Rasim Mədəd: “Ailə tərbiyəsi ilə yanaşı ictimai tərbiyənin də olması vacibdir”


Qanunvericiliyə edilən son dəyişikliyə əsasən bundan sonra siqaret çəkən uşaqların valideynləri 250 manat məbləğində cərimə ediləcək. Maraqlıdır, valideynlərin cərimələnməsi uşaqların siqaretdən istifadəsini məhdudlaşdıra bilərmi? Cərimə hesabına bu problemi aradan qaldırmaq mümkündürmü?
Moderator.az-a açıqlama verən “Siqaretsiz Həyat” İctimai Birliyinin sədri Rasim Mədəd məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“Siqaretlə bağlı xeyli qanunlar qəbul edilib. Lakin bu qanunları qəbul etməklə yanaşı, onların  icrasını da təmin etmək lazımdır. Baxın, azyaşlılara siqaretin satılmasını yasaqlayan qanun layihəsi qəbul edilmişdi. Gəlin görək bu qanun icra olundumu? Əksər mağazalarda azyaşlılara siqaret bu gün də satılır. Belə olan halda valideynlərin cərimə edilməsi nə verəcək?
Valideyn uşağı düzgün tərbiyə etməlidir. Lakin tərbiyə yalnız siqaretlə məhdudlaşmır. Əgər siqaret çəkməyə görə valideyn cərimələnirsə, o zaman gərək digər məsələləri də qaldıraq. Spirtli içki, narkomaniya və s. kimi məsələlər mövcuddur.
Cərimə valideyn üçün sırf maddi ziyandır. Uşaq bu cərimədən nəticə çıxartmayacaq. Uşaq həm evdə, həm məktəbdə, həm də cəmiyyətdə tərbiyə alır. Uşaq kənara çıxıb ictimai tərbiyəni görmürsə, o zaman çox ciddi problemlər meydana çıxacaq. Bu gün bəzi yeniyetmələrə küçədə qarşılarına çıxan “dayı”dan utanmaddan siqaret istəyir. “Dayı” isə normal bir şey kimi çıxardıb yeniyetməyə siqaret verir, hələ bəzən özü onun siqaretini yandırır. Belə olan halda bu cərimə nəyi dəyişəcək? Uşaq bu “dayı”dan olmasa da, başqa bir “dayı”dan siqaret alıb çəkəcək.
Yeniyetmələrin asudə vaxtının səmərəli şəkildə keçirilməsini təşkil etmək lazımdır. Elə etmək lazımdır ki, uşaq siqaret çəkməyə, bu haqda düşünməyə vaxt tapmasın.
Hesab edirəm ki, bu problemin qarşısını almaq üçün ciddi maarifləndirmə işləri aparılmalı, həmçinin qəbul edilən qanunların icrasına nəzarət artırılmalıdır. Çünki bu problemin başlıca həlli maarifləndirmədən keçir”.
 
https://mektebgushesi.az

Bənzər yazılar