Metodist anlayışı mütləq qanun layihəsinə daxil edilməlidir. Çünki təhsil-tədris prosesinin əsas iştirakçılarından biri məhz metodistlərdir. Ona görə qanun layihəsində bu məsələ mütləq olmalıdır.

Mektebgushesi.az xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Sona Əliyeva “Ümumi təhsilı haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bildirib.

Millət vəkili qanun layihəsinin anlayışlar hissəsinin geniş olmasına narazılığını bildirib:

“Hesab edirəm ki, bu qədər genişliyə ehtiyac yoxdur”.

Akkreditasiya məsələsinə toxunan millət vəkili bunun qanun layihəsində əksini tapmasını bir qədər düzgün saymayıb:

“Çünki akkreditasiya məsələsi hələ tətbiq olunmayıb. Üzr istəyirəm ifadəmə görə, biz bir qədər qabaqdangəlmişlik edərək, indi qanun layihəsinə bu məsələni salmışıq. Bu, bir qədər düzgün alınmır. Həmçinin, vahid məktəbli geyimi məsələsinin qanun layihəsinə salınmasına nə ehtiyac var, düzünü desəm, bunu anlamıram.

Düzdür, mən də vahid məktəbli geyiminin tərəfdarıyam, bu məsələdə nizam-intizamın olmasını istəyirəm. Amma bu məsələnin qanun layihəsinə salınması gələcəkdə yenidən bu sahədə monopoliyanın yaranmasına gətirib çıxaracaq”.

Bənzər yazılar