İyunun 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramı üzrə təqaüd qazanmış tələbələrlə görüşüb.
Görüşdə ADNSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Rafiq Camalov, Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə, DAAD-ın Bakı bürosunun rəhbəri Ştefani Düfo və DAAD təqaüdü qazanmış tələbələr iştirak edib.
ADNSU-nun rektoru, prof. Mustafa Babanlı Almaniyada təhsillərini davam etdirəcək tələbələrə uğurlar arzulayıb, onların ölkəmizi və universitetimizi layiqincə təmsil edəcəklərinə əmin olduğunu qeyd edib. DAAD proqramının azərbaycanlı tələbələrə Almaniyada təhsil almaq üçün geniş imkanlar yaratdığını deyən rektor, prof. M.Babanlı tələbə və müəllim mübadiləsi sahəsində, eləcə də ixtisasların akreditasiyası məsələsində DAAD-ın Bakı bürosu ilə sistemli şəkildə əməkdaşlıq olunmasının vacibliyini vurğulayıb.
“DAAD ilə əməkdaşlıq bizim üçün olduqca əhəmiyyətlidir. Hazırda ixtisasların akreditasiya olunması bizim üçün çox böyük önəm daşıyır. Bu işdə bizə DAAD-ın Bakı bürosu dəstək olub. Almaniyanın bu işdə böyük təcrübəsi olduğunu nəzərə alsaq, bu ölkə bizim üçün baza rolunu oynaya bilər. Buna görə də biz bu sahədə dayanmadan çalışmalıyıq. Həmçinin, alman tələbələrin ADNSU-da gəlib təhsil almaları bizim üçün yüksək nailiyyət olar”- deyə rektor, prof. M.Babanlı bildirib.
DAAD-a ötən illə müqayisədə bu il tələbələrin daha çox maraq göstərdiyini deyən DAAD-ın Bakı bürosunun rəhbəri Ş.Düfo bu il ümumilikdə ayrılmış 14 təqaüddən 3-nün məhz ADNSU tələbələri tərəfindən qazanılmasını universitetdə aparılan uğurlu tədrislə əlaqələndirib.
“Bu il DAAD-a tələbələr tərəfindən çox böyük maraq var idi. Qazanılmış hər bir təqaüd tələbə ilə yanaşı universitetin də uğurdur. Qeyd edim ki, bu il universitetlər arasında təqaüd üzrə böyük rəqabəti nəzərə alsaq ADNSU ilk yerdədir”- deyə Ş.Düfo bildirib.
Rektor M.Babanlı tələbələri bir daha təbrik edib, onlara tədris müddətində veriləcək tapşırıqları vaxtında yerinə yetirməyi və asudə vaxtlarını səmərəli keçirmələrini tövsiyə edib.
Qeyd edək ki, bu il ADNSU-nun ümumilikdə 4 tələbəsi Alman Akademik Mübadilə Xidmətinin təqaüdünü qazanıb. IV kurs tələbəsi Qurban Məmmədov təhsilini Almaniyada magistratura səviyyəsində davam etirəcək, II kurs tələbəsi Alıyeva Mehri isə DAAD-ın 1 aylıq yay məktəbində iştirak edəcək.
 
mektebgushesi.az

Bənzər yazılar