Avropa Komissiyasının Horizon 2020 Maria Skladovska Küri Proqramı tərəfindən maliyyələşdirilən “Biliyin mübadiləsi və akademik mədəniyyətlər humanitar elmlərdə, Avropa və Qara dəniz bölgəsi” layihəsi üzrə Yunanıstanın Saloniki şəhərinin Beynəlxalq Ellin Universitetində Azərbaycandan bir qrup alim elm mübadiləsi üzrə fəaliyyət çərçivəsində elmi tədqiqat aparıblar.

Arxeologiya və Etnoqrafiya İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihənin Azərbaycan üzrə milli əlaqələndiricisi AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Zaur Həsənovdur.

Layihənin 2018-ci il üzrə ilk tədbirləri aprelin 19-dan 21-dək Beynəlxalq Ellin Universitetində keçirilib. Aprelin 19-da Zaur Həsənovun iştiraki ilə layihənin orta-rüb hesabat seminarı olub. Seminarı professor Karl Kayzer və onun həmkarı Dominik Qutmeyr aparıblar. Seminarda Horizon 2020 Maria Skladovska Küri proqramı layihələri üzrə məsləhətçi Adam Valenndzik milli əlaqələndiricilərin hesabatlarını qəbul edib.

Aprelin 20-21-də Beynəlxalq Ellin Universitetində layihənin “İnstitutların yaranması və xarici hakimiyyət altında tədqiqatlar” adlı konfransı keçirilib. Zaur Həsənov konfransın “Azərbaycan və Qərbi Avropa arasında maarifləndirmə fikirlərinin mübadiləsi” bölməsinin moderatoru qismində, habelə həmin bölmədə AMEA A.Bakıxanov adına Tarix İnstitutunun üç əməkdaşı iştirak edib. Tarix üzrə elmlər doktoru İradə Bağırova “XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik hərəkatı”, tarix üzrə fəlsəfə doktoru Nərgiz Axundova “XIX əsrdə Azərbaycan maarifçilərinin şərqşunaslıq tədqiqatlarına töhfəsi”, tarix üzrə fəlsəfə doktoru Şamil Rəhmanzadə isə “Avropa Yeni çağının fikirlərinin Azərbaycanda modernləşdirici ictimai fikrə təsiri (XIX əsr)” mövzuları ilə çıxış ediblər.

2018-ci il iyulun 7-dən 10-dək Arxeologiya və Etnoqrafiya İnstitutunun iki əməkdaşı – Zaur Həsənov və Orxan Zamanov, həmçinin Tarix İnstitutunun əməkdaşı Nərgiz Axundova Beynəlxalq Ellin Universitetində elmi ezamiyyətdə olublar.

Zaur Həsənov və Orxan Zamanov universitetin “Antik arxeologiya və Makedoniyanın qədim tarixi” ingilis dilli magistr proqramının rəhbəri, antik dövr arxeologiyası üzrə mütəxəssis, professor Manolis Manoledakislə və onun əməkdaşı doktor Nikos Akamatislə görüşüblər. Görüş zamanı gələcəkdə bu proqram çərçivəsində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun “Antik dövr arxeologiyası” şöbəsi ilə əməkdaşlıq haqqinda danışıqlar aparılıb.

Layihə iştirakçıları, həmçinin Saloniki şəhərinin məşhur və qocaman ali təhsil müəssisəsi olan Aristotel Universitetinin tarix və arxeologiya fakültəsinin dekanı professor Emmanuel Voutirasla və fakültənin professoru Barbara Şmidt-Dounasla görüşüblər. Azərbaycanlı alimlər görüş ərzində antik dövr arxeologiyası problemlərinə dair elmi diskussiya aparıb, yeni tədqiqat mövzuları və nəşrlərlə tanış olub, yerli alimlərin iş metodikası ilə maraqlanıblar. Müxtəlif bölgələrdə antik dövr xronologiyası problemi diskussiyaların xüsusi maraq mərkəzində olub.

Beynəlxalq Ellin Universitetinin professoru, Horizon 2020 layihəsinin Yunanıstan üzrə milli əlaqələndiricisi Giorgos Antoniou azərbaycanlı layihə iştirakçıları ilə görüşüb, onlarla elmi və akademik fəaliyyətin inkişafı məsələlərini müzakirə edib. Həmçinin layihə çərçivəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və birgə elmi işlərin aparılması perspektivləri başlıca müzakirə mövzusu idi. AMEA-nın alimləri, həmçinin Makedoniya Tarix Cəmiyyətinin əməkdaşları professor İakovos Mixailidis və tədqiqatçı Aleksandra Perhanidou ilə görüşüb, geniş fikir mübadiləsi aparıb və cəmiyyətin fəaliyyətilə tanış olublar.

Horizon 2020 proqramı üzrə Yunanıstanda elmi ezamiyyətdə olan azərbaycanlı alimlər Beynəlxalq Ellin Universitetinin və Aristotel Universitetinin kitabxanalarında elmi tədqiqat işləri aparıblar.

Salonikidə olduqları müddətdə Azərbaycan nümayəndələri şəhərdəki və ondan kənarda yerləşən dünya şöhrətli tarixi və arxeoloji abidələri ziyarət edib, unikal tapıntıların saxlanıldığı muzeylərdə olublar. Qeyd edilənlərə Qədim Makedoniyanın tarixi paytaxtlarının xarabalıqları olan Vergina və Pela qədim şəhər yerləri, Verginada Makedoniyalı İsgəndərin atası İkinci Filipin mavzoleyi aiddir. Həmçinin Salonikidəki nəhəng arxeoloji muzeyin və açıq hava altındakı “Roma Aqorası” arxeoloji muzeyinin materialları ilə tanış olublar. Layihə iştirakçıları Saloniki şəhərində yerləşən Mustafa Kamal Atatürkün doğulduğu ev-muzeyini də ziyarət ediblər. Muzey şəhərin ən məşhur turizm yerlərindən biridir.

Hazırda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Valeh Ələkbərov Beynəlxalq Ellin Universitetində layihə çərçivəsində elmi tədqiqatlarını davam etdirməkdədir.

Bənzər yazılar