Belqrad Universitetinin filologiya fakültəsində “Melissa – İpək Yolu üzərində kitabxanalar” (Melissa – Libraries along the silk road) mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfransın açılış mərasimi Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və ölkəmizin Serbiyadakı səfirliyinin dəstəyi ilə Belqrad Universitetinin filologiya fakültəsində yaradılmış Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində təşkil olunub.

Azərbaycan Dillər Universitetindən AZƏRTAC-a bildirilib ki, ADU-nun da təşkilatçılarından biri olan konfransda İran, Bolqarıstan, Bosniya və Herseqovina, Serbiya, ABŞ, Monteneqro, İtaliya, Azərbaycan və digər ölkələrdən bir çox alim və mütəxəssislər iştirak ediblər. Konfransda xüsusi qonaq qismində ADU-nun rektoru, akademik Kamal Abdullanın videolink vasitəsilə yayımlanmış çıxışı iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. K.Abdulla konfransın nəinki iqtisadi sahədə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi baxımından vacibliyini vurğulayıb və gələcəkdə bu konfransın İpək Yolu üzərində yerləşən digər dövlətlər və universitetlərdə keçirilməsi arzusunda olduğunu bildirib.

Tədbir çərçivəsində “Dövlətlərin mədəniyyət siyasəti və kitab mədəniyyəti”, “Rəqəmsal humanizm kontekstində transkulturalizm”, “Yeni semantik qətnamə üçün cəmiyyət, kommunikasiya və inkişaf”, “Kitabxana transkulturalizmin güzgüsü”, “İpək Yolu mədəniyyətində Azərbaycan və Serbiyanın perspektivləri” və digər mövzularda müzakirələr aparılıb.

Konfransın açılış mərasimində Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, eyni zamanda, Novi Sad Universitetinin professoru Zərifə Əlizadə, mərkəzin əməkdaşı Samirə Ağayeva və ölkəmizin Serbiyadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Mektebgushesi.az

Bənzər yazılar