Xəbər verildiyi kimi, oktyabrın 6-8-də Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisi keçiriləcək. “İnsan kapitalı sərvətimizdir” devizi altında təşkil ediləcək sərgidə son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunacaq. Təhsil Nazirliyinin stendləri bu il daha geniş sahəni əhatə edəcək. Sərgi iştirakçılarına “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu, “Sağlam təhsil-sağlam millət”, “Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendləri təqdim ediləcək. Sərgidə fəaliyyət göstərəcək lektoriyada mühazirələr oxunacaq, startapçılar çıxış edəcək və təqdimatlar nümayiş olunacaq. Səhnədə isə respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatları öz bacarıqlarını təqdim edəcək və milli rəqslər ifa olunacaq. Sərginin baş sponsoru Respublika fənn olimpiadalarının təşkilinə və “Azərbaycan üçün öyrət” proqramının həyata keçirilməsinə dəstək göstərən Kapital Bankdır. Sərgi həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən də dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.
Bu il sərgi geniş işgüzar proqramı ilə fərqlənəcək, həmçinin sərgi çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol” adlı seminar təşkil ediləcək. Sərgi çərçivəsində Almaniya, Avstriya, Belarus, İtaliya, Latviya, Litva, Macarıstan, Rusiya, Rumıniya, Sinqapur, Slovakiya və digər ölkələr universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim ediləcək.
Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, sərgidə ölkəmizin digər ali təhsil müəssisələri ilə yanaşı, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) də iştirak edəcək. ADPU-nun bu sərgidə iştirak etməsi üçün universitetin rektoru, professor Cəfər Cəfərov müvafiq əmr imzalayıb. Həmin əmrə əsasən yaradılan Təşkilat Komitəsinə sərgiyə hazırlıqla bağlı bütün təşkilati-texniki və təchizati məsələləri həll etmək tapşırılıb. ADPU-nun sərgidə nümayiş etdirəcəyi stenddə universitetin strukturu, tədris və elmi fəaliyyəti, çap edilən kitabları, bukletləri və digər çap materialları yer alacaq.
Sərgi haqqında ətraflı məlumatı, eləcə də elektron dəvətnaməni www.eduexpo.az saytından əldə etmək mümkündür.
Mektebgushesi.az

Bənzər yazılar