Azərbaycan Universitetində keçirilən ənənəvi “Azərbaycan Xalq Cümhuriyyəti-100” mühazirəsinin növbəti qonağı Cümhuriyyət irsinin araşdırıcısı, tarix elmləri doktoru, professor Nəsiman Yaqublu olub.

Universitetdən Mektebgushesi.az-a bildiriblər ki, tədbirdə ali məktəbin elmi işlər üzrə prorektoru, professor Yusif Qasımov ölkəmizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyinin dövlət səviyyəsində qeyd olunduğunu söyləyib. Diqqətə çatdırılıb ki, Azərbaycan Universitetində də il ərzində bu istiqamətdə müxtəlif tədbirlər keçirilib.

Prorektor Yusif Qasımov Nəsiman Yaqublunun tədqiqat sahəsi haqqında məlumat verib. Bildirib ki, tarixçi alimin “Cümhuriyyət qurucuları” kitabı 100 illik yubileyə ən layiqli töhfələrdən biridir. Uzunmüddətli ciddi axtarış və tədqiqatların nəticələrini əks etdirən kitabda Cümhuriyyətin qurucuları haqqında dolğun məlumat öz əksini tapıb.

Nəsiman Yaqublu qeyd edib ki, kitab 23 ay ərzində əsasən dövlət idarəçiliyinə başçılıq etmiş nazirlərin həyat və fəaliyyəti haqqındadır, bu görkəmli şəxsiyyətlərin qısa müddət ərzində gördüyü işləri əhatə edir. Kitabın ərsəyə gəlməsində Gürcüstan, Türkiyə, Rusiya, Almaniya və Polşanın arxivləri ilə yanaşı, şəxsi arxivlərdən də faydalanılıb.

Tarixçi alim mühazirəsində İstiqlal Bəyannaməsinin hazırlanması, Bakı uğrunda aparılan mübarizə və onun erməni-bolşevik işğalından azad edilməsi, İrəvanın Azərbaycanın tərkibində saxlanıla bilməməsinin səbəbləri kimi məsələlərdən söz açıb. İştirakçılara sənədlərə istinad etməklə Azərbaycanın milli, hüquqi və demokratik dövlətçiliyinin əsasını qoymuş 59 nəfər Cümhuriyyət qurucusunun həyat və fəaliyyəti barədə ətraflı məlumat verib, maraqlı faktları diqqətə çatdırıb.

Qeyd olunub ki, Cümhuriyyətin 23 aylıq fəaliyyəti dövründə parlamentdə 270-dən çox qanun layihəsi müzakirəyə çıxarılıb, onlardan 230-u qəbul edilib. Hökumət kabinetinin 5 dəfə dəyişdirilməsi demokratik idarəçilik sisteminin formalaşdığının sübutudur. Bu Hökumət kabinetlərində 35-ə qədər nazir fəaliyyət göstərib. Ən gənc nazir 23 yaşında olub. Nazirlərin 16 nəfəri hüquqşünas idi. Yaradılan dövlətin hüquqi əsaslarla inkişaf etdirilməsində bu amil də başlıca rol oynayıb.

Bildirilib ki, Cümhuriyyət qurucularının həyatı faciəli sonluqla bitib, bəziləri güllələnib, bəziləri sürgün olunub, bəziləri mühacir həyatı yaşayıblar. Hamısı həm yüksək istedadlı və savadlı şəxsiyyətlər olub, həm də Vətənin və millətin mənafeyini hər şeydən üstün tutublar.

Sonra universitetin Azərbaycan Xalq Cümhuriyyəti auditoriyası ilə tanış olan qonaq “Cümhuriyyət qurucuları” kitabını ali məktəbin kitabxanasına hədiyyə edib.

Bənzər yazılar