Yaşadığımız dövrdə insanların bir çox zərərli vərdişləri olduğu hamımıza məlumdur. Spirtli içkilər, narkotik maddələr, siqaret və s. buna misal ola bilər. Bəziləri siqaret çəkərkən hər hansı bir problemini unutmaq, bəziləri isə sadəcə həzz almaq istəyir. Başqa bir qrup insanlar isə evdə yaşca böyüklərdə görür və bunu təkrarlayır.

Ailədə ata siqaret çəkirsə, böyük ehtimalla övlad da böyüdükdə siqaret çəkəcək. Çünki uşaqlar adətən özünə yaxın olan adamlara oxşamaq istəyirlər. Belə olduqda isə uşaq valideyinlərinin siqaret çəkməsini doğru bilir və bunun zərərlərindən xəbərsiz halda onun istifadəsinə başlayir. Sonra valideyin istəsə belə övladı bu zərərli vərdişdən qurtula bilmir.

Siqaretin insan sağlamlığına vurduğu zərərlərdən bəzilərinə diqqət edəndə isə,  aparılan araşdırmalara əsasən, siqaret tüstüsündə 4000-dən çox zərərli maddə olduğunu və bu maddələrin bir qisminin xərçəng xəstəliyinə birbaşa səbəb olduğunu görürük.

Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təxminən bir nəfəs çəkilişi siqaret tüstüsündə 300 milyonla 3,5 milyard arası zərərli dənəciklər mövcuddur.

Gündə 1 qutu siqaret çəkən insanın  il ərzində 70.000 dəfə tüstü udmağını nəzərə alsaq, siqaret çəkənlərin məruz qaldığı zərərli maddənin miqdarı aydın olar.

Nikotin sinir sisteminə təsir edir, ürək və qan-damarların işini pozur. Onun təsiri nəticəsində qan təzyiqi və nəbz sürətinin artımı ortaya çıxır.

Karbonmonoksit tütünün tam yanmaması nəticəsində ortaya çıxır. Karbonmonoksit hüceyrələrin qandakı oksigeni istifadə etməsinə mane olur.

Siqaretin səbəb olduğu fəsadlara və xəstəliklərə gəlincə isə, bunlar, tez qocalma, diş çürüməsi, ürək xəstəlikləri, qırtlaq xərçəngi, vaxtından əvvəl doğum, şəkər xəstəliyi, qanqren, qida borusu xərçəngi və digər xəstəliklərdir.

Bundan da əlavə siqaret aludəçisi olmuş insanlar üçün onu tərgitmək çox çətin, bəzənsə mümkünsüz olur. Belə ki siqareti tərgitmək üçün (ümumiyyətlə insana zərərli olan hər bir şeydən qurtulmaq üçün) insanda güclü iradə olmalıdır. Əgər bu varsa qurtulmaq daha asan olar. Amma təbii ki, hər kəs bu qədər güclü ola bilmir.  Yenə də hər bir zərərli vərdişdən qurtulmaq üçün müxtəlif vasitələr vardır. Yetər ki istəyəsən, yetər ki çalışasan. Amma qurtulmaq istəməsən, istəklərinə yenilsən kiçik səhvlər böyük faciələrə səbəb ola bilər.

Sağlamlıq, başqa sözlə desək sağlam can insana verilir ki, onu qoruyasan.  Bəzilərimiz isə bizə borc olaraq verilmiş canı qorumaq əvəzinə onu zərərli vərdişlərlə  məhv edirik.

Zərərli vərdişlər sağlamlığa qəsddir,amma bir yer var ki, orda hamımız dayanırıq. O zamansa bəzən çox gec olur və düzəldiləcək heç bir şey qalmır.

Fatimə Məmmədova

BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar