Dərc olunub: 08.08.2017

“Azərbaycanda peşə sistemini inkişaf etdirmək labüddür, bizə sənət adamları, peşə adamları lazımdır”

Ölkəmizdə ilk peşə-ixtisas müəssisələri üçün təhsil haqqı aşağı salınacaq. Bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyinin peşə təhsili müəssisələrinin idarə edilməsi, keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri Amil Əlili məlumat verib.
Onun sözlərinə görə, ötən il ixtisasdan asılı olaraq, minimum 500 manat nəzərdə tutulurdusa, bu il qiymətlər 350 manatdan başlayır və 500 manata qədər dəyişir.
Maraqlıdır, təhsil haqqının aşağı düşməsi peşə müəssisələrinə olan marağı artıra bilərmi? Mövcud vəziyyətlə bağlı “Şərq”ə danışan təhsil üzrə ekspert Nadir İsrafilov qiymətlərin minimuma enməsini müsbət dəyərləndirib. Ekspertin fikrincə, qiymətlərdəki azalma peşə məktəblərinə olan maraq və tələbatı artıracaq:
“Peşə təhsili sovet dönəmində xeyli inkişaf eləmişdi. 9-cu sinifdən etibarən hamı peşə məktəblərinə gedirdi. Çünki o vaxt Təhsil Nazirliyi 3 qurumdan – Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Texniki Peşə Komitəsindən ibarət idi. Müstəqillik əldə edəndən sonra isə bütün bu qurumları birləşdirdilər və vahid Təhsil Nazirliyi yarandı. Beləliklə məktəbdənkənar müəssisələrə, o cümlədən texniki peşə məktəblərinə diqqət azalmağa başladı. Texniki peşə məktəblərinin maddi texniki bazasında israfçılığa yol verildi, dağıdıldı, bəzilərinin ərazisi qaçqınlara verildi. Bununla texniki peşə sistemi bir növ deformasiyaya uğradı. Daha sonra peşə müəssisələri ilə bağlı məsələ ciddi xarakter almağa başladı. Ölkəmizdə Avropa oyunları keçirilərkən təhsil naziri Mikayıl Cabbarov bildirdi ki, “Biz Avropa oyunlarına xidmət eləmək üçün kifayət qədər ixtisaslı peşə sahibləri tapa bilmirik”. Beləliklə Koreya Respublikası ilə xüsusi müqavilə bağlandı, ayrıca bir qurum kimi Peşə Agentliyi yarandı, prezident gənclərlə görüşündə peşə sisteminin inkişafına xüsusi diqqət yönəlməsini vurğuladı. Bütün bunlardan sonra necə deyərlər peşə ixtisası ilə bağlı buzlar “əriməyə” başladı”.
Ölkəmizdə peşə sisteminin mütləq inkişaf etdirilməli olduğunu vurğulayan N.İsrafilov dünyanın qabaqcıl ölkələri kimi Almaniya və Fransanın peşə adamları hesabına inkişaf etdiklərini də diqqətə çatdırıb:
“Azərbaycanda peşə sistemini inkişaf etdirmək labüddür, bizə sənət adamları, peşə adamları lazımdır. Yalnız maddi-texniki baza kifayət eləmir, peşə sisteminin inkişafı üçün stimullaşdırıcı tədbirlər də vacibdir. Bu baxımdan, ödənişlərin aşağı salınması şübhəsiz ki, peşə sisteminə olan marağı müəyyən qədər artıra bilər. Gərək peşə təbliğ olunsun. Sovet dönəmində peşə adamlarına şeirlər qoşulardı, ali sovetə deputat seçilənlərin şəninə mahnılar yazılardı. Amma yavaş-yavaş peşə adamlarına olan diqqət azaldı. Əvvəllər bizim qəhrəman neftçilərimiz, pambıqçılarımız vardı.
Bilmirəm bizdə mentalitetdəndir, ya nədəndir bu saat dəb düşüb gərək hər kəs ali məktəbə getsin. Mən sovet sistemini tərifləmirəm, lakin sovet dönəmində təhsildə tələb və təklif sistemi var idi. Biz bu saat kənd təsərrüfatını və digər iqtisadiyyat sahələrini inkişaf etdirməliyik. Təkcə ali məktəbi bitirməklə deyil axı, burda elə sahələr var ki, ora peşə adamı lazımdır. Biz diqqəti ancaq ali təhsilə yetirdik və bununla da peşə sistemini “kölgə” altına saldıq. Məsələn, tibb sahəsində orta personal var, bu orta personalın gedib Tibb Universitetini bitirməsinə nə ehtiyac var ki? Bu sahə paralel inkişaf eləməlidir, peşə sistemində ödənişləri azaltmaq və stipendiyaları artırmaqla stimullaşdırıcı tədbirlər görülsə, bu sahəyə olan marağı inkişaf etdirmək olar”.
Yeganə Bayramova

 

Bənzər yazılar