Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində 2017-2018-ci tədris ilinin başlanmasına və Bilik gününə həsr edilən təntənəli tədbir keçirildi.

Dövlət himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru prof.Elxan Hüseynov yeni tədris ilinin başlanması münasibəti ilə professor-müəllim və tələbə heyətini təbrik etdi, onlara təhsildə və əmək fəaliyyətlərində müvəffəqiyyətlər arzuladı. Son illər Azərbaycan təhsilində qazanılan nailiyyətlərdən və əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən islahatlardan söhbət açdı. Bildirdi ki, Ümummilli lider Heydər Əliyev dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmış, elmli-intellektuallı və bilikli cəmiyyət naminə bütün imkanların səfərbər edilməsinə çalışmışdır. Azərbaycanda aparılan davamlı təhsil islahatları, bu istiqamətdə irəli sürülən qabaqcıl ideyalar, reallaşdırılan məqsədyönlü layihələr təhsilin tərəqqisinə əhəmiyyətli töhfələr verir. Universitetin tarixi keçmişi, müasir inkişaf mərhələləri barədə məlumat verən rektor diqqətə çatdırdı ki, Sumqayıt Dövlət Universiteti yarıməsrdən çox tarixi inkişaf yolu keçən, yüksəkixtisaslı mütəxəssislər yetişdirən, güclü maddi-texniki bazaya malik olan, beynəlxalq əlaqələrini günü – gündən genişləndirən ali təhsil ocağıdır.

Prof.Elxan Hüseynov onu da qeyd etdi ki, universitetin hər üç tədris binasında və Sumqayıt Dövlət Texniki Kollecində təmir-tikinti işləri aparılmış, elmi-tədqiqat işləri aparmaq üçün laboratoriyalar yenilənmiş, istilik sistemi, yanğın təhlükəsizliyi sistemi və internetlə təchiz olunmuş geniş, işıqlı auditoriyalar təmir olunmuş və kitabxana zənginləşmiş, bir sözlə gənclərin peşəkar kadr kimi yetişmələri üçün hər cür şərait yaradılmışdır. Rektor yaradılan şəraitə görə Dövlət başçısına öz minnətdarlığını bildirdi və əminliklə vurğuladı ki, SDU cənab İlham Əliyevin diqqət və qayğısı ilə böyük uğurlara imza ataraq, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə bir sırada dayanacaqdır. Bu gün həmçinin ölkəmizin həyatında çox əlamətdar və tarixi bir gündür. “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlayır. Rektor bu səbəbdən də “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050 – ci ilə qədər uğurla uzadılması münasibətilə təbrik etdi, bu müqavilənin uzadılması və bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıdığını vurğuladı və universitetin kollektivi adından Azərbaycan Prezidenti cənab İlham Əliyevə təbriklərini çatdırdı.

Sonra tədbirdə qəbul imtahanlarında yüksək bal toplamış birinci kurs tələbələrinə xatirə hədiyyələri, tələbə biletləri və qiymət kitabçaları təqdim edildi

Universitetin professoru, əməkdar müəllim Həsən Sadıqov, yüksək balla Tarix və coğrafiya fakültəsinə daxil olmuş Günel Rəhimli, magistrantlar adından Gülşən Hüseynzadə, valideynlər adından 606 balla daxil olmuş tələbə Nərmin Həmzəyevanın atası Gülməmməd Həmzəyev çıxış edərək tələbə adını qazanan gəncləri təbrik etdilər, təhsilə və gəncliyə göstərilən dövlət qayğısından danışaraq, müəllim-tələbə heyətinə təhsildə və həyatda uğurlar arzuladılar.
Tədbir universitetin marşı ilə davam etdi.

Bu gün eyni zamanda SDU-nun nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecində Bilik günü keçirildi. Kollecin direktoru dos.Mətanət Pirquliyeva tədbirdə iştirak edən müəllim və tələbələri təbrik etdi, təhsilin inkişafı istiqamətində atılan məqsədyönlü addımlardan və əldə olunan uğurlardan söhbət açdı. Qeyd etdi ki, ölkəmizin davamlı və dayanıqlı inkişaf strategiyasında təhsil prioritet məsələ kimi həmişə Prezident cənab İlham Əliyevin diqqət mərkəzindədir. Mətanət xanım onu da bildirdi ki, kollec öz ənənələrini qoruyub saxlamaqla yanaşı, daim yeniliyə, uğurlara doğru böyük addımlarla irəliləyir. Tədbir pedaqoji heyət üzvlərinin çıxışları ilə davam etdi. Çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə müəllim və tələbələrə təbriklərini və xoş arzularını çatdırdılar.
 

Bənzər yazılar