Hörmətli Sabir bəy, böyük ustad!
Çox sağ olun bu qədər qiymətli vaxtınızı ayırıb mənim fikirlərimi təhlil etmisiniz. Zənn edirəm ki, bizim strateji baxışlarımızda hər hansı ciddi fərq yoxdu, hər ikimizin ali məqsədi millətimizin islam işğalına qədər dünya düzənində tutduğu nisbi rolu müasir dövrdə özünə qaytara bilməkdi. İslamın əsas dayağını təşkil edən üç millətin – Türklərin, Ərəblərin və Farsların İslamdan əvvəl dünya idarəçiliyində heğemon roluna qarşı hər üçü bu gün o qədər zəifləmişdir ki, dünya idarəçiliyində üçüncü dərəcəli toplumlara çevrilmişdir. Bunun səbəbi nə xristianlıqdı, nə yəhudilik, nə buddizm, nə regional və ya milli mənsubluqdu. Bunun tək səbəbi təkmilləşməsini və islahatlarını “kitabla” qadağan edən Şəriətdi. Ola bilməz ki, müxtəlif regionlarda yerləşən, müxtəlif millətlərə mənsub, müxtəlif idarəçiliyə, xarakterə malik 57 ölkənin hamısında eyni vəziyyət olsun: diktatura, monarxiya, korrupsiya, aclıq, səfalət, cəhalət, müharibələr, qırğınlar, daimi parçalanmalar, birlik olmaması və s. Bu bəladan qurtarmadan nə türk birliyi, nə elm, nə tərəqqi, nə inkişaf əldə edə bilməyəcəyik. Niyə bunu önə çəkdim, təəssüflər olsun bir çox ziyalılarımız bu doqmadan heç cür qurtula bilmir, burnunun ucundan bir az qabağı görə bilmir. Süleyman peyğəmbərin gözəl bir sözü var, perspektivini görməyən millətin sonu yoxdur. Bir əlli il sonranı təsəvvür edin, nə siz, nə mən çətin ki, həyatda olacağıq, millətimizin, öz övladlarımızın hansı çətinliklərlə qarşılaşacağını düşünün, bu gündən o çətinliklərə qarşı tədbirlər hazırlamaq lazımdı. Bu zaman nə top işləyəcək, nə tank işləyəcək, ağıllı beyinlər dünyaya yol göstərəcək. Milləti yalnız dar çərçivəli, normal öyrənmə vəsaitləri ilə belə təmin edə bilməyən milli dillə məhdudlaşdırmaq bu millətin, onun elminin, təhsilinin, səhiyyəsinin inkişafına, sizi və məni çox narahat edən öz milli dilimizin inkişafına olduqca pis təsir edəcək. Gerçəkliklə barışmaq məcburiyyətindəyik, İslam bizi elə kökə salmışdır ki, bir addım belə irəli getməyə imkanımız yoxdu. Qloballaşma günü gündən dərinləşir, yeni planetlər, onların resursları kəşf edilir, Yer kürəsi yavaş yavaş kiçik bir məmləkətə çevrilir, bu “daralan” Yer kürəsinin ümumi dili ilə yanaşı yeni yeni dillər ortaya çıxacaq, onların qayğısına qalmaq lazımdı. Orta əsrlərdə Avropalılar yeni qitələr kəşf edib, yeni dövlətlər quranda müsəlmanlar kiçik daxma və comalarda Allaha yalvaran kimi “Allah bizi bu şeytanlardan qoru”, yeni dövrlərdə Avropalılar fəzanı kəşf edəndə müsəlmanlar kimi əlini allaha tutub yalvaran  “Allah sənin işinə qarışan “şeytanlardan qoru” kimi xülyalarla yaşamaq vaxtı deyil, dünya, elm, texnika, tərəqqi dillərini öyrənməliyik, dünyaya qovuşmalıyıq, yeni məkanların, onların saysız-hesabsız resurslarında payımızı almalıyıq. Yer kürəsinin 10%-ni, yer kürəsinin və digər planetlərin əsas hissəsini, resurslarını  mənimsəyən, özü də sürətlə azalmaqda davam edən, həm də bu millətə elm öyrədən, islam cəhalətindən qoparıb 100% oxuma-yazma öyrədən millətin (emosiyaya qapılmayaq, hər nə qədər zərər vursa da, xidmətlərini də danmayaq, islam işğalı altında olan millətimizin digər daha böyük hissəsində bu gün də öz dilində oxuma-yazma hüququ yoxdu) dilini öyrənməliyik. Mən iqtisadçıyam və hər bir tədbiri populizm nöqteyi nəzərindən deyil, bu xalqa verə biləcək son fayda ilə təyin etməyə çalışıram. Hesab edirəm ki, bu daha düzgündü. İqtisadiyyatı güclü olan xalq hər şeyə qadirdi. Azərbaycan xalqı böyük iqtisadi gücə nail olmağa qadir xalqdı, yenə də bir əmma – Şəriat məhdudiyyətləri olmasa.
Bununla bərabər, cavabınızı təhlil edərkən, bir sıra anlaşmazlıqlara münasibətimi bildirmək istərdim:
1. Hər yerdə, mənim ingilis və rus dillərinin də dövlət dili elan olunması təklif verdiyim qeyd olunur, görünür, fikrimi mən daha açıq ifadə edə bilməmişəm. Mən hər yerdə türk dilinin (azərbaycan ləhcəsi) dövlət dili kimi elan olunmasını, həmçinin dünya dili ingilis dilinin və 200 ildir ki, həyatımızda geniş miqyasda istifadə olunan, çoxsaylı türk qardaşlarımızın əsas ünsiyyət dili olan, yerdə və fəzada böyük resurslara malik olan, özü də hər ildə bir milyon azalan, tarix boyu türklərlə iç içə yaşayan, ərazilərinin yarıdan çoxu vaxtilə türklərə məxsus olan, həm də yuxarıda göstərdiyim kimi mənim millətimə 100%-li yazıb oxumağı öyrədən bir millətin dilini rəsmi ünsiyyət dili kimi qəbul olunmasını təklif etmişəm. Siz böyük türkcüsünüz, bu hamıya bəllidir, dünya türklərinin çox hissəsi Sovet məkanında yaşayır, övladlarımız bu qardaşlarımızla necə ünsiyyət quracaq, bəli çox yaxşı təklifdi, ortaqtürk dili, gözəl ideyadı, amma bir əsr əvvəl təklif olunub, ortada nə var? Heç nə yoxdu. Heç  bir-biri ilə normal elmi dildə ünsiyyət qura bilmir, hətta Cənubi Azərbaycan Türkləri ilə elmi səviyyəyə keçərkən ya ingilis və ya başqa dillər ortaya girir.
2. Mənim mənəvi bütövləşmə nəticəm, ruslarla azərbaycanlılar deyil (mənəvi bütövləşmə, mənə elə gəlir ki, eyni millətlər arasında ola bilər), azərbaycanlılarla Rusiyada yaşayan türklər arasında mənəvi bütövləşmə olub. Bununla bərabər ruslarla da böyük düşmənçiliyimiz olmayıb, dostluğa aparan telləri və hissləri genişləndirmək lazımdı, düşmənçiliyi deyil. Osmanlıdan, ingilislərdən, fransızlardan çox müstəmləkəsi olan xalqlar olmayıb, amma indi əksəriyyəti dostluq və sülh şəraitində yaşayır. Azərbaycanı işğal edən və bölən ruslardan heç biri həyatda deyil, biz yeni nəsil ilə üz-üzəyik. Tarixi öyrənmək və qabartmaq gələcəyi gözəl qurmaq üçün lazımdı. Hər şey müqayisədə daha yaxşı dərk olunur: Rusiya ilə kiçik Azərbaycan (10 milyonluq Şimal) nələrə nail olub, İslamla 3-4 dəfə daha böyük Azərbaycan (35 milyonluq) hansı müvəffəqiyyət qazanıb. Bu fərqləri sizdən yaxşı bilən ikinci şəxs tanımıram.
3. Əldə olunan nəticələrin müqayisəli təhlili, görünür mənim günahımdır ki, yaxşı əsaslandıra bilməmişəm. Sizin fikrinizcə, rusca oxuyub bitirənlər milli hissləri o qədər gözəl ifadə edə bilməz. Mənim isə əlimdə kütləvi faktlar var ki, bu fikrin tam əksini deyir. Bir yalnız böyük ziyalı, şəxsiyyət, bütün təhsilini rusca alan,  rəhmətlik Nəcəf  Nəcəfovu yaxından tanıyan şəxs gərək ümumiyyətlə bu fikri dilə gətirməsin. O başqa şeydir ki, rus dilində gənclərə nə öyrədəcəyik: Kommunist partiyası tariximi və ya quran əzbərlətməkmi, yoxsa gerçək türk tariximi? Bu artıq işlədilən dildən deyil, öyrədən şəxsiyyətlərdən asılıdı. Ana dilimizin inkişafı, onun istifadə səviyyəsi iki olduqca əhəmiyyətli dillərin məhdudlaşdırılması ilə deyil, əksinə onlardan geniş istifadə etməklə gücləndirilə bilər. Daha bir gerçək müqayisəli faktla fikrimi əsaslandırmağa çalışacam. Qardaş Qazağıstanda sizin də mənim də çox hörmət etdiyimiz böyük türk milliyətçisi, türk dünyasının sevimlisi, “Az i ya” kitabının müəllifi O. Süleymanovun da dəstəyi ilə rus dilinə ikinci rəsmi dil statusu verilmişdir. Ukraynada rus dili qəti inkar olmuşdur, ukraynalı dostlarımız hətta belə bizimlə rusca danışmaqdan imtina edirdilər. Dil mübahisələri (əsas səbəb) bu iki ölkəni fəlakətə, qırğına gətirib çıxardı. Qazağıstan isə rus dilini istifadə etməklə: qazax dilini ana dili sayanların payını 38%-dən 70%-ə çıxardı; dövlət tərəfindən maliyyələşən dil qurumu yaradıldı (söylə.az), bütün qazax dilini pulsuz öyrədən onlayn dil proqramları yaradıldı, bu resurslara bütün xalqlar üçün pulsuz giriş imkanları yaradıldı, təhlükəsiz klaviatura, qrammatik redaksiya proqramları yaradıldı, latın əlifbasına keçid elan olundu, appldə, androiddə, windowsda əlifba sistemləri, çoxsaylı tədris proqramları yaradıldı (bunların əksəriyyəti heç Anadolu türkcəsində də yoxdu, siz də yazmışdınız ki, türk dilində rus dilindən çox material var, sanki bu çətinliklərlə heç rastlaşmamısınız), vaxtı ilə bizimlə eyni səviyyədə, hətta sürətli inkişafda olan bir çox islam ölkələrindən çox geri olduğu halda təhsil indeksinə görə dünya ölkələri içərisində 37-ci yerə, 57 müsəlman ölkəsi içərisində isə birinci yerə çıxdı. İndi isə Qazağıstan prezidentinin  2050-ci ilə qədər olan inkişaf proqramında ingilis dilinə  də rəsmiyyət verilməsi nəzərdə tutulur və bu istiqamətdə böyük hazırlıq işləri görülür.  həm də Rusiya kimi çətin bir dövləti özünə ən yaxın dost etdi, hətta onun təhlükəli enerjisini öz milləti üçün faydalı enerjiyə çevirə bildi. Ya elə Azərbaycanı müqayisə edə bilərik, dilimiz tək dövlət dilidi, amma heç bir inkişaf yoxdu. Elektron dünya şəraitində öz dilmizdə dünya informasiya axınının 5%-ni ala bilmirik, online dil proqramları, qramatika redaksiya proqramları, normal tərcümə proqramları yoxdur, dərsliklər, kitablar, nəşrlər, həm də elektron nəşrlər o qədər kasaddır ki, heç tam ibtidai təhsil üçün yetərli deyil. 40 milyon xaricdəki Azərbaycanlıların, yarıdan çox əli qələm tutan yerli əhalinin ana dilimizdə yazıları yalnız xəcalət çəkməyə yetir. Bunun günahı onlarda deyil, nə də rus və ingilisi geniş istifadə etməkdə deyil, əksinə, sizdə, məndə, Türk və Azərbaycan hökümətlərində, deputatlarındadı. Mənə müraciət edənlərin sayına görə hesab edirəm bu əhalinin yarıdan çoxu ana dilini öyrənmək istəyir, amma nə ilə, hanı bizim onlayn dil proqramlarımız, qramatika, redaksiya proqramlarımız, hanı bizim onlayn təhlükəsiz əlifbamız, onlayn dərsliklər, bəlkə, Azərbaycan və Türkiyə deputatlarının heç xəbəri yoxdur ki, qeyri-müsəlmanlar bütün dünyaya belə gözəl imkanlar yaradıb. Sabir bəy, sabah bir Cənublu doğma qardaşınız gəlib sizdən xahiş etsə ki, mənə dilimizin qramatikasını öyrədin, nə cavab verəcəksiniz, başqa çarəniz yoxdur, deyəcəksiniz ki, gəl Bakıya, müvəqqəti yerləş, kursa yazıl, filan qədər ödə və s. O isə sizə cavabında deyəcəkdi, Sabir bəy, haradadı məndə müvəqqəti yaşama icazəsi üçün 10 min dollar rüşvət verim, filan qədər təhsil haqqı, yaşamaq haqqı, viza haqqı, gediş-gəliş və s. Amma rus dilini rəsmi dil kimi qəbul edən bir qazax eyni müraciətə dərhal onlayn pulsuz-parasız qazax dil öyrətmə proqramlarının adresini verəcək, öz ölkəsinə gəlib yerləşmək üçün bütün zəruri şəraiti izah edəcək, hər ailəyə ev-eşik, şərait, 10 minlərlə dollar pul bonusu verilməsini deyəcək. Allah var eləsin, müasir qeyri müsəlman əsil peyğəmbərlər elə sistemlər qurub ki, onlayn dünyasında sərhədlər, dillər, millətlər, regionlar arası tikanlı məftillər silinib, buradan oturub, eyni qaydada yanında oturana da, uzaq Avsraliyada da, Yaponiyada da – hər yerdə dilimizi öyrədə bilərsiz və ya öyrənə bilərsiz. Amma bu resurslar yaradılmalıdı. Bu xəttləri, təlimatları, konstruksiyaları, proqramları xristianlar, yəhudilər, buddistlər, deistlər, ateistlər hazırlayıb, bizə qalan yalnız sözlərimizi və qaydalarımızı bu subctansiyalara yerləşdirək və istifadə edək. Ona da bacarığımız yetmir, amma Rusiyanı, Avropanı, Amerikanı, İranı, başqalarını günahlandırmağı bacarırıq, az çox ağlı kəsən beyinləri ölkədən didərgin sala bilirik, universitetləri, məktəbləri bağlaya bilirik, imamətibləri, nəhəng məscidləri genişləndirə bilirik. Dilimizin inkişaf problemlərini  burada axtarmaq lazımdı. Bacarıqlı toplumlar səhvləri özündə axtarar və dərhal da qərarı qəbul edər, zəiflər isə çalışar ki, öz səhvini də başqalarına yükləsin.
Qarşıya qoyduğumuz strateji məqsəd eynidi, amma nail olma metodlarımız azacıq fərqlənir, gəlin ən yaxşısını seçək. Amma bu müzakirələri rəhbərlik etdiyiniz qurumlarda müsəlman psixologiyası (Quran Nisə surəsi, 4-59: “Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr) sahiblərinə itaət edin”) ilə sizə itaət edən cahil kütlədən nə qədər uzaq tutsanız bir o qədər yaxşı olar. Siz dünyavi lidersiniz, ömür boyu bu cahil, mənfur müsəlman psixologiyasına qarşı mübarizə aparmısınız, demokratiya carçısı olmusunuz.(moderator.az)

Bənzər yazılar