Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTi) tabeliyindəki ümumi təhsil müəssisələrində “Ümumi təhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması” layihəsi çərçivəsində təlim keçən müəllimlərə sertifikatlar verilib.
BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə ABŞ-ın Azərbaycandakı səfirliyinin, “British Council” təşkilatının əməkdaşları, Təlimə Dəstək Mərkəzinin xarici dillər bölməsinin mentorları, təlim keçən müəllimlər və danışıq klublarında iştirak edən şagirdlər iştirak ediblər.
Çıxış edənlər cari tədris ilində xarici dillər istiqaməti üzrə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən söz açıblar. Bildirilib ki, ingilis dilində danışıq klublarının yaradılmasının məqsədi müxtəlif yaş qruplarından olan şagirdlərin məktəbdə əldə etdikləri xarici dil biliklərini təcrübi danışıq məşğələləri vasitəsilə daha da möhkəmləndirmək, məktəblilərin ingilis dilində fikirlərini düzgün və səlis ifadə etməsinə dəstək vermək, ünsiyyət vərdişlərini təkmilləşdirmək və xarici dildə ünsiyyət komplekslərini aradan qaldırmaqdır.
Tədbirdə amerikalı təhsil eksperti Meri Boymer tərəfindən tədris prosesinin təkmilləşdirilməsi istiqamətində yerli mütəxəssislərə inkişafetdirici tövsiyələr verilib.
Qeyd edək ki, “Ümumi təhsil məktəblərində ingilis dilində danışıq klublarının yaradılması” layihəsi BŞTİ ilə ABŞ-ın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir.
 
https://mektebgushesi.az

Bənzər yazılar