Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin IV kurs tələbəsi Aysel Məmmədovanın “İblislə 20 gün” adlı psixoloji dedektiv romanının təqdimatı keçirilib. Jurnalistika fakültəsinin III kurs tələbəsi Loğman Kamranlı tədbiri açaraq təqdim olunan kitab haqqında qısa məlumat verib, onun müəllifi Aysel Məmmədovanı təbrik edib. Təqdimat mərasiminin keçirilməsinə verdiyi dəstəyə görə BDU-nun rektoru, akademik Abel Məhərrəmova təşəkkür edən Loğman Kamranlı sözü kitabın müəllifi Aysel Məmmədovaya verib. Kitab haqqında yığcam, lakin maraqlı və məzmunlu məlumat verən Aysel Məmmədova auditoriyada “İblislə 20 gün”ə marağı artırıb.
Fakültənin dekan əvəzi, dosent Vüqar Əliyev kitabın universitet mühitində təqdimatının müəllifin gələcək yaradıcılığı üçün böyük stimul olacağını bildirib.
Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyev, Mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının professoru Alxan Bayramoğlu, dosent Mahmud Mahmudov  müəllifin tələbə kimi müsbət keyfiyyətlərindən bəhs edib, gələcək yaradıcılığında uğurlar arzulayıblar.
Sonda Aysel Məmmədova  kitabdan monoloq səsləndirib və oxucular üçün kitablarını imzalayıb.
http://mektebgushesi

Bənzər yazılar