15 ildən çoxdur ki, Azərbaycanda özəl hazırlıq kursları fəaliyyət göstərir. Həmin kursları hər il xeyli sayda şagird başa vurur. Bir məqam var ki, son illərdə kursların sayının çoxalması  rəqabət məsələsini də sıfıra endirir. Yəni heç də bütün kursların keyfiyyətli təhsil verdiyini əminliklə söyləmək olmaz. Üstəlik bir çox kurslar idarəetmədə necə istəyirlərsə, elə də davranış nümayiş elətdirirlər. Bu da kurslarda özbaşınalıq ab-havasından xəbər verir.
Təhsil eksperti Etibar Əliyev Modern.az-a açıqlamasında kursların son illərdəki fəaliyyətini tənqid edib.
“Kursların sayının çoxlamasının səbəbləri orta məktəblərin materialları uşaqlara tam mənimsədə bilməməsi ilə bağlıdır. Kurslar da bundan sui-istifadə edirlər.
Kursların böyük əksəriyyətində çalışan  müəllim heyəti qeyri-peşəkarlardan ibarətdir. Baxmayaraq ki, onlar televiziyalarda çox güclü reklam olunurlar, amma qeyri-peşəkarlıqlarına söz ola bilməz. Hətta, bir nəfər 700, yaxud da, 600-dən yuxarı bal toplamış abituriyenti önə çəkməklə onlardan qalxan kimi istifadə edirlər. Bu da istər-istəməz insanları cəlb edir.
Burda məqsəd valideynlərin övladlarını həmin kurslara etibar etməsinə yönəltməkdir. Müşahidələrimiz göstərir ki, o kursları keçən, ali məktəblərə hazırlaşan abituriyentlər çox vaxt aşağı nəticələr göstərirlər. Təəssüflər olsun ki, indi keyfiyyətsiz təhsili heç kim kompensasiya etmir”.
Etibar Əliyev bəzi dünya ölkələrində mövcud olan təhsil yeniliklərindən də söz açıb.
“Dünya ölkələrinin bəzilərində  uşaqları məktəbdə saxlamağa çalışırlar. Bizdə isə dərs yükünün artırılması müəyyən maliyyə vəsaiti tələb edəcək. Valideynlər hesab edəcəklər ki, bu vaxt uşaqların asudə vaxtlarına daxil olur. Heç də belə deyil. Bu işdə nəticə əldə edə bilən bir çox ölkələr var. Məsələn, Finlandiya və Çində çox yüksək nəticələr əldə olunub. Hətta bir çox ölkələr həftəlik dərs yükünü artırmaqla ev tapşırıqlarını ləğv ediblər.
Hesab edirlər ki, ev tapşırıqları uşaqları daha çox yorur. Uşaqlar əsasən günün böyük hissəsini məktəbdə keçirir.
Evdə qaldıqları müddətdə yalnız dincəlirlər. Bu sistemə keçməmiş kursları ləğv etmək mümkün olmayacaq. Həftənin 32 saat müəyyənləşdirilməsi dünya təcrübəsində özünü doğrultmur. Hətta, Çində həftəlik dərs yükü 50-70 saat həcmində olur. Digər tərəfdən ev tapşırıqları mühiti valideynlər arasında yarış mühitini formalaşdırır. Valideynlər hesab edirlər ki, uşağa daha yaxşı kömək etdilər. Halbuki, bu, uşağın sərbəst düşünmə qabiliyyətini azaldır. Ona görə də mütərəqqi sistemlərə keçid yaratmalıyıq.
Bu gün şagirdlərin kurslardan asılılığı mövcuddur. Bu asılılığı orta məktəb keyfiyyətini yüksəltməklə, uşaqları məktəbə bağlamaqla  artırmaq olar. Təəssüf ki, heç bir məktəbin uğuru təbliğ olunmur, ancaq kursların nəticələri təbliğ olunur. Bu da kurslara cəlbedicilik yaradır”.
http://mektebgushesi

Bənzər yazılar