Mektebgushesi.az internet portalı ölkəmizdə rəqabət qabiliyyətinə söykənərək intensiv inkişafa rəvac verəcək daha bir sorğunu sona çatdırdı. 01 avqust – 30 sentyabr tarixində iki aylıq müddəti əhatə edən sorğunun qalibi Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) olub. Bu barədə bir qədər sonra…

Sorğular ümummilli problemlərimizin həllinə dəstəkdir

Əvvəlcə sorğuların vacibliyi, onların keçirildiyi subyektlərin maraqları, fəaliyyət tərzi və əhatə dairəsi barədə fikirlərimizi geniş ictimaiyyətə çatdırmaq istərdik. Ümumiyyətlə, bu sorğuları labüd edən səbəblər nədir?
Saytımız – adından da göründüyü kimi, təhsil, məktəb, ali məktəb sferalarının fəaliyyət dairələri barədə bilgiləri ictimailəşdirmək məqsədilə yaradılıb. Üstəlik bizlər bu sahəyə yalnız informasiyalarımızın mövzusu kimi baxmaqla kifayətlənə bilmirik. Çünki hər birimiz hər şeydən öncə Azərbaycan vətəndaşlarıyıq və ölkəmizin taleyüklü məsələlərinin həllində bilavasitə maraqlıyıq. Təhsil isə belə problemlərin biri, bəlkə də birincisidir. Gənc, müstəqil dövlətimizə bütün sahələr üzrə savadlı, bacarıqlı mütəxəssislər gərəkdir. Pedaqoji fəaliyyətdə, diplomatoyada, iqtisadiyyatda, səhiyyədə, kənd təsərrüfatında, elm sahəsində, texnologiyada… Belə mütəxəssisləri yetişdirməksə təkcə o kadrların iş yerlərindəki çalışmalarının təminatı üçün deyil, nəticə olaraq dövlətimizin modern ölkəyə çevrilməsində və dünya ölkələri içərisində özünəməxsus yer tutmasında xüsusi rol oynayacaq. Elə ona görə də təhsil probleminin köklü şəkildə həlli yalnız tədris prosesini həyata keçirənlərin problemi kimi deyil, ümummilli problemimiz kimi çözülməli, diqqətlərdə saxlanılmalı, onun keyfiyyətli inkişafının stimullaşdırılmasına töhfələr vermək hamımızın ən ümdə qayğısına çevrilməlidir. Mektebgushesi.az-ın kollektivi də elə bu əsasla “Təhsilin və idarəetmənin keyfiyyətinə görə hansı universiteti seçərdiniz?” nominasiyalı sorğusunu reallaşdırıb.

Mütəmadi dəyişən nəticələr

Səsvermənin gedişiatı mütəmadi olaraq monitorinq olunub. Bu müddət ərzində xüsusilə birinci beşlikdə yer tutan universitetlərlə ikinci beşlikdə qərarlaşan universitetlər arasında tez-tez yerdəyişmələr nəzərə çarpırdı, yerlər dəyişirdi. Sorğu iştirakçıları hər halda xüsusi təmkinlə ölçü-biçi aparıb nəticələrə təsir edirdilər. Kənardan proses bir bilik yarışmasına münasibəti özündə ehtiva etmiş təsiri bağışlayırdı müşahidəçilərə. Nəhayət, sorğunun müddəti başa çatdı və nəticələr…
Ötən sorğumuzdan fərqli olaraq bu dəfəki sorğuda abituriyentlər də iştirak imkanı əldə ediblər. Daha doğrusu, sorğu ali məktəblərə qəbul üçün universitetlər seçimi dövründə həyata keçirildiyindən onlar da sorğuda iştirakda fəallıq nümayiş etdiriblər. Bu isə respondentlərin sayında kəskin artımla müşayiət olunub. Ümumilikdə sorğuda 17.948 respondent iştirak edib. Sorğu internet üzərindən – virtual şəkildə keçirildiyindən iştirakçı-respondentlər təbii ki, onlara şəxsən müraciət olunmadan – könüllü şəkildə öz münasibətlərini sərgiləyiblər. Sorğuda liderliyi isə 4288 səslə Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) qazanıb. Bu, universitetin ölkə vətəndaşları tərəfindən sevilib-seçildiyinin, universitet kollektivinin bu təhsil ocağının gərəklilik əmsalını Azərbaycan boyu təqdim edə bilməsinin əyani nəticəsidir desək, yanılmarıq.
Hələ “Müəllim-tələbə münasibətlərinin səviyyəsini” səciyyələndirən ötən sorğumuzun nəticələrinin əyani müşahidəsi zamanı bizlər də burada yaradılan yüksək keyfiyyətli təhsil atmosferi və öz adına müvafiq təşkil edilən aqrar texnologiya və bitkilər, eləcə də canlı orqanizmlər üzərində qurulan tədrislə tanışlıq imkanı əldə etmiş və gördüklərimizi media vasitəsilə işıqlandırıb geniş ictimaiyyətin diqqətinə çatdırmışdıq. Universitetin rektoru, kənd təsərrüfatı elmləri doktoru, professor İbrahim Cəfərovun şəxsən iştirakı ilə birbəbir gəzib tanış olduğumuz dərslərin tədrisi və canlı auditoriyalar barədə müfəssəl məlumatlar vermişdik. Yeri gəlmişkən, burada keçirilən yüksək səviyyəli tədrisin nəticəsidir ki, artıq ADAU-nun mütəxəssislərinə etibar edilərək ölkəmizin dövlət qurumlarından, iri təsərrüfatlarından, şirkətlərdən yüksək əmək haqqı vəd edilməklə savadlı kadrlar sifariş olunur. Bu isə davamlı rəqabətdə qalib çıxmaqla yanaşı, dünyanın inkişaf etmiş ölkələrindəki analoji kadr seçiminin ölkəmizə də ayaq açmasını göstərən danılmaz faktlardan biridir. Təbii ki, rəqabətlilik şəraitində hər bir sahibkar onun mal-mülkünü daha sağlam saxlamaq iqtidarında olan mütəxəssislə işləməyə üstünlük verir ki, həm təsərrüfatı qorunsun, rentabelliyi artsın, həm də digər sahibkarlara bazarda uduzmasın. Buna isə gözəl tədris görmüş və canlı auditoriyalar üzərində təlimlər keçmiş, eyni zamanda güclü nizam-intizam mühitində universitet bitirmiş mütəxəssislər vasitəsilə nail olmaq mümkündür ki, bu gün ADAU belə savadlı kadrlarla demək olar ki, zənginləşib. Ona görə belə seçimin olmasını bir qədər də təbii hesab edirik.
ADAU-da olarkən müşahidə etdiyimiz digər amil burada quru sözçülüyə, yersiz təbliğata vaxt ayrılmaması idi. Hamı öz işi ilə məşğul olduğundan daxili rəqabət də hərənin öz üzərinə düşən işi necə yerinə yetirəcəyi üzərində qurulmuşdu. Bu da müasir təhsil sisteminin başlıca əlamətlərindən biri kimi diqqətimizi xüsusi olaraq cəlb etmişdi. Elə respondentlərin seçimində də, hətta çox güman ki, onların universitet seçimində də bu amil az rol oynamayıb.

İlk beşliyə sözardı

İlk beşlikdə yer alan digər universitetlər sırasında 2-ci yeri 4215 səslə Bakı Dövlət Universiteti (BDU), 3-cü yeri 2291 səslə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) , 4-cü yeri 2235 səslə Azərbaycan Dövlət Pedoqoji Universiteti (ADPU), 5-ci yeri 2133 səslə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) bölüşdürüb. Bu universitetlər də daim ölkə əhalisinin diqqət mərkəzində olub. Bu amil də yəqin ki, seçim zamanı nəzərə alınıb. Adıçəkilən universitetlərdə aparılan modernləşdirmə və rəqabət qabiliyyətli kadr potensialının hazırlanması məqsədilə görülən işlərlə əyani tanışlığımıza müvafiq şərait yaradılarsa, onların da təhsilin keyfiyyətinə verdiyi töhfələr barədə ölkə ictimaiyyətini məlumatlandıracağıq.
Nəzirməmməd Zöhrablı

Bənzər yazılar