Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində mərhum Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun anım günü keçirilib.
Universitetin professor-müəllim, tələbə heyəti və mərhumun oğlunun iştirak etdiyi tədbirə Aydın Dadaşovun xatirəsini bir dəqiqəlik sükut ilə yad edilərək başlanılıb. Universitetin rektoru, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyeva dəyərli ziyalı və kino sənətində böyük xidmətləri olan professor Aydın Dadaşovun qəfil ölümündən təsirlənərək onunla bağlı xatirələrini paylaşıb.
Kino və televiziya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Mübariz Məmmədli, Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, filologiya elmləri doktoru, professor Aqşin Babayev, Kinoşünaslıq kafedrasının dosenti, əməkdar incəsənət xadimi Əli Əmirli və Ayaz Salayev, Bakı Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Aynur Kərimova çıxışlarında mərhum ilə ilk tanışlıq, dostluq və onun yaradıcılığı haqqında məlumatlar verib, Aydın Dadaşovun təqdiqqatçı, pedaqoq və jurnalist kimi fəaliyyətindən bəhs ediblər.
Mərhumun 61 kino, filmin ssenaristi, rejissoru, 70-dən çox kitab və 500-dən çox məqalənin müəllifi olduğu qeyd olunub. Hal-hazırda mətbuat və kino sahəsində çalışan Aydın Dadaşovun tələbələrinin yazılarında, həyat fəaliyyətlərində onun önəmli yer tutduğu və rəhbər rolu oynadığının hiss olunduğu qeyd olunub.
Sonda Universitetin rektoru, professor Fərəh Əliyeva mərhum Aydın Dadaşovun adı ilə bağlı tələbələrə bədii yaradıcılıq üzrə təqaüd və ya mükafat təsis olunması, mərhumun həyatı və yaradıcılığı haqqında filmin çəkilməsi təklifini verib.

Bənzər yazılar