Həyat bir imtahandır. Amma özümüz də bilmədən bu imtahanın həm suallarını, həm də cavablarını özümüz hazırlayırıq. Hər bir sualın asanlığı, eyni zamanda çətinliyi yalnız öz əlimizdədir. Deməli, həyatımızı qala kimi hörən baş memar başqası deyil, elə biz özümüzük.

Hər insanın qəlbində kəşf edilməsini gözləyən bir uşaq vardır. Bir anlıq dünyaya uşaqların gözləri ilə baxaq – rəngarəng, füsunkar, qayğısız, sevinc dolu bir dünya. Bu, onların dünyasıdır, uşaq dünyası. Biz qəlbimizdəki uşağı tanısaq, həyata o uşağın gözlərindən baxsaq o zaman aşa bilməyəcəyimiz heç bir çətinlik olmayacaq. Çünki bu yaşamda imkansız deyə bir söz yoxdur… İnşa etdiyimiz qaladan o uşağı azad edək. “İçimizdəki” uşaqla birlikdə həyatı yaşayaq. Həyatdan bir şey öyrənərək böyüyək. İnsanın yaşı doğulduğu andan deyil, özünü tanıdığı vaxtdan başlayır.

Biz yarış maşınları deyilik, daim kiminləsə rəqabət aparaq. Əgər rəqabət aparmaq lazımdırsa əvvəlcə özümüzlə,  keçmişimizlə, bugünümüzlə aparaq…

Bir düşünək, Fərhad Bisütun dağını necə yardı. Bisütun dağını yara bilməsi onun qolunun gücündə deyildi, qəlbindəki sevgidə, özünə inamında, güvənində idi. Deməli insan istəsə öz inamı ilə əzəmətli dağı belə yerindən qopara bilər.

Rəvayətə görə çox qədim zamanlarda bir adam, bulaqdan hər gün iki bardaqda su daşıyarmış. Ancaq su bardaqlarından biri çatlaqmış, digəri isə qüsursuz. Çatlaq bardaq suyun ancaq yarısını evə daşıya bilirmiş. Yaşlı adam suyu düz iki il ancaq bu qaydada daşıdı. Bir zaman sonra çatlaq bardaq dilə gəlib, sahibinə səslənir:

“- Çox utanıram, evə gələnə kimi suyun yarısını axıdıram.

  Adam gülümsəyərək bardağa cavab verir:

– Heç fikir vermədinmi, yolun sağ tərəfi rəngarəng çiçəklərlə dolu, digər tərəfi isə bomboz çöllük olduğuna? Mən ilk gündən bəri sənin qüsurunu fərq etmişdim. Ona görə də səni daşıdığım tərəfə rəngbərəng gül-çiçək toxumları əkmişəm. Mən hər gün evə su daşıyarkən sən o çiçəkləri suladın. O çiçəklər böyüdü və ətrafı cənnət kimi bir dünyaya çevirdi. Əgər sənin o qüsurun olmasaydı, bu çiçəklərin heç biri olmayacaqdı.”

Deməli yaşamda hər günümüzə şükr etməliyik. Özümüzü hər qüsurlarımızla belə qəbul etmək lazımdır. Unutmayaq, əlimizdəki açar bir qapının kilididir və mütləq o hər hansı bir qapını açacaqdır…

Aynurə İsmayılqızı

BSU-nun Jurnalistika fakültəsinin I kurs tələbəsi

Bənzər yazılar