Azərbaycanda valideynlərin şagirdlərin təhsilinə münasibəti heç zaman birmənalı olmayıb. Valideynlərin  şagird, yaxud universitet tələbəsi olan övladından, həmçinin,  onların müəllimlərindən etdiyi tələb bəzən, gələcəyə hesablanmır. Yəni, maksimalizmə, yüksək qiymətə və “rəngli diploma” xüsusi önəm verən valideyn, övladının gələcəyə, sərbəst həyata nə dərəcədə hazırlıqlı olub-olmadığını bilmir. Onlar övladlarından tələb etdiyi yüksək qiymətin əslində, azad qavrama, sərbəst düşüncə üçün çıxılmaz bir çərçivə, sərhəd olduğundan xəbərsiz qalırlar. Təbii ki, öz zəkası hesabına yüksək qiymət alan və bunu gələcək karyerasına da kökləyənlər az deyil. Amma məsələnin başqa tərəfi də var: həmin yüksək qiymətə məcburən valideyn tərəfindən  köklənmək! Bu isə çox ciddi problemdir. Qərb təhsilində artıq qiymət anlayışı get-gedə sıradan çıxır, orada tələbələr arasında fərq qoyan diplom rəngləri də yoxdur. Sadəcə, hamını bir məqam düşündürür: övladını həyata necə hazırlamaq!
Azərbaycanda bu durum hələlik ürəkaçan səviyyədə deyil. Əlaçı olmağa zorla istiqamətləndirilən şagird öz oxuduqlarının çərçivəsindən kənara çıxa bilmir. Bəzən, ortabab qiymətlərlə oxuyan şagird, ya tələbə gələcəkdə daha çox uğurlara imza atır. Bunun səbəbi isə valideynlərinin maksimal tələblərinin öhdəliyini daşımamaqlarıdır.
 
“Universitet müəllimlərini dindirsəniz, əksəriyyətinin auditoriyalardan qaçmaq istədiklərini eşidərsiniz”
“Xalqımızın, ölkəmizin gələcəyinin təhsil sistemimizdən çox asılı olduğunu hamımız bilirik. Elə buna görə də hər kəs bu  sahədə vəziyyətin tezliklə yaxşılaşmasını istəyir. Təəsüf ki, indiki vəziyyət olduqca acınacaqlıdır. Orta məktəblərimizdə get-gedə daha çox əzbərçi şagirdlər yetişdirir, qəbul imtahanlarında onların arzu etmədikləri, öz maraqlarına, təyinatlarına uyğun olmayan ixtisaslar üzrə təhsil almalarına göz yumuruq. Bunun nəticəsində ali məktəb tələbələrinin əksəriyyəti öz ixtisasına çox soyuq yanaşır, oxumaq istəmir, təhsil illərini bir təhər başa vurub diplom almağı gözləyirlər. Əgər hər qrupda, bir neçə, bəzən isə daha çox belə tələbələr varsa, bu, bütün qrupdakı mənəvi iqlimə təsir edir, oradakı ixtisasına  həvəsli olan başqalarının da həyatını korlayırlarİndi əksər ali məktəb müəllimlərini dindirsəniz, dərs otaqlarından qaçmaq istədiklərini eşidərsiniz.  Vəziyyətin bu cür davam etməsinə qəti olaraq dözmək olmaz və tezliklə  təhsil sistemimizdə ciddi dəyişikliklər olmalıdır”.
Hər bir münasibət düşüncədən qidalanır. Bəs bu vəziyyəti necə dəyişmək olar? Daha doğrusu, bu vəziyyəti meydana çıxaran düşüncəyə necə müsbət təsir etmək olar? Sosioloqu dinləyək:
 
“Bir çoxları bu dəyişiklikləri Təhsil Nazirliyindən gözləyir. Elə düşünürlər ki, Təhsil Nazirliyində ciddi dəyişikliklər etməklə təhsil sistemimizi  arzu edilən vəziyyətə gətirmək olar. Bu yanlış fikirdir. Yalnız Təhsil Nazirliyinin fəaliyyəti ilə təhsil  sahəsindəki problemləri həll etmək olmaz. Təhsil Nazirliyi icraçı orqandır. Lazımi dəyişikliklər üçün kompleks işlər görülməlidir.
Bu işdə üzərinə məsuliyyət düşənlərdən biri də valideynlərdir. Doğrudur, valideynlərin də təhsilə münasibəti avtomatik olaraq, hansısa çağrışlarla dəyişə bilməz. Bunun üçün də  sosial psixologiya elminin, davranışın formalaşdırılması ilə bağlı təlimlərin  konkret tövsiyyələri var. Valideynlərin təhsilə səhlənkar münasibətindən danışanda bəziləri bunun da günahını cəmiyyətdə, təhsil sistemində olan problemlərdə görür. Amma əslində valideynlərimizin təhsillə bağlı ciddi bir mövqeyi olarsa, onlar bu mövqeyi tələbkarlıqla ortaya qoyarsa bu təhsil sistemimizin, cəmiyyətimizin də keyfiyyətinin yaxşılaşmasına mühüm kömək edə bilər. Deməli, biz təhsil sistemimizin vəziyyətini yaxşılaşdırmaq barədə düşünürkən valideynlərin təhsilə münasibəti məsələsi barədə də konkret işlər görməliyik”.
“Bizim valideynlər  pul verib uşaqlarınının oxumadan saxta biliklər almasına çalışır!”
 
Ə.Qəşəmoğlu valideynlərin təhsilə münasibətinin bərbad olduğunu aşağıdakı faktlarla sadalayır:
 
“Təəssüf ki, indiki vaxtda valideynlərimizin böyük əksəriyyətinin təhsillə bağlı təsəvvürləri, bu sahədəki davranışları, atdıqları addımlar arzu olunan şəkildə deyil. Onları öz uşaqlarının aldığı təhsilin keyfiyyətindən daha çox alacaqları diplomlar  düşündürür, qayğılandırır. Bir çoxları maddi cəhətdən başqaları ilə yarışdıqları kimi, övladlarının oxuduğu universitetlərlə, fakültələrlə başqaları ilə yarışmağa can atır.  Hələ uşaq birinci sinifə getməzdən əvvəl bir sıra valideynləri məktəbin ad-sanı, nüfuzu maraqlandırır. Ona görə yox ki, uşaq orada daha keyfiyyətli təhsil alacaq, əsasən ona görə ki, başqalarının yanında əda ilə: – çətinliklə də olsa uşağı filan məktəbə düzəltdim!  demək üçün. Yenə də çox təəsüf ki, valideynlərimizin böyük əksəriyyəti uşaqları məktəbdə oxuyanda onları daha keyfiyyətli təhsil almağa həvəsləndirmək, bunun bir zərurət olduğunu müxtəlif yollarla aşılamaq əvəzinə, daha çox müəllimlərlə əlaqə yaradaraq uşaqlarının daha yüksək qiymət yazdırmaq haqda düşünür, fəaliyyət göstərirlər. Tez-tez  belə ürək ağrıdıcı fikir eşidirik: “başqa millətlər xərc cəkib öz uşaqlarına ciddi bilik almalarına çalışırlar, bizimkilər isə pul verib uşaqlarınının oxumadan saxta biliklər almasına çalışır!” Halbuki, hər ailədə yetişən hər bir savadlı, bilikli uşaq ilk növbədə öz həyatının, həmin ailənin gələcək uğurları uçün mühüm bir imkandır. Həmin uşaq eyni zamanda vətən üçün arxa, köməkdir.
Hər xalqın əsas  bəlası mənəviyyatın maddiyyata nə qədər qurban getməsinin dərəcəsi ilə ölçülə bilər. Maddiyyatı artıraraq bunu  mənəviyyatın zənginləşməsinə yönəldə bilən xalq daha uğurlu vəziyyətdədir, daha xoşbəxt xalqdır. Hələ lap qədimdən bütün müdriklərin, peyğəmbərlərin, müdrik insanların təsdiq etdiyi kimi, ölkədə maddiyyata, meşşanlığa meyl  gücləndikcə daha çox gərginlik yaranır, kriminal vəziyyət daha çoxalır, xaotik vəziyyət yaranır. Əksinə, mənəviyyata meyl artdıqca bir ahəng effekti yaranır və bütün insani münasibətləri daha uğurla tənzimləyir.  Təhsilin keyfiyyəti bir başa mənəvi amillərin güclənməsində mühüm rol oynayır. Təhsilin keyfiyyətinin yüksəlməsi ölkə əhalisinin keyfiyyətinin yüksəlməsinə səbəb olur. Beləliklə, hər bir savadlı övlad yetişdirən valideyn həm öz ailəsinin, həm də ölkəsinin gələciyi üçün ciddi bir fəaliyyətlə məşğuldur. Mən çox arzulardım ki, hər bir valideynimiz bu hisslərlə yaşayaydı: savadlı övlad yetirərək gələcəyimizin qayğısına qalmaq torpaqlarımızı qorumaqdan da mühüm məsələdir. Vətən yolunda daha savadlı vətəndaş yetirmək elə vətən uğrunda mübarizə aparmaqdır. Vətənini ürəkdən sevən bir mütəxəssis yetirmək vətəni yolunda əsgər yetirmək qədər şərəflidir. Savadsız, fərsiz  övlad yetirmək vətənin ümidlərini qırmaq, ona zərbə vurmaqdır. Belə övlad yetirmək düşmənin arzusunu yerinə yetirmək, dolayısı ilə düşmənə kömək etməkdir”.
“Bəzi valideynlər öz uşaqlarının ciddi təhsil almalarının əhəmiyyətini lazımınca dərk edə bilmirlər”
 
Sosioloq alim əsas faktlardan biri  kimi də valideynlərin təhsil anlayışına ciddi yanaşmadıqlarını deyir:
 
“Ciddi təhsil görmüş, öz biliyi ilə seçilən xeyli mütəxəssislə, alimlə bu barədə söhbət etmişəm. Onların çox böyük əksəriyyəti özlərinin bilikli olmasında valideyn amilini ön plana çəkirlər. Hansı evdə ki, valideynlərlə uşaqlar arasında təhsillə bağlı səmimi, inandırıcı söhbətlər olur, uşaqlara dərslərini yaxşı öyrənmək üçün şərait yaradılır, elə ailələrdə şagirdlər, tələbələr təhsilə bir mühüm dəyər kimi baxır. Əksinə,  lazımi qədər biliyi olmayanların əksəriyyətinin ailəsində hələ uşaqlıqdan təhsilə bir biganəlik olur. Mən bunu öz ailəmizin də, maddi imkanları bizim ailədən çox olsa da təhsilə biganə olan tanıdığım ailələrin də misalında görmüşəm. Bəzi valideynlər öz uşaqlarının ciddi təhsil almalarının əhəmiyyətini lazımınca dərk edə bilmirlər. Belələrindən tez-tez eşidirsən: – əşi, məgər oxuyub alim olacaq?! Alim olsa nəyə lazımdır, acından öləcək də! Yaxud başqa bir sıra alimlər düşünürlər ki, qız uşağını tez ərə verəcək deyə oxutmaq, ona ciddi təhsil vermək mənasızdır. Amma belələri anlaya bilmir ki, ciddi təhsil təkcə alim olmaq, ali məktəbə girmək üçün deyil. Ciddi təhsil hər bir şəxsin insan üçün ən mühüm amil olan intellektinin sistemləşməsinə, şəxsiyyətinin formalaşmasına, dünya görüşünün inkişafına, öz hüquqlarını dərk etməsinə, cəmiyyətdə, ailədə daha arzu olunan münasibətlər qura bilməsinə, həyatda öz yerini, öz təyinatını daha yaxşı başa düşməsinə və s. kömək edir.
Təəsüflər olsun ki, bizim valideynlərin əksəriyyəti öz qonşuları ilə malı, mülkü, bər-bəzəyi, daş-qaşı, pulu ilə maddi olaraq yarışdığı kimi, daha dəbdəbəli toy, yas mərasimləri keçirməyə həvəsli olduqları kimi uşaqlarının təhsilində də keyfiyyətdən daha çox parıltıyı, ucuz şöhrətə üstünlük verir”.
Əsas qiymət yox, uşağın gələcəyə necə  hazır olmasıdır”
 
Tanınmış psixoloq Elnur Rüstəmov valideynləri tərəfindən maksimal qiymət göstəricilərinə təhrik edilən şagirdlərin gələcəkdə uğur qazanmadığını deyir. Bunun psixoloji səbəbini isə bu cür açıqlayır:
 
“Bəzən, keyfiyyətə yox, kəmiyyətə qaçırıq. Belə məqamda  valideynlərin uşaqlardan gözləntiləri qiymətlə ölçülür. Bəzən, bizim üçün də göstərici o gündəlikdə yazılan qiymət olur. Amma etiraf edək ki, valideynlər yavaş-yavaş kəmiyyətə yox,  keyfiyyətə diqqət ayırırlar. Bugünün özündə də buna rast gəlirik: bəzən, yüksək balla ali məktəbə daxil olan uşaqlar sonradan oxumaqda çətinlik çəkir. Yaxud, elə  biz  ali məktəbdə oxuyan zamanda qrup yoldaşlarımızdan qiymətə önəm verənlər, daim yüksək qiymət üçün can atan tələbələr sonradan karyera qurmaqdan çətinlik çəkdilər.  Çünki onlar üçün şablonlardan, standart çərçivələrdən çıxmaq çətin oldu. Onlar oxuduqlarından kənar düşünə bilmir. Adam var ki, 5 səhifə oxuyur, 50 səhifə oxumuş qədər danışır. Adam da var ki, 50 səhifə oxuyur, amma 1 səhifə oxumuş qədər danışa bilmir. Bütün bunlar psixoloji məqamlardı. Hər zaman da qeyd olunur ki, uşağa təhsil vermək lazımdır. Təhsil ayrıdır, bilik ayrı. Təhsil hər şeyi özündə ehtiva edən bir məfhumdu. Bu gün artıq uşaq baxçaları və məktəblərdəki əsas tendensiya uşağı həyata hazırlamaqdır. Yəni, əsas diqqət ali məktəbə yox, həyata hazırlıqdır. Avropada, elə Rusiyanın özündə də validyenlər  kiçik yaşlı uşaqlarında nitq qabiliyyətinin, ünsiyyət bacarığının inkişafına, onların həyata qavramasına çox çalışırlar. Baxça və orta məktəbin ilk siniflərinə artıq hazır gedirlər. Uzağa getməyək, elə ölkəmizdə olan rusdilli uşaqlara, yaxud, konkret olaraq Rusiyadan gələnlərə baxsaq, görərik ki, onların nitq qabiliyyəti, hadisələri düzgün təhlil etmə bacarıqları bizdən qat-qat yaxşıdır.  İnanıram ki, bu tendensiya yavaş-yavaş bizdə də formalaşacaq”.

https://mektebgushesi.az

Bənzər yazılar