“Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir”

Azərbaycan Universitetində oğlan tələbələrə qeyri-rəsmi olaraq təhsil ocağına şortla gəlməyə qadağa qoyulub. Adı çəkilən universitetin İKT fakültəsində təhsil alan Əli Zeynallının mətbuata açıqlamasına görə, dünən dekan müavini zəng vurub, İKT fakültəsində oxuyanları təhsil müəssisəsinə dəvət edib. Tələbələr universitetə daxil olmaq istəyəndə, şort geyinən tələbələri mühafizə əməkdaşları buraxmayıblar. Mühafizə əməkdaşları bildiriblər ki, bununla bağlı tapşırıq verilib.
Ə.Zeynallı onu da bildirib ki, təhsil ocağına şortla daxil olmağa qoyulan qadağa heç bir yerdə rəsmi şəkildə qeyd olunmayıb.
Azərbaycan Universitetində tələbənin şortiklə daxil olduğuna görə, mühafizəçilər tərəfindən qovulmasına münasibət bildirən “Xəzər” Universitetinin rektoru, professor Hamlet İsaxanlı Sherg.az a açıqlamasında deyib ki, tələbənin universitetə nə geyinməyi tamamilə öz işidir. Yalnız orta məktəblərdə bu tip qadağaların qoyulması mümkündür:
“Çünki orta məktəbdə tələbə uşaqdır. Vahid məktəbli forması, müxtəlif geyim qaydaları tələb edirlər. Bu, başadüşüləndir. Ali məktəblərdə isə tələbə artıq yetişmiş vətəndaşdır. O, ürəyi istədiyi geyimlə universitetə gələ bilər. Şort da geyinsə, hicablı, qapalı da geyinsə, bu, qəbul olunmalıdır. Tələbəyə sırf geyiminə görə universitetdə irad tutulmasının əleyhinəyəm”.
Oğlan tələbələrin saqqal saxladıqlarına görə universitetlərdə tənqid olunmasına gəlincə, onlara da normal yanaşdığını söylədi: “Düzdür, saqqaldan xoşum gəlmir. Amma bu, tələbə və ya müəllim üçün tam sərbəst olmalıdır. Rektoru olduğum universitetdə çoxlu saqqal saxlayan tələbələr var. Bu da onların öz işidir. Bəziləri dəb xətrinə bunu edirlər, sonradan tənbəllikdən, ya da modadan saqqallarını saxlayırlar. Universitet niyə həmin tələbənin şəxsi geyiminə, saqqalına qarışmalıdır?
Buna baxmayaraq, tələbələr də çalışmalıdır ki, ətrafdakı insanlara, mühitə, tələbələrə pis təsir edən formada universitetə gəlməsin. Məsələn, çox çılpaq formada geyinib, dərsdə oturmasınlar. Əks halda uzun, qısa, şortiklə, saqqallı, saçı uzun, ya da qısa universitetə gəlməsi hər kəsin şəxsi işidir. Mənim şəxsi fikrim belədir və “Xəzər” Universitetində yaradılan mühit də budur.
Müəllim və ya tələbə olmasından asılı olmayaraq heç kimə deməzlər ki, niyə belə geyinmisən, niyə saqqallısan? Amma universitetin tərkibindəki “Dünya” məktəbində vahid məktəbli formasında, müəyyən qaydalara uyğun geyim tələb olunur”.
Yazar Sevinc Elsevər də ali təhsil ocaqlarında tələbənin geyiminə qadağalar qoyulmasının düzgün olmadığını deyib. Mentallığımızdan irəli gələn qadağaların onu həmişə qıcıqlandırdığını qeyd edən Sevinc xanıma görə, elə orta məktəblərdə də geyimdən əlavə məcburiyyətlər yaradırlar:
“Bilirsiniz, orta məktəblərdə ümumi şagird geyimi var. Ancaq bundan əlavə də qız uşaqları saçlarına ağ bant vurmalı, oğlanlar isə saçlarını tez-tez qırxdırmalıdır. Qızımın saçını hörməsəm, məktəbə getmək istəmir, deyir müəllimlər danlayırlar. Ali məktəblərdə şortik qadağası barədə isə danışmağa belə tərəddüd edirəm. Bizim çoxlu bədbəxtliklərimiz də var. Ola bilsin ki, təhsil ocaqlarında bu qadağalar həm də ona görə var ki, bu gün biri şortik geyinib gələndə, o biri gün də digəri başına əmmamə qoyub, əlinə təsbeh alıb gəlməsin. Həqiqətən bizim bədbəxtliyimiz çoxdu. Orta məktəblərdə, ali məktəblərdə ümumi geyim tələb edilməsi sadəcə məcburiyyətdən də ola bilər”.
Tələbələrin universitetə qısa şortla getməsini doğru addım hesab etməyən təhsil eksperti, Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü bunu tərbiyəsizlik kimi də görmür: “Bizim özümüzə xas əxlaq-mənəvi dəyərlərimiz var. Tələbənin məktəb geyimini hansısa qadağalarla məhdudlaşdırmağın tərəfdarı deyiləm, ancaq onlar da istədikləri formada gedib-gələ bilməzlər. Məktəblinin, tələbənin bəlli bir geyim forması olmalıdır. Bu gün tələbə universitetə şortla gedirsə, sabah da müəllimlərimiz şortik geyinib dərsə girəcək. Bu nə dərəcədə xoşagələn olar? Hər nə qədər qərbə inteqrasiya etmiş olsaq da, bizim kimi cəmiyyətlərdə belə hallar qəbuledilməz sayılır. Çimərliyə gedəndə, yaxud da istirahət məqsədi ilə şəhərdə gəzəndə gənclərin şort geyinməsi artıq bizdə əvvəlki kimi təəccüb doğurmur. Gözümüz öyrəşib. Mühafizəkar biri deyiləm, amma istənilən halda tələbələrin universitetə şortiklə getməsini normal qəbul etmirəm”.
Sosioloq Cavid İmamoğlu isə Azərbaycanda fəaliyyət göstərən bütün universitetlərdə geyim kodeksinin müəyyən olunmasını arzuolunan hesab edir. Tələbə həyatının bir növ karyera həyatının mənbəyi olduğunu vurğulayan sosioloqa görə, gənclər məhz ali məktəb dövründən özlərini iş həyatının məsuliyyətinə hazırlamalıdır: “Gənclərimiz tələbə vaxtlarından geyimin insanların inkişafı üçün nə qədər önəmli olduğunun fərqinə varmalıdırlar.
Yəni iş həyatlarında səliqə-səhmanlı görünmək üçün bu xarakteri universitet vaxtlarından formalaşdırmalıdırlar. Əgər Azərbaycan Universitetində tələbələrin şort geyinməsinə qoyulan qadağanın da arxasında onları gələcək iş həyatına hərtərəfli və məsuliyyətli bir kadr olaraq yetişdirməkdirsə, mən bu qərarı təqdirəlayiq hesab edirəm. Necə ki, biz məktəbə, universitetə gedəndə səhər tezdən yuxudan oyanmaq mədəniyyətinə sahib oluruq, o cür də geyim mədəniyyətini gözləməliyik. Yox əgər qadağalar şəxsi inkişafdan daha çox tələbələr üçün bürokratik əngəllər yaratmaq, onların hüquqlarını pozmaq məqsədi ilə həyata keçirilirsə, bu halda yolverilməzdir. Hətta universitetlər müəyyən etdiyi geyim kodeksini müqavilədə qeyd edə də bilər. Hansısa bir tələbə də həmin qaydaları öz dəyərlərinə zidd hesab etdiyi halda oxumaq üçün başqa bir ali təhsil ocağına üz tuta bilər. Belə olan halda ortada narazılıq üçün bir səbəb də olmaz”.(Şəymən)

 

Bənzər yazılar