Mirzə Ələkbər Sabirin adını daşıyan fondun prezidenti, dahi satirikin nəvəsi Sevda xanım Tahirli hər il olduğu kimi bu il də şairin doğum günü ərəfəsində  jurnalistlərlə ənənəvi səhər yeməyi təşkil etmişdi. Səmimi keçən görüşdə Sabirlə baglı bu günə kimi hec yerdə yazılmayan və heç  kimə məlum olmayanlardan danişdı.

Sabir fondu necə yarandi

 Fondumuz Sabirin 150 illik yubileyi ərəfəsində yaranıb. Bu il Sabirin 155 illiyi, fondumuzun fəaliyyətə başlamasının5 yaşı tamam olur. Əsas məramımız Sabirin yaradıcılığını, əsərlərində təbliğ etdiyi ideyaları yaşatmaq, təbliğ etmək, təkcə Azərbaycanda deyil, Azərbaycandan kənarda tanınmasına şərait yaratmaq, hər hansı bir şəkildə dəstək olmaq, gənclərimiz arasında təbliğini aparmaqdır, müxtəlif maarifçilik ideyaları ilə fəaliyyət göstərmək. Çünki Sabirin yaradıcılığının əsas hissəsi maarifçilik üzərində qurulub. Sabirin yaradıcılığı ümumiyyətlə çox yönümlüdür, əsərlərində bizə çatdırmaq istədiyi ideyalarında həm yenilikçiliyin, maarifçiliyin təbliği vardı, həm də xurafatı, elmdən uzaqlaşmanı, həyat hadisələrinə kiçik pəncərədən baxmağı tənqid edirdi, həmin məqamlara işıq salırdı. İnsanda hər hansı bir məsələ ilə bağlı fikir o zaman formalaşır ki, onun səhv olduğunu, normanın, əsas meyarların nədən ibarət olduğunu dəqiq bilsin. Sabir də bunları dəqiq görürdü, bilirdi və onları digərlərinin də görməsi, bilməsi üçün həmin hadisələrə güzgü tuturdu.
Böyük bir simfonik əsər çalınmamışdan öncə bütün simli alətlər köklənirlər ki, qeyri simli alətlərə ton tutsunlar. Köklənirlər ki, falş çalmasınlar, yanlışlığa yol verməsinlər. Bu mənada mən belə qəbul edirəm ki, Sabir bir kamertondur. O, insanın ruhunu kökləyir, dürüstlüyə, vətənpərvərliyə, humanistliyə, insanpərvərliyə, yeniliyə, maarifə, elmə, vətənə bağlılığa, milli dəyərlərə dəyər verməyə, əxlaqa, ailəyə, valideynlərə, övlada münasibətə. Əgər bu gün sən evində nəsə yeyirsənsə, qonşudan da xəbərin olmalıdır, bəlkə ona hər hansı köməyin dəyə bilər deyə. Sabirin yaradıcılığında bütün bunlara, bir sözlə, insaniyyətə çağırış var. Bugünkü cəmiyyətdə humanist yanaşmaya ehtiyac var. Bu gün bəzi məsələlərdə çox irəliyə getmişik, dönüb arxadakıları da özümüzə çatdırmalıyıq. Bəzi məsələlərdə isə geri qalırıq, o üzdən özümüzü yüksək dəyərlərə qaldırmalıyıq. Sabirin əsərlərində də bu yanaşmanın hər tərəfi var və hər kəs o əsərlərdən yararlanıb özü üçün nəticə çıxara bilər. Fondumuz da fəaliyyətini məhz bu dəyərlər üzərində qurub.
Bu yaxınlarda orta məktəblərin birində Sabirin 155 illiyi ilə bağlı tədbir keçirildi. Kiçik yaşlı uşaqlar Sabirin şeirlərini elə obrazla ifa edirdilər ki, sanki yaşlarının az olmasına baxmayaraq söylədikləri şeirdə müəllifin əslində nə demək istədiyini tam başa düşürdülər. Humanitar Kollecdə də Sabirin şeirləri əsasında tamaşa hazırlanmışdı. Səhnənin tərtibatından tutmuş ən xırda detala qədər elə incəliklə tərtib olunmuşdu ki, hamısı bir harmoniya təşkil edirdi. Tələbələrin ifası çox mükəmməl idi. Elə bir Sabir seçmişdilər ki, az qalırdı özüm də Sabirin həyatda olduğuna inanım. Bütün bunları görəndə hiss edirəm ki, insanların qəlbindəki Sabir sevgisi bulaq kimi daxildən qaynayır.

“Sabirin qaraciyəri davamlı yaşadığı stress nəticəsində sıradan çıxıb”

 
– Demək ki, Sabir özünün də dediyi kimi vücudunu bu xalqın yolunda boşuna çürütməyib. 49 illik ömründə neçə əsrlər sonra belə milyonların ürəyində yaşayacaq qədər böyük fikirlərə imza atıb… 
– Sabir özü sağlığında da bilirdi ki, çox böyük bir missiyanın altına girib. O, cəmi 49 il yaşadı və qaraciyər xəstəliyindən vəfat etdi. Və məndə belə bir fikir formalaşıb ki, Sabir davamlı olaraq stress altında yaşadığından ciyəri sıradan çıxıb. Çünki müəyyən qrup insanlar var idi ki, Sabirin həyatını məngənəyə salmışdı, davamlı onlarla üz-üzə gəlmək məcburiyyətində idi. Sabiri sabun istehsalı sahəsində sıxıntı ilə üz-üzə qoyurlar, ailəsinə, özünə maddi çətinliklər yaradırlar. O da bütün bunların qarşısında nə qədər elastik  davransa belə keçirdiyi daxili gərginlik, stress orqanizmində fəsadlarını göstərməyə başlayır.
 Hər kəs öz dövrünün tələbinə uyğun olaraq davranıb. Sovet dönəmində də özününküləşdirmək xatirinə Sabir haqqında məlumatlar dövrün siyasətinin tələblərinə uyğunlaşdırılıb. Dərsliklərdə də təbliğat aparılıb ki, güya Sabir kasıb şair olub, kasıbların şairi olub. Ancaq mən orta məktəb illərində heç kimə deyə bilmirdim ki, axı həqiqətlər bu deyil. Atam bütün görüşlərində bildirirdi ki, gerçəkləri demək artıq böyük problemlərə yol açar. O zaman gərək bütün mənbələr dəyişərdi, təqdim olumuş və cəmiyyət tərəfindən qəbul olunmuş tədqiqatların üzərindən xətt çəkilərdi. Görünür belə olmalıymış…

“Sabir necə kasıb idi ki, onun evində hər kəsdə olmayan 40-lıq lampa yanırdı…”

 
– Atam danışırdı ki, əvvəla Sabirin evində o dövrdə hər kəsdə olmayan 40-lıq lampa yanırdı, kasıbın evində də elə bir lampa yana bilərdimi?! Bundan əlavə Sabir sabun istehsalı ilə məşğul idi və sabun bişirmək dilənçilik etmək deyildi. Sabun bişirmək biznes idi və Sabir bu istehsala sahiblənmişdi. Həm sabun istehsalı ilə məşğul idi, həm də satışını həyata keçirmək üçün dükanı var idi. Atam danışırdı ki, istehsal olunan hər sabun da satışa çıxmırdı, satışa ancaq ən yüksək keyfiyyətli sabunlar çıxarılırdı. Həftənin bəlli günlərində evlərinə çəlləklərlə quyruq, büzdüm gəlirmiş. Atam deyirdi ki, evimizdə heç nə də olmasa mütləq büzdüm bozbaşı bişirdi. Həyətlərindəki xoruz belə o qədər quyruq yeyirmiş ki, həyətdən kiminsə keçməsinə imkan vermir, üstünə cumurmuş.
Bizim bildiklərimizlə təbliğ olunan faktlar arasında ziddiyyətlər var. Onu da qeyd edim ki, Şamaxıdakı muzey Sabirin evinin quruluşu deyil. Atam öz xatirələrinə əsasən həmin evin maketin düzəltdirib. O maketdən görünür ki, Sabirin sabun bişirmə sexi də həyətində yerləşirmiş. Maketə baxanda görərsiniz ki, həyətdə bir ərik ağacı var. Həmin ərik ağacını babam atamın doğulması münasibətilə əkib. Atam Sabirin sonbeşik övladı olub.

 Sabirin məşhur “Cütcü” şeiri oğlunun  doğulmasına həsr edilib. 

– Atam doğulanda Sabir oğlunun salamat dünyaya gəlməsinə görə qurban kəsməyə gedirmiş. Səhər tezdən evdən çıxıb, xoş bir məramla, xoş bir missiyanı yerinə yetirməyə gedən Sabir yolda yer şumlayan cütcü ilə qarşılaşır. Və pozitiv əhvalda yazılmış “Cütcü” şeiri yaranır. Burda bir təzada da diqqət yetirməyinizi istərdim, baxın, o “kasıb” deyilən şair oğluna qurban kəsməyə gedirmiş…

– Sabir dükanını satib məktəb açır…

– Sabirin sabun istehsalına, daha doğrusu satışına mane olunandan sonra o, dükanını satır. Ancaq həmin pulu ailəsinə, uşaqlarına, evinə sərf etmir. Ən böyük arzusunu yerinə yetirir, elinin, millətinin balalarına elm, savad vermək üçün “Ümid” məktəbini açır. Sabir mənən çox zəngin insan idi və mənəvi zənginliyi ona imkan vermir ki, dükanının pulunu öz ailəsinə xərcləsin. Sabir məktəb açdı, bir müddət sonra şərtlər onu məktəbi bağlamağa məcbur etdi. Məktəbi bağlandıqdan sonra isə millətinin balalarına dərs vermək üçün  Bakıya gəldi.
Sabirin tədqiqatçılarından olan Alxan Bayramoğlu tədqiqatlarının birində qeyd edir ki, Balaxanıda dərs dediyi zaman dərslərinin gedişatı, effekti o qədər uğurlu qəbul edilib ki, Sabirin maaşına 20 manat əlavə olunub. O dövr üçün 20 manat böyük məbləğ olub. Bu fakt göstərir ki, Sabir müəllimlik etməklə belə müəyyən bir məbləği toplaya bilirdi. Topladığı vəsaitləri isə millətin yolunda xərcləyirdi. Bu başqa məsələdir ki, Sabirin səhhəti korlandıqdan sonra işləməyə, problemlərini həll etməyə fiziki imkanı olmur. Bir var ki, acınacaqlı yaşayıb, bir də var ki, qazandığını, imkanlarını xalqın yolunda sərf edərək acınacaqlı vəziyyətə düşüb. Sabir də tək özünü və ailəsini düşünmədiyindən xəstələnəndə müalicə üçün yetərli vəsaiti olmayıb.

25 il evli olmuş Sabirin əslində neçə uşağı olub: 8, yoxsa 11?  

– Atamın ən böyük bacısı 1888-ci ildə, atam isə 1908-ci ildə doğulub. Bu iki övladın arasında artıq 20 il fərq var. Bu rəqəmlərə baxanda 24-25 yaşında evlənən Sabirin 15 il yox, 25 ilə yaxın evli olduğu aydın olur. Uşaqların sayına gəldikdə isə, atam bu barədə vaxtilə çox yazılar yazıb. Həmişə qeyd edirdi ki, Sabirin uşaqlarının sayı axı 9 deyildi, niyə belə yazırlar? Əslində Sabirin 11 uşağı: 8 qızı, 3 oğlu olub. Oğlanlarından birini dünyaya gələn ərəfədə itiriblər. Sabirin övladlarının 3-dən başqa digərləri kiçik ikən, 1, 5, 8, 12 və s. yaşlarda dünyasını dəyişib. Bu da Sabirin yaşadığı dövr ilə bağlı olub. Elə bir dövr idi ki, tibbin insanlara yaxınlığı, səhiyyə, sanitariya, iqtisadiyyat baxımından təkcə Azərbaycanda yox, bütün dünyada vəziyyət acınacaqlı idi. Ola bilsin ki, yayılmış viruslar, həkimlərin əlçatmazlığı uşaq ölümlərinə böyük təsir edib.
Atam ən azı 50 il bundan öncəki yazılarında Sabirin uşaqlarının adbaad siyahısını tərtib etmişdi, hətta öldüyü yaşları da göstərmişdi. Sabirin cəmi 3 uşağı çox yaşayıb, 1988-ci ildə doğulan böyük qızı, ortancıl qızı və atam.
Image result for mirzə ələkbər sabir

Şairin sirdaşı Səriyyə Sultan haqqında …

– Sabirin “sirdaşım” dediyi Məşədi Səriyyə Sultan ailəli olsa da övladı olmayıb. Valideynləri vəfat edəndən sonra atamı o saxlayıb. O, atamı həm ailəsinin bir yadigarı, həm ata-anasının üzünü doyunca görməyən bir ailə üzvü kimi, həm də övladı kimi sevib, böyüdüb. Məşədi Səriyyə Sultan 1938-ci ildə vəfat edib. Atam ömrünün sonuna qədər hər həftə bacısının məzarını ziyarətə gedirdi və bizi də aparırdı. Və bu ziyarət təkcə gedib baş çəkim və gül qoyub geri qayıdım deyildi. Atam özünə orda məşğuliyyət tapırdı, zamanının müəyyən hissəsini orada keçirməyə çalışırdı. Məzarın yanına özü su çəkmişdi, üzüm tənəyi əkmişdi. Gedib tənəyi budayırdı, su xəttini təmir edirdi, fırça və boya aparıb ətrafı rəngləyirdi.
O vaxt atamdan soruşurdum ki, Səriyyə Sultan nədən vəfat edib? Danışırdı ki, 1938-ci ildə Səriyyə xanım qan itirib və ona əlavə qan vurublar. Qan vurandan  sonra rezursu düz gəlmədiyinə görə vəfat edib. Mən o zamanlar düşünürdüm ki, yəqin bu hadisə həkimlərin səhlənkarlığı, səriştəsizliyi ucbatından baş verib. Ancaq sonradan araşdıranda öyrəndim ki, 1938-ci ildə hələ qanın rezurs faktoru kəşf edilməyibmiş. Rezurs faktor məsələsi 1940-cı ildə kəşf edilib. Həmin ilə qədər qanköçürmələrin əksəriyyəti uğursuzluqla nəticələnirmiş. Həmin kəşf də mənim bibim üçün 2 il gecikib.
Onu da qeyd edim ki, Məşədi Səriyyə Sultan demək olar ki, bütün xatirlərini atama danışıb, atamla bölüşüb. Bəlkə də düşünüb ki, zaman gələcək atam da həmin xatirələri başqalarına danışacaq, yazacaq və beləcə Sabir haqqında məlumatlar olduğu kimi nəsildən nəslə, əsrdən əsrə ötürüləcək.

“Hophopnamə”nin xilaskarı Səriyyə Sultan…

 Məşədi Səriyyə Sultan Sabirin xəstə olduğu dönəmdə bir gün atası evinə gəlir və görür ki, atasının qanı qaradır. Səbəbini soruşanda Sabir bildirir ki, çox istəmişdim sağlığımda öz kitabımın çap olunduğunu görüm, ancaq alınmadı. Səriyyə Sultan bir söz demədən evinə gedir və az müddət sonra geri qayıdır. Əlində gətirdiyi balaca bağlamanı atasının qarşısına qoyub deyir ki, bunları sataq və sənin kitabını çap edək. Sabir bağlamanı açanda görür ki, içindəkilər qızının gəlinlik zinət əşyalarıdır. Sabir qızının bu istəyi ilə razılaşmır. Ancaq Səriyyə Sultan inad edir ki, kitabın satışından əldə olunan gəlirlə həmin zinət əşyalarını yenə də ala bilər. Sabir razılıq verəndən sonra baxırlar ki, əldə olan zinət əşyaları belə satılsa, Sabirin bütün əsərlərini çap etmək mümkün olmayacaq. O zaman Sabir öz əliylə şeirlərini seçir və ilk növbədə çap olunmasını istədiklərini ayırıb Səriyyəyə verir. Düşünürlər ki, əgər alınarsa, ikinci hissəsi də sonra çap olunar.  Ancaq yenə də Sabirin sağlığında kitabının çap olunması qismət olmur, Sabir dünyadan köçür. Sabirin hüzür məclisinə bir mərsiyyə deyən qadın gəlir və həmin qadın deyir ki, şairin öz mərsiyyələrindən gətirin, elə öz məclisini öz mərsiyələri ilə yola verək. Sabirin əsərlərindən ibarət boxçanı gətirirlər, şeirlər seçilir və beləcə məclis yola verilir. Aradan bir müddət keçəndən sonra fərqinə varırlar ki, həmin boxça yoxdur və həmin qadın da təsadüfi molla deyilmiş. Beləliklə Sabirin əsərləri yoxa çıxır.
“Hophopnamə”də toplananlar isə Sabirin o vaxt çap üçün seçərək Səriyyə Sultana verdiyi əsərləridir. 1912-ci ildə Sabirin kitab çapı məsələsi gündəmə gələndə Səriyyə həmin əsərləri ortalığa  çıxarır. Səriyyə Sultan atasının əsərləri itən vaxtda səsini çıxarmır ki, onda atasının seçilmiş əsərlərinin olduğunu bilsələr, bir yol tapıb onları da məhv edərlər. Kitabın nəşr olunması məsələsi gerçəkləşəndə əsərlərdən bir qisminin onda olduğunu açıqlayır. Beləliklə, bu gün əlimizdə olan “Hophopnamə” Məşədi Səriyyə Sultanın – Sabirin sirdaş qızının ayıq-sayıqlığı, cəsarəti, uzaqgörənliyi sayəsində əlimizdədir. Ona görə mən o qadını hər zaman böyük hörmətlə, ehtiramla anıram. O, çox böyük bir iş görüb.
Məşədi Səriyyə Sultanın məzarının üzərində belə yazılıb: “Azərbaycanın Xalq şairi Sabirin sirdaş qızı, “Hophopnamə”nin xilaskarı Məşədi Səriyyə Sultan Tahirzadə”.

“Sabirin heykəlini əvvəl yəhudi heykəltaraş yonmuşdu, 1958-də dəyişdirildi”

 
Image result for sabirin balaxanıdakı heykəli               Image result for sabirin heykəli
 
 

– 1922-ci ildə Sabirə qoyulan heykəl illər sonra nəyə görəsə dəyişdirilir….

– 1922-ci ildə Sabirin anadan olmasının 60 illiyi münasibətilə Nəriman Nərimanovun sərəncamı ilə Sabirə heykəl qoyublar və müəllifi yəhudi əsilli heykəltaraş Yakov İosifoviç olub. Həmin heykəl 1958-ci ilə qədər həmin məkanda qalıb. Ancaq sonradan heykəltaraşlar belə qərara gəliblər ki, həmin heykəldə milli cizgilər, Sabirdəki əzəmət yoxdur. Bir sözlə həmin heykəli Sabirə yaraşdırmırlar. Sabirdə bir başqa əzəmət olub, onun varlığı, mövcudluğu belə başqa mesaj idi. Görünür həmin əzəməti hiss etmədiklərinə görə belə fikrə gəliblər. Və ya nəyə görəsə Sabirin heykəlini milli heykəltaraşlarımızdan kimsə işləməlidir deyə düşünüblər. Dəqiq bilmirəm ki, həmin fikrin arxasında daha hansı qərarlar olub, amma fakt odur ki, 1958-ci ildə heykəl dəyişdirilib. Əvvəlki heykəlin yerində heykəltaraş Cəlal Qaryağdının hazırladığı heykəl qoyulub. Birinci heykəldə Sabir ayaq üstdə dayanmış vəziyyətdə təsvir edilmişdisə, yenisində oturmuş halda təsvir olunub.
Bir neçə il öncə yazılmışdı ki, Sabirin heykəli dəyişdiriləndən sonra Hüseyn Cavid gəlib heykələ baxıb və deyib ki, vay-vay, Sabiri də otuzdurdular. Çox maraqlı bir fakt idi. Ancaq məsələ burasındadır ki, Hüseyn Cavid 1941-ci ildə vəfat edib, həmin heykəl isə Cavidin vəfatından 17 il sonra qoyulub.
Qeyd edim ki, əvvəlki heykəl də indi qalır, Balaxanıdakı Sabir bağındadır və Balaxanı sakinləri həmin heykəli qoruyur. Bu il də Balaxanı sakinləri həmin heykəlin ətrafına toplaşaraq Sabirin 155 illik yubiyeni qeyd edəcəklər. Həmin tədbirə məni də dəvət ediblər. ( Rumiyyə Miraslan )

Bənzər yazılar