“Onsuzda övladlarımızı ödənişli kurslara göndəririk. Daha yaxşıdır ki, bunu məktəbdə təşkil edilən kurslarda həyata keçirək”.
Bu sözləri “Sherg.az”a orta məktəblərin özünümaliyyələşdirmə sisteminə keçməsinin valideynlər tərəfindən necə qarşılanacağından danışarkən psixoloq Aytən Ələkbərova deyib. Öz övladının da məktəbli olduğunu xatırladan psixoloq bildirib ki, valideynlər bu sistemə artıq hazırdır:
“Onsuz da məktəblərin özünü maliyyələşdirməsi yeni məsələ deyil. Məktəblərdə müxtəlif kurslar təşkil ediləcək, dərsdən sonra məşğələlər həyata keçiriləcək. Buradan qazanılan pulla orta məktəblər özünümaliyyələşdirməni təmin edəcək.
Övladlarımızı ödənişli kurslara hər il qoymalı oluruq. Rəsm kursları, maraqlı məşğələlər, müxtəlif fənlərdən bir qədər zəif olması ilə bağlı hazırlıq kursları və s. Beləliklə, valideynlər bir növ özlərini psixoloji cəhətdən buna hazırlayıb. Gələcəkdə övladımızın savadlı olmasını istəyiriksə, sözsüz ki onların təhsilinə investisiya qoymalıyıq. Uşaqlar da bundan səmərəli istifadə edir. Artıq məktəb vaxtı uşaqlar gəzintilərdən, kompüter oyunlarından uzaq dururlar. Bu situasiya yaxşıdır ki, kursların, hazırlıqların, təhsilin inkişafı üçün göstərilə canfəşanlığın səviyyəsi yüksəlir.
Əgər bir məsələ qanuni hal alırsa, valideynlərin də düşüncə tərzi dəyişir. Çünki konkret qanun verilib. Valideynlər əvvəllər məktəblərdə kurslar təşkil olunduqda bunun direktorların, ayrı-ayrı şəxslərin mənafeyinə xidmət etdiyini düşünürdülər. Bu gün isə artıq qanunla müəyyən edildiyindən belə fikirlər olmayacaq”.
Hazırda 5 yaşında uşaqlar üçün orta məktəblərin özündə hazırlıqların təşkil edildiyini xatırladan psixoloqun sözlərinə görə, valideynlər ilk gündən bunu normal qarşıladı:
“40 manat məbləğində ödənişi olan qanuni kurslar bazardakı digər məktəbəqədər kursların nüfuzunu da aşağı saldı. Çünki hər kəs övladının elə dərsə başlayacağı məktəbdə hazırlaşmasını istəyir. Bu insanlar arasında bərabərliyə də gətirib çıxardı. Məktəb direktorlarına qarşı mənfi yanaşmaların qarşısı alındı. Artıq hər kəs düşünür ki, bu qanundur və buna riayət etmək daha yaxşı nəticə verir”.
Qeyd edək ki, təhsilin inkişafına dair Dövlət Strategiyasına əsasən 2020-ci ilə qədər məktəblər özünümaliyyələşdirmə sisteminə keçməlidir.
Aysel Aslan

Bənzər yazılar