Mayın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru, professor Mustafa Babanlı (ADNSU) “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimovla görüşüb. Görüşdə “AzerGold” QSC-nin əməkdaşları, ADNSU-nun professor-müəllim heyəti, tələbələr, eləcə də media nümayəndələri iştirak edib.
ADNSU-nun rektoru, professor Mustafa Babanlı “AzerGold”un yeni yaranmasına baxmayaraq bir sıra uğurlu layihələr həyata keçirdiyini deyib. Cəmiyyətlə əməkdaşlığın hər iki tərəfə böyük xeyir verəcəyini qeyd edən rektor M.Babanlı gələcəkdə universitetdə bu ixtisaslara uyğun tədris proqramlarının “AzerGold” QSC ilə birgə hazırlamağa başlayacaqlarını bildirib.
ADNSU tələbələrinin “AzerGold” QSC-də təcrübəsinin təşkili məsələsinə toxunan rektor, prof. Mustafa Babanlı tələbələrin buraxılış işlərinin də müəssisənin tələblərinə uyğun hazırlanacağını vurğulayıb.
Əməkdaşlıq təklifinə görə rektor M.Babanlıya təşəkkürünü bildirən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ADNSU ilə əməkdaşlıq etməyin olduqca xoş olduğunu diqqətə çatdırıb. QSC-nin fəaliyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verən Z.İbrahimov “AzerGold”da gələcəkdə görülməsi planlaşdırılan layihələrdən danışıb. “AzerGold” QSC-nin fəaliyyəti genişləndikcə peşəkar mütəxəssislərə ehtiyacın artacağını deyən Z.İbrahimov ali məktəblərlə əməkdaşlığın bu problemi aradan qaldıracağına inandığını qeyd edib.
Daha sonra Azərbaycan Dövlət Neft və Sənaye Universiteti ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq memorandumu imzalanıb.
Əməkdaşlığın məqsədi təhsilə və elmi-texniki inkişafa dəstək, geologiya və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasına töhfə verməkdir.
Razılaşmaya əsasən tərəflər əlvan metal filizi yataqlarının dağ-mədən şəraitinin qiymətləndirilməsi, tədqiqi, həmçinin bu sahədə innovativ layihə və inkişaf proqramlarının həyata keçirilməsi üzrə məsləhətləşmələr, filizlərin və ətraf süxurların fiziki-mexaniki xüsusiyyətlərinin öyrənilməsi üzrə fikir mübadiləsi edəcək.
Cəmiyyət universitetin elmi-texniki potensialından faydalanacaq, təhsil müəssəsinin personalı “AzerGold”un istehsal prosesində rastlaşa biləcəyi problemlərin həll edilməsi istiqamətində dəstək göstərəcək. QSC-nin işçi heyəti üçün müvafiq proqramlar üzrə ADNSU-da ixtisasartırma kursları təşkil olunacaq. Cəmiyyətin gələcək ehtiyaclarına uyğun onun sifarişi əsasında ADNSU-da ixtisaslaşmış kadr potensialı hazırlanacaq, məzunların bir qismi “AzerGold”da işlə təmin olunacaq.
ADNSU-nun müəllim və tələbə kollektivi isə “AzerGold”-un istehsalat bazasından istifadə edəcək, kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində universitet nümayəndələrinin tədqiqatlar aparmalarına şərait yaradılacaq.
Qeyd edək ki, “AzerGold” QSC Prezident İlham Əliyevin 2015-ci ildə imzaladığı Sərəncamla təsis edilib. Cəmiyyətin fəaliyyəti Azərbaycanda qeyri neft sektorunun inkişafı ilə səciyyələnir. Onun əsas məqsədi qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsidir.

Bənzər yazılar