Fevralın 12-dən 14-dək “Sabahın alimləri” VIII Respublika müsabiqəsi keçiriləcək.

Təhsil Nazirliyindən  mektebgushesi.az -a bildiriblər ki, müsabiqədə iştirak etmək üçün 225 layihə təqdim olunub. Elmi Ekspertiza Komissiyasının rəyi əsasında müsabiqəyə 187 layihə üzrə 311 şagird buraxılıb. Bunlardan 63-ü fərdi, 124-ü isə kollektiv layihələrdir. İştirakçıların 83 nəfəri IX, 120 nəfəri X, 108 nəfəri XI sinif şagirdidir.

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinə Bakı şəhəri üzrə 116, Sumqayıt şəhərindən 34, Balakən rayonu üzrə 8, Ucar rayonundan 6, Abşeron rayonu və Şirvan şəhərinin hər birindən 4, Şəki, Qax, Cəlilabad rayonlarının hər biri üzrə 3, Lənkəran rayonundan 2, Gəncə şəhəri, Xaçmaz və İsmayıllı rayonlarının hər biri üzrə 1 layihə təqdim olunub.

Müsabiqənin keçirilməsinin məqsədi ümumi təhsil müəssisələrinin IX-XI siniflərində təhsil alan şagirdlərin elmi axtarışlara cəlb olunması, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin aşkara çıxarılması, həmçinin yüksək elmi-tədqiqat nəticələri əldə etmiş Azərbaycan məktəblilərinin seçilib ABŞ-da keçirilən Intel ISEF – Beynəlxalq Elm və Mühəndislik Sərgisinə göndərilməsini təmin etməkdir.

Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir.

Bənzər yazılar