İŞİD-dən qurtulmuş körpələri başlı-başına buraxsaq, gələcəkdə çox təhlükəli adamlar olarlar

“Bağdaddakı azərbaycanlı uşaqların ölkəmizə göndərilməsi üçün İraq hökumətinin qərarını gözləyirik”. Bunu Azərbaycanın İraqdakı müvəqqəti işlər vəkili Ramiz Qafarov deyib. Qafarov bildirib ki, hazırda bu istiqamətdə əlaqədar qurumlarla işlər aparılır və siyasi qərar verilməlidir:
“İŞİD-dən xilas edilən uşaqlar və valideynləri ilə bağlı rəsmi yazışmalarımızı davam etdiririk. İraq hökumətinin onların Azərbaycana göndərilməsi ilə bağlı müsbət qərarı olmalıdır. Burdakı qurumlar da bu işdə bizə köməklik göstərməyə çalışır”.
Vəkilin sözlərinə görə, Bağdadda tapılan uşaqların sırasında azərbaycanlı olduğu təxmin edilən digər kimsəsiz uşaqların da Azərbaycana qaytarılması üçün işlər görülür:
“Tək Abdulla yox, azərbaycanlı olduğu güman edilən başqa kimsəsiz uşaqlar da var ki, onların da bizə təhvil verilməsi, Azərbaycana göndərilməsi üçün işlər aparırıq. Bununla bağlı İraq hökumətinə rəsmi müraciət etmişik. Uşaqların bəziləri körpədir, danışa bilmir. Sənədi olan və olmayanlar var. Buna görə bəzi çətinliklər yaranır. Elə uşaqlar var ki, valideynləri yanındadır və onlar düşərgələrdə yerləşdirilib. Valideynləri yanında olmayanlar isə kimsəsizlər sığınacağında saxlanılır. Onlar üçün hər cür şərait yaradılıb”.
Məsələ ilə bağlı “Şərq”ə açıqlama verən tanınmış sosioloq-alim, professor Əhməd Qəşəmoğlu deyib ki, Azərbaycana gətirilən uşaqlara ciddi şəkildə psixoloji xidmət göstərilməlidir:
“Onlar xüsusi rejimdə uzun müddət nəzarət altında saxlanılmalıdırlar. Adaptasiyanın xüsusi metodları var. Amma elə etmək lazımdır ki, hansısa xidmət mərkəzi bir neçə ay uşaqlarla məşğul olub, sonra küçəyə buraxmasın. Çünki bu uşaqların əsəbləri pozulub, gərgin vəziyyətdə qalıblar. Çalışmaq lazımdır ki, cəmiyyət üçün faydalı adamlar olsunlar. Onları başlı-başına buraxsaq, gələcəkdə çox təhlükəli adamlar olarlar.
Kiçik yaşda psixoloji zərbə almış şəxslər, sonradan çox asanlıqla cəmiyyət üçün təhlükəli qruplara qoşula bilər, cinayətə əl atarlar. Ancaq o cür çətinlikləri görmüş uşaqların içindən yaxşı jurnalist, yazıçı, rəssam və başqa peşə sahibləri yetişdirə bilsək, görün, o zaman həmin adamlar yaşadıqları hadisələri necə dərindən analiz edərlər. Onların sağlam fəaliyyəti cəmiyyətə müsbət təsir edə, maarifləndirə bilər”.
Professor bildirib ki, travma almış adamlarda sosiallaşma normal getmir:
“Kiçik yaşlı uşaqlarda həm psixoloji cəhətdən, həm də sosiallaşma baxımından harmonik inkişaf getməlidir. Lakin dəhşətlər görmüş uşaqlarda bu proses çox pis şəkildə gedir. Meşədə yaşayan uşaq cəmiyyət içinə düşəndə necə uyğunlaşa bilmirsə, həmin uşaqlar da o cürdür. Bu səbəbdən azyaşlılarla sadəcə 4-5 ay məşğul olmaq heç bir nəticə verməyəcək”.
İsmayıl

 

Bənzər yazılar