Bu gün Bakıda I Azərbaycan-Rumıniya Universitetlərarası Forum öz işinə başlayıb.
 
mektebgushesi.az APA-ya istinadən verdiyi  xəbərinə görə, Təhsil Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Diplomatiya Akademiyasında keçirilən forumun açılış mərasimində təhsil nazirinin müavini Firudin Qurbanov, Rumıniya təhsil nazirinin müavini Qiqel Paraşivin rəhbərlik etdiyi nümayəndə heyəti, ADA-nın prorektoru Fariz İsmayılzadə, hər iki ölkənin ali məktəb rektorları və digər qonaqlar iştirak edib.
 
Forumda çıxış edən F. İsmayılzadə bildirib ki, forum iki ölkənin təhsil sahəsində əlaqələrin güclənməsinə öz töhfəsini verəcək.
 
F. Qurbanov isə deyib ki, iki ölkənin  ali təhsil müəssisələri bu miqyasda ilk dəfə bir araya gəlib. Son illər təhsil əlaqələrinin daha da gücləndiyini deyən nazir müavininin sözlərinə görə, Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 7 tələbə Rumıniyada təhsil alıb: “Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olub və bu dövlətin təhsili Azərbaycan üçün maraq kəsb edir. Bu yaxınlarda Təhsil Nazirliyinin təşkilatçılığı ilə bir qrup xarici tələbənin Cocuq Mərcanlıya səfəri təşkil edilib və onların arasında Rumıniyadan olan tələbələr də olub. Ali məktəblərdə Azərbaycan və Rumıniya dillərinin tədrisinə də önəm verilir. Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin dəstəyi ilə 60-a yaxın kitab Azərbaycan və rumın dillərinə tərcümə edilib. Bu forum iki ölkənin ali təhsil müəssisələri arasında əlaqələrin güclənməsi üçün mühüm platforma olacaq”.
 
Q. Paraşiv isə qeyd edib ki, forum ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verəcək. Onun sözlərinə görə, bu tədbir ali məktəblər arasında dialoqa, birgə əməkdaşlığa qapı açacaq: “Bu gün universitetlərin məqsədi və hədəfləri ikitərəflidir. Belə ki, bunlardan biri müasir dövrdə zamanın tələblərinə uyun olaraq inkişaf etmək, digəri isə tələbələrin bilik və bacarıqlarının sahibkarlıq, işgüzar mühitinə uyğunlaşdırılmasıdır. Bunları nəzərə alaraq yeni dövrdə müasir tələblərə cavab verən gəncin, insanın yetişdirilməsi təhsilin qarşısında duran mühüm vəzifələrdən biridir”.
 
Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku isə iyun ayında Azərbaycan və Rumıniya arasında əlaqələrin 25 illiyinin qeyd olunacağını xatırladıb. Onun sözlərinə görə, belə bir çərçivədə iki ölkə arasında təhsil sahəsi üzrə forumun təşkili mühüm əhəmiyyət kəsb edir.
 
Forum çərçivəsində Azərbaycan təhsil nazirinin müavini Firudin Qurbanov və Rumıniya təhsil nazirinin müavini Qigel Paraşiv arasında görüş keçirilib. Görüşdə iki ölkənin ali təhsil müəssisələri arasında ikili diplomlar, tələbə və müəllim mübadiləsi və digər əməkdaşlıq perspektivləri müzakirə edilib.
 
Forum çərçivəsində iki ölkənin ali məktəbləri arasında əməkdaşlıq sənədləri imzalanıb. Açılış mərasimindən sonra forum panel müzakirələrlə davam edib.
 
Qeyd edək ki, forum iki gün davam edəcək. Forumun növbəti günündə Rumıniya ali məktəblərinin nümayəndələri Azərbaycan universitetlərini ziyarət etmək və mövcud resurslarla əyanı tanış olmaq imkanı əldə edəcəklər.
https://mektebgushesi.az

Bənzər yazılar