Ölkəmizdə ödənişli atalıq məzuniyyətinin olması təklifi gündəmə gətirilir. Bu təklif BMT-nin Əhali Fondu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən birgə hazırlanmış “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aidiyyəti cavab tədbirlərinin görülməsinə dair Milli Fəaliyyət Planı”nın layihə sənədində qeyd edilib.
Təkliflərdə uşaqlarını böyüdən və eyni zamanda karyera quran qadınlara dəstək verən ölkələrin qabaqcıl təcrübəsinə əsaslanaraq, qanunvericiliyə dəyişikliklərin edilməsini nəzərdən keçirmək məsələsi də yer alıb.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, həyat yoldaşları doğuşla əlaqədar məzuniyyətdə olan kişilərə 2 həftə (atalıq məzuniyyəti), ailədə hər hansı problem olarsa və ya xüsusi baxıma ehtiyacı olan başqa xəstə varsa, həm kişi, həm də qadın 7 gün ödənişsiz məzuniyyətə çıxa bilər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bildirib ki, ailədə uşağa ana ilə bərabər, ata da baxmalıdır: “Uşaqların böyüməsində qadın və kişilərin məsuliyyəti bərabər olduğu üçün kişilərə də ödənişli atalıq məzuniyyəti verilə bilər. Bəzən ailədə uşağın tərbiyəsi ilə daha çox ana məşğul olur. Ata isə hesab edir ki, o, ancaq ailə üçün “çörək” qazanıb gətirməlidir, bununla da işi bitir. Ancaq kişi də hiss etməlidir ki, övlad həm də onundur. Buna görə də ailədə valideynlərin uşaqlara qarşı məsuliyyəti bərabər olaraq müəyyən edilməlidir”.
Əksər ölkələrdə analıq məzuniyyəti ilə yanaşı, atalıq məzuniyyətindən də geniş istifadə olunur. Ölkəmizdə belə təklifin irəli sürülməsi və son nəticələr olduqca maraq doğurur. Çünki cəmiyyətimizdə ənənəvi ideologiyadan irəli gələrək və mental olaraq uşaqların ilkin tərbiyəsi ilə əsasən analar məşğul olur.
İqtisadi Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov “Şərq”ə bildirib ki, ölkəmizdə ödənişli atalıq məzuniyyətinin reallaşması üçün maliyyə problemi yoxdur: “Azərbaycanda atalıq məzuniyyətinin təklif edilməsində məqsəd uşaqların böyüdülməsində ataların da rolunun artırılmasıdır. Həmçinin yeni təklif karyera qurmaqda maraqlı olan anaların işdən ayrılmasının qarşısını almaq məqsədi daşıyır. Ölkəmizdə təklifin həyata keçməsi üçün ciddi maliyyə qıtlığı yoxdur. Əksinə, bununla ailələrə müəyyən seçim imkanı verilir. Yəni uşağın ilkin tərbiyəsində ananın, yoxsa atanın olması düşünülür.
Analıq, ya atalıq məzuniyyəti ödənişlərində isə fərq olmur. Amma bu mövzuda mentalitetlə bağlı məsələlərin də nəzərə alınması lazımdır. Çünki ölkəmizdə həm ənənəvi, həm də psixoloji baxımdan uşaqların böyüdülməsində anaların rolu daha çoxdur. Ona görə də məsələnin psixoloji və mental tərəflərinə diqqət yetirmək lazımdır. Çünki Azərbaycanda uşaqların xüsusən erkən yaşlarda tərbiyəsi ilə analar məşğul olur. Ona görə də yeni təklifin uşaqların tərbiyəsinə neqativ təsir verib-verməyəcəyi ciddi düşünülməlidir”.

 

Bənzər yazılar