Başqırdıstan respublikasının paytaxtı Ufa şəhərində keçirilən Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyasının II forumunda Azərbaycan nümayəndə heyətinin tərkibində Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən, riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov da iştirak edib. Tədbirdə Azərbaycandan 16, Rusiyadan 34 ali məktəb iştirakçı olub. Qeyd edək ki, forumun təşkilatçıları Başqırdıstan Respublikasının hökuməti, Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası və Rusiya Milli Kadrları Hazırlama Fondudur.
Forumdan qayıdan professor Natiq İbrahimov LDU-nun professor-müəllim heyəti ilə görüşündə bildirib ki, universitetlər birliyi əsasən regionların inkişafında ali məktəblərin rolunu, beynəlxalq əməkdaşlıq, habelə ali məktəblərin beynəlxalq və milli reytinqlərdə inkişafı məsələlərini müzakirə edib. Forumun proqramında “Universitet regional iqtisadiyyatın inkişafının drayveridir: Rusiya ilə Azərbaycanın təcrübəsi” adlı plenar iclas, “Beynəlxalq əməkdaşlıq ali məktəblərin inkişafının mühüm amili kimi” adlı panel diskussiyası, Assosiasiyanın iştirakçısı olan ali məktəblərin rektorlarının iclasları keçirilib.
Forum çərçivəsində Assosiasiyanın Nizamnaməsi təsdiq edilib, habelə Assosiasiyanın iştirakçısı olan ali məktəblərin tərkibinə dəyişikliklər olunub.
Başqırdıstan Respublikası Baş nazirinin müavini Salavat Saqitov, Azərbaycanın təhsil nazirinin müavini Mətin Eynullayev, Ufa Dövlət Neft Texniki Universitetinin rektoru Ramil Baxtizin və başqaları çıxışlarında forumun əsas məqsədi, ali məktəblərin qarşısında duran vəzifələr, elmlə praktikanın üzləşdirilməsi məsələləri barədə fikir mübadiləsi ediblər.
Forum çərçivəsində , mayın 18-də Lənkəran Dövlət Universiteti ilə Başqırdıstan Dövlət Aqrar Universiteti, Başqırdıstan Dövlət Universiteti və Puşin Dövlət Təbiyyat Elmləri İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında ikitərəfli müqavilələr imzalanıb. Müqavilə müəllimlərin və alimlərin ixtisaslarının artırılmasında qarşlıqlı elmi əməkdaşlığı, yeni təhsil layihələrinin və proqramların həyata keçirilməsini, qabaqcıl təlim metodlarının mübadiləsini və s.nəzərdə tutur. Forum təəssüratını kollektivlə bölüşən professor Natiq İbrahimov Rusiya Universitetlərinin təlim-təcrübə bazasında gördüklərindən söz açaraq bildirib ki, həmin müsbət təcrübəni tezliklə LDU-da həyata keçirmək üçün bütün imkanlar səfərbərliyə alınmalı, praktik təlimlərə diqqət artırılmalıdır. N.İbrahimov bildirib ki, LDU-nun müəllimləri qabaqcıl təcrübə ilə yerində tanış olmaları, praktik təlimdən bəhrələnmələri üçün yaxın günlərdə bu elm ocağına ezam olunacaqlar.
Xatırladaq ki,Rusiya və Azərbaycan Ali Məktəbləri Assosiasiyası 2015-ci ildə Bakıda yaradılıb.

 
https://mektebgushesi.az

Bənzər yazılar