Azərbaycan Universitetində “Lələtəpədə yazılan dastan” filminin ilk nümayişi olub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali məktəbin məzunu və Aprel şəhidi Fəxrəddin Qurbanlının xatirəsinə həsr olunan sənədli film Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Universitetin rektoru Səadət Əliyeva F.Qurbanlının tələbəlik illərinə nəzər salıb, onun çalışqan və məsuliyyətli tələbə olduğunu bildirib. Qeyd edib ki, hərbi xidmətdə də Vətənin keşiyində eyni məsuliyyətlə dayanan, gözünü qırpmadan düşmən üzərinə gedən şəhidin ömür yolu gənclər üçün nümunədir.

Diqqətə çatdırılıb ki, yüksək biliklərə malik olmaq, öz ixtisasını mükəmməl bilmək və ona yüksək peşəkarlıqla yiyələnmək kimi keyfiyyətlər də Vətənə bağlılığın və ona xidmətin meyarlarındandır.

Rektor Prezident İlham Əliyevin şəhid ailələrinə yüksək diqqət və qayğısını xüsusi vurğulayıb.

Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri və layihənin rəhbəri Rövşən Ağamalıyev layihə haqqında məlumat verib. Bildirib ki, film Aprel döyüşlərinin tariximizdə şanlı zəfər kimi yer tutmasına ictimai dəstək və maarifləndirmə məqsədilə çəkilib.

Tədbirdə Səadət Əliyeva Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyinin Fəxri fərmanı ilə təltif olunub. Bildirilib ki, Fəxri fərman universitet tərəfindən “Şəhid Fəxrəddin Qurbanlı” təqaüdünün təsis olunması və filmin çəkilişində göstərilən dəstəyə görə təqdim olunur.

Şəhidin atası Seyfəddin Qurbanlı dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Sonra “Lələtəpədə yazılan dastan” sənədli filmi nümayiş olunub. Filmdə şəhidin ailə üzvləri, orta məktəb və universitet müəllimləri, sinif və qrup yoldaşları, yaxınları Fəxrəddin Qurbanlının ömür yoluna işıq salır, onunla bağlı xatirələrini bölüşürlər.

 

Mektebgushesi.az

Bənzər yazılar