Mayın 19-da (МАПРЯЛ, Rusiya) birgə təşkilatçılığı və “Ruskiy mir” Fondunun qismən maliyyə dəstəyi ilə “Azərbaycanda rus dili və ədəbiyyatının öyrənilməsi və tədrisinin aktual problemləri: orta və ali məktəblər üçün dərslik komplekslərinin hazırlanması təcrübəsi, problemləri və perspektivləri” adlı Beynəlxalq elmi-praktik konfransın açılış mərasimi olub. Mərasimdən öncə qonaqlar universitetin foyesində Ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyublar.
Tədbiri giriş sözü ilə açan BSU-nun prorektoru, professor Telman Cəfərov qonaqları tədbir iştirakçılarına təqdim edib. T.Cəfərov konfransa rus dili və ədəbiyyatının öyrənilməsi və ən aktual problemləri ilə bağlı 88 materialın daxil oduğunu qeyd edib.
Sonra BSU-nun rektoru, professor Nurlana Əliyeva Rusiya-Azərbaycan münasibətləri ilə bağli geniş məruzə ilə çıxış edib. N.Əliyeva Rusiya Federasiyası və Azərbaycan Respublikası arasındakı qonşuluq münasibətlərinin dərin köklərə malik olduğunu vurğulayib. Rektor bu gün ölkə başçısı İlham Əliyevin də Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini, Rusiya ilə münasibətlərin inkişafına xüsusi önəm verdiyini önə çəkib, rus dilinin öyrənilməsi və tədrisi üçün dövlət səviyyəsində hər cür şərait yaradıldığını vurğulayıb. Rus dili və ədəbiyyatının ölkəmizdə tədrisinin gənc nəsl üçün əhəmiyyətindən danışan rektor regionda rusistikanın məkanı sayılan Bakı Slavyan Universitetində görülən işlər, rusistika sahəsində həyata keçirilən layihələr, elmi tədqiqatlar, müxtəlif təhsil səviyyələrində mütəxəssis hazırlığı barədə konfrans iştirakçılarına məlumat verib. BSU-nun Rusiyanın 25 qabaqcıl universitetləri ilə intensiv əlaqələrə malik olduğunu diqqətə çatdıran rektor rus dilinin orta və ali məktəblərdə səmərəli tədrisi üçün yeni nəsil dərs vəsaitlərinin hazırlanmasının günümüzün aktual problemlərindən olduğunu qeyd edib. Konfransın bu mövzuda Azərbaycan, Rusiya, Gürcüstan, Ukrayna və Belarusun 200-dən artıq alimini, metodist və müəllimini birləşdirdiyi nəzərə çatdırılıb.
Plenar iclasda Beynəlxalq Rus Dili və Ədəbiyyatı Müəllimlər Assosiasiyasının Prezidenti, Rusiya Təhsil Akademiyasının Prezidenti, akad. L.A.Verbiskaya elmi məruzə ilə çıxış edib. O, Bakı Slavyan Universiteti ilə dərin əlaqələrinin olduğunu, lakin bu dəfəki gəlişində onun inanılmaz dərəcədə dəyişilməsinin şahidi olduğunu qeyd edib. Konfransın əhəmiyyətini xüsusi vurğulayan L.A.Verbiskaya bu tədbirdən sonra rus dilini öyrənənlərin sayının artacağına inandığını vurğulayıb. Tanınmış alim öz məruzəsində rus dilinin
dərindən öyrənilməsinin yolunun milli dilin mükəmməl bilgisindən keçdiyini diqqətə çatdırıb. L.A.Verbiskaya rus-türk dillərinin qarışılıqlı əlaqələri barədə danışarkən 1938-ci ildə repressiya olunmuş böyük linqivist və şərqşünas alim Yevgeni Dmitriyeviç Polivanovun tarixi xidmətlərini yada salıb. O, fikrini Azərbaycanda rus dilinin bu gün çiçəklənməkdə olmasını xatırlatmaqla yekunlaşdırıb.
A.S. Puşkin adına Moskva Dövlət Rus Dili İnstitunun professoru, “Rus dili xaricdə” jurnalının redaktoru İ.A.Orexova öz çıxışında adıçəkilən nüfuzlu jurnalın qapısının azərbaycanlı alimlərin üzünə açıq olduğunu və əməkdaşlıq etməyə hazır olduğunu bildirib.
Rus İcmasının rəhbəri, Milli Məclisin deputatı M.Zabelin Azərbaycanda 345 məktəbdə rus dilinin öyrənildiyini qeyd edib. O, konfransın adındakı “problem” sözünün yerinə düşmədiyini qeyd edib və əlavə edib ki, burada rus dili heç bir problem yaşamır.
BSU-nun tədris işləri üzrə prorektoru, layihənin koordinatoru prof. T.H.Cəfərov konfransın bölmələrdəki işi barədə məlumat verib, iştirakçıları orta və ali məktəblər üçün “Rus dili” və “Literatura” dərsliklərinin müzakirəsində fəal iştiraka dəvət edib.
Bölmələrin işinə BSU alimləri ilə yanaşı, tanınmış rusist-alimlər, professorlar İrina Orexova, David Qoçiridze, Uldanay Baxtikireyeva, Eldar Əzimov, Natalya Kulibina moderatorluq ediblər.
BSU-nun Mətbuat xidməti

Bənzər yazılar