ənənələrimizi, dilimizi, dinimizi tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.
Elm və yaradıcılıq üzrə prorektor, sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə çıxışında Tələbə Elmi Cəmiyyətinin bakalavr və magistr pilləsində təhsil alan tələbələri özündə birləşdirdiyini, elm, təhsil və təcrübənin vəhdəti prinsiplərinə əsaslanaraq elmi yaradıcılığın formalarını təbliğ etdiyini qeyd edib.
Konfransda TWINNING proqramı çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi əsasında Vyana şəhəri işçi Nümayəndəliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları ilə Universitetimizin təhsil və təcrübənin vəhdəti olan silsilə tədbirlərin və TWINNING müşaviri Herbert Paulişin ustad dərslərinin həyata keçirildiyi vurğulanıb.
Daha sonra Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, Əməkdar jurnalist, filologiya elmləri doktoru Aqşin Babayev, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə, professor Buludxan Xəlilov və şair, dramaturq Nəriman Həsənzadə Azərbaycanşünaslığın aktual problemləri mövuzusuna dair fikirlərini bölüşüb, konfrans iştirakçılarına uğurlar və müvəffəqiyyətlər arzulayıblar.
“Azərbaycanşünaslığın fəlsəfi əsasları” və “Azərbaycan mədəniyyətinin müasir mərhələləri” adlı iki bölmədə keçirilən konfransa on dörd ali təhsil müəssisələrinin bakalavr və magistr pilləsində təhsil alan yerli və əcnəbi tələbələr “Azərbaycanşünaslıqda multikulturalizmin aspektləri”, “Azərbaycanda kino çəkilişi”, “Azerbaycan müziği”, «Привет из Карабаха», “Ümummilli lider Heydər Əliyevin demokratik Azərbaycan multikulturalizm siyasəti” və “Müstəqillik dövründə səhnə və ekran sənətinə danışıq janrının problemləri” mövzusunda məruzələr ilə çıxış ediblər.
Sonda konfrans iştirakçıları diplom və sertifikat ilə təltif olunublar.

Bənzər yazılar