Yasamal rayon Məhkəməsində Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekan müavini Nigar İsmayılzadənin həmin fakültənin tələbəsi Zəka Mirağayevə qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
mektebgushesi.az-ın APA-ya istinadən verdiyi  məlumatına görə, hakim Azər Tağıyevin sədrlik etdiyi iclasda Nigar İsmayılzadə deyib ki, fakültənin dördüncü kurs tələbəsi Zəka Mirağayev mediada ona böhtan atıb, “rüşvətxor” adlandırıb, universitetdə neqativ əməllərlə məşğul olduğunu deyib. N.
İsmayılzadə bildirib ki, 2015-ci ilin dekabrında həbsdə intihar etmiş MTN polkovniki İlqar Əliyevlə əlaqəsi haqda yazılanları özünə təhqir hesab edir. O, MTN-in intihar etmiş polkovniki İlqar Əliyevlə qrup yoldaşı olduğunu deyib. Bildirib ki, vəzifəyə təyin olunmaqda İlqar Əliyevin heç bir rolu olmayıb.
İclasda ifadə verən Zəka Mirağayev isə özünü təqsirli bilmədiyini, dekan müavinin rüşvətxor olmasına dair sübutu olduğunu deyib.
Məhkəmə prosesi iyunun 8-də davam edəcək.
Qeyd edək ki, N. İsmayılzadə Azərbaycanın Yaponiyadakı səfiri Gürsəl İsmayılzadənin bacısıdır. O, məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Zəka Mirağayevin CM-nin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə cəzalandırılmasını istəyib. Z. Mirağayev müsahibəsində N. İsmayılzadənin rüşvət aldığını deyib.

Bənzər yazılar