Dərc olunub: 29.09.2017

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə Çovdar filiz emalı sahəsində istehsalat təcrübəsini müvəfəqiyyətlə başa vurduqları üçün sertifikat təqdim etdi. Daşkəsən rayonunda yerləşən emal sahəsində öz ixtisasları üzrə bilik və təcrübə qazanan tələbələr Bakıda Cəmiyyətin baş ofisinə dəvət olunaraq təltif edildilər.
 
Şirkətin Geoloji kəşfiyyat şöbəsinin müdiri, Geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Şəhbəddin Musayev tələbələri qəbul etdi, təcrübə proqramı müddətində gənclərin fəal iştirakını, öyrənmə həvəsinin yüksək olduğunu müşahidə etdiyini bildirdi. Ümumən təcrübəçilərdən razı qaldığını söyləyən şöbə müdiri proqramın nəticələrini yüksək qiymətləndirdi və gənclər məzun olduqdan sonra onlardan bu sahəyə marağı və öz fəaliyyəti ilə seçilən tələbələrin “AzerGold”a işə dəvət oluna biləcəyini diqqətə çatdırdı. Daha sonra Şahbəddin Musayev təcrübəçilərə sertifikatlar təqdim etdi,  istehsalat təcrübəsi zamanı fərqlənən tələbələr isə xüsusi sertifikatla təltif olundular.
 
Təcrübə proqramı “AzerGold” QSC-nin ölkədə dağ mədən sənayesinin elmi inkişafına dəstək mqəsədi ilə həyata keçirdiyi universitetlərlə elmi-praktik əməkdaşlıq layihəsi çərçivəsində ADNSU ilə bağlanan müqavilə əsasında həyata keçirilib. Universitetlə Cəmiyyət arasındakı razılaşmaya əsasən tərəflər bir-birinin maddi və qeyri-maddi resurslarından istifadə edərək qarşılıqlı əməkdaşlıq edirlər.
 
Təcrübə proqramı ilə universitetin Geologiya, Dağ-mədən mühəndisliyi, Qeyri-üzvi maddələrin texnologiyası ixtisasları üzrə təhsil alan tələbələr “AzerGold” QSC-nin Daşkəsəndə yerləşən filiz emalı sahəsində iyul və avqust aylarında qızıl və gümüş istehsalı işi ilə yerində tanış olub, prosesin bəzi hissələrində iştirak edə biliblər. Gənclər  filiz emalı prosesinin axtarış, planlama, qiymətləndirmə, kəşfiyyat, istismar, partlatma, qırma, topa aşındırma, laborator analizlər, adsorbsiya-desorbsiya, qızıl və gümüş tərkibli xəlitələrin tökülməsi proseslərini əyani surətdə öyrənirblər. Cəmiyyətin rəhbər nümayəndələri, müxtəlif şöbələrinin müdirləri tələbələrlə görüşüb, onlara mühazirələr deyib.
 
Tələbələr üçün Çovdar filiz emalı sahəsində qalmaq, qidalanmaq, işləmək və tibbi müayinə üçün hər şərait yaradılıb. Təcrübəçilərə işin hər bir detalı incəliklərinə qədər öyrədilib və gələcəyin peşəkarları yetişdirilib. Təcrübə proqramının mütəmadi davam etməsi və hər ay bir neçə tələbənin təcrübəyə dəvət olunması planlaşdırılıb.

Mektebgushesi.az

Bənzər yazılar