Dərc olunub: 31.01.2019

Sorğuda 3, 4, hətta 0 səs qazananlar da var…

Universitet və kolleclərin 29 dekabr – 04 fevral tarixlərini əhatə edəcək qış imtahan sessiyasının necə keçiriləcəyi yaşadığımız günlərin əsas müzakirə mövzularından birinə çevrilib. Hələ payız semestrinin ortalarından etibarən təhsil ocaqları imtahan sessiyasında şəffaflığın yüksək səviyyədə təmin ediləcəyini bəyan etdilər və bu məqsədlə atacaqları stimullaşdırıcı addımları geniş ictimaiyyətə açıqlamağa başladılar. İmtahanların məzmun və formasında müxtəlif tipli yeniliklərin tətbiqi, o cümlədən müxtəlif qurumların, təhsil ekspertləri və media təmsilçilərinin iştirakı ilə İctimai Şuraların təşkili yazdıqlarımıza əyani sübutdur. Amma təkcə müxtəlif adlı yeniliklər və ictimai nəzarət qurumunun yaradılması deyil, həmçinin ictimai nəzarət mexanizminin və bu mexanizmin işləkliyinin təmini də müzakirə olunan məsələlər sırasında idi. Buna isə əsl dəyəri hansısa nəzarət qurumu ilə yanaşı, imtahanlardakı real vəziyyəti bilavasitə çiynində, öz üzərində hiss edən və onun bəhrəsini görən pedaqoqlar, tələbələr və valideynlər verə bilərdilər. “Mektebgushesi.az” internet portalının kollektivi məhz həmin pedaqoq, tələbə və valideynlərə “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” adlı sorğuda iştirak etməklə münasibət bildirmək imkanı yaratdı.

Məlumat üçün qeyd edək ki, portalımız respublikamızda təhsilin modern prinsiplərlə inkişafına dəstək vermək məqsədilə bir sıra sorğular gerçəkləşdirib. Böyük əksəriyyəti təhsil ocaqlarının kontingenti, tələbə və valideynlərindən ibarət olan respondentlər sorğularımızı təhlil etdikcə yəqin ki, onların strateji baxımdan yalnız bir məqsədə – ölkəmizdə sağlam rəqabətli təhsil mühitinin yaradılmasına töhfə vermək niyyətinə xidmət etdiyinin fərqindədirlər. Əgər belə olmasaydı, ardıcıllıqla davam edən sorğularımıza olan diqqət bu qədər geniş vüsət almazdı. Ona görə işimizin taktiki nəticəsi olaraq xoşməramlı məqsədimizə qismən də olsa nail olduğumuza görə çox məmnunuq. Üstəlik tələbələrin təhsil aldığı universitet və kolleclərə pozitiv və neqativ münasibətini sərgiləmək imkanı yarada və bu anlamda geniş rəqabətlilik prinsipini ortaya qoya bildiyimizə görə qürur hissi keçiririk.

“Mektebgushesi.az bütün streotipləri dağıtdı”

Təhsil eksperti, fizika elmləri doktoru, professor Şahlar Əsgərov təqdimatlarımızın birində söylədiyi təbrik nitqində Mektebgushesi.az-ın bu istiqamətdəki fəaliyyətini başqa bir prizmadan da dəyərləndirdi. Ekspert xüsusi olaraq vurğuladı ki, “Mektebgushesi.az saytı indiyədək təhsillə bağllı media qurumlarından fərqli olaraq, bu sahədə indiyədək yerli-yersiz vasitələrlə “dominantlıq” edən bütün stereotipləri dağıda bilib: “Həm yazılarında səviyyənin qorunması, həm tətbiq etdiyi sorğu sistemində tələbələrə və bütövlükdə kollektivlərə unuversitetlərin idarəçiliyinə qədər nüfuz imkanının, ən başlıcası, təhsil ocaqları arasında sağlam rəqabət mühitinin yaradılması – bütün bunları bir arada tuta və həyata keçirə bilmək, doğrudan da belə kiçik kollektiv və cüzi imkanlarla çalışan bir media qurumunun çox böyük uğurudur. Digər bir məqamsa, genişlənmiş rəqabət mühitinin yaranması nəticəsində bizim ənənəvi, yalnız paytaxtda yerləşən universitetlərimizin daha sorğuların qalibləri ola bilməməsidir”.

Biz də kollektiv olaraq hörmətli təhsil eksperti, professorun əməyimizə, eləcə də missiyamıza verdiyi dəyəri çox yüksək qiymətləndirir və təhsildə rəqabətliliyin arenasının bütün ölkə təhsil ocaqlarına sıçramasına töhfə verə bildiyimizin konturlarını görürük. Diqqətli oxucularımız yəqin ki, indiyədək keçirdiyimiz sorğuların qalibləri sırasında bir sıra bölgələrdə yerləşən universitet və kolleclərin olduğunu xatırlayırlar.

11.485 respondentin iştirak etdiyi səsvermə

Portalımız vasitəsilə universitet kontingentlərinin, valideynlərin, ümumən bütün ölkə ictimaiyyətinin ixtiyarına verilmiş növbəti sorğumuz – “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” nominasiyalı sorğumuz başa çatdı. Sorguda ümumilikdə ölkəmizdə fəaliyyət göstərən 42 universitet iştirak etdi. Nəticələrlə tanış olanda şahidi oluruq ki, 11.485 respondent sorğumuzda iştirak edərək mövzuya öz münasibətini bildirib. Sorğunun qalibi 1829 səslə Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) oldu. İkinci yerin qalibi 1681 səslə Azərbaycan Dövlət İqtisad Universiteti, üçüncü yerin qalibi isə 1668 səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti oldu.

Dördüncü yeri 1664 səslə Bakı Dövlət Universiteti qazanıb. İlk beşliyi isə 754 səslə Lənkəran Dövlət Universiteti tamamlayıb.

Passivlik, yoxsa islahatlara ümidsizlik?!..

Sonuncu beşliyi isə 4 səslə Naxçıvan Dövlət Universiteti, 3 səslə Azərbaycan Texnologiya Universiteti, 3 səslə Azərbaycan Kooperasiya Universiteti, 2 səslə Naxçıvan Özəl Universiteti, ən nəhayət 0 səslə Azərbaycan İctimai-Siyasi Universiteti tamamlayıblar. Passivliyə diqqət edirsinizmi? Bu universitetlər ölkədə gedən proseslərdən tamamilə bixəbərdirlərmi? Bəs tələbələri necə? Əslində onlardan az öndə qərarlaşan universitetlərin “nəticələrini” də məqbul saymaq olmaz. Belə ki, 4, 5, 8, 24, 33 intervalında qazanılan səslərin sahibləri ya o universitetlərin qış imtahan sessiyalarında ölkə üzrə həyata keçirilən tədbirlər, medianın imtahanlarda iştirakı və s. barədə ümumiyyətlə məlumatsızdırlar, ya da kollektiv, tələbə və valideynlər burada islahatların aparılmasına tamamilə ümidsizdirlər. Ona görə də bu təhsil ocaqlarına müraciət edərək, orada baş verənlər barədə Mektebgushesi.az portalını məlumatlandırmalarını istəyirik. Bu universitetlərin də aktivlik və təhsilin modernləşməsinə yönəlik addımlarını öz səhifəmizdə işıqlandırmağa hazırıq. Eyni zamanda qeyd etməliyik ki, mövcud olan hər hansı neqativ faktları da ictimailəşdirəcəyik. Saytımız hər birinizə açıqdır, o cümlədən müzakirə, müqayisə və polemikalarınızın işıqlandırılmasına da.

“Müasir cəhalətpərəstlik”dən qurtulmağa yardımçı olmaq istəyirik

Təhsil aldığı universitetdə baş verən bütün proseslərə seyirçi mövqeyində olmayan, eyni zamanda aktivlik nümayiş etdirərək aparılan islahatlara sorğu yolu, eləcə də digər mümkün vasitələrlə münasibət bildirən respondentləri təbrik edirik. Ancaq, həmçinin sorğumuzda sonuncu yerləri tutmuş digər kollektivlərə də səslənərək bildirmək istəyirik ki, rəhmətlik Mirzə Cəlil demiş, onlar da “yuxudan oyansınlar və ətraflarında baş verənlərə nəzər yetirsinlər”. Mirzə Ələkbər Sabir də belə deyirdi: “Əcnəbilər hardadı, biz harda? Atılan toplara diksinirikmi ?!”. O ədiblər zamanında bütövlükdə cəhalətlə mübarizə aparırdılar. Nə fərqi var? İndi də tələbələrimiz magistratura, doktorantura ardınca ya başqa ölkələrə üz tuturlar, ya da eləcə orda təhsil alanların fəaliyyətinə tamaşa etməklə köks ötürməli olurlar. Gedib təhsil ala bilənlərin bir qismi isə ölkəmizdən “beyin axını” yaradırlar ki, bu da gələcəkdə təhsilimizin, səhiyyəmizin, iqtisadiyyatımızın yüksəlişi, həmçinin milli-mənəvi dəyərlərimizin qorunması yolunda böyük maneələrə səbəb olur. Yenə də təhsili xaricdə almağa üstünlük verir, xəstələrimiz şəfa tapmaq üçün Almaniyanı, Türkiyəni, İranı və s. seçməyə məcbur olurlar. Mektebgushesi.az bu tipli layihələrə imza atmaqla qeyd etdiklərimiz nüanslarla yanaşı, həmçinin “müasir cəhalətpərəstlik”dən xilas yollarını arayıb tapmaq və onun həlli istiqamətində bir hərəkətlənmə yaratmaq niyyətindədir. Sorğumuzda iştirak edib-etməməsindən asılı olmayaraq, dövlətin və xalqın gələcəyində xüsusi iz qoyacaq təhsilimizə biganə yanaşmayan, eləcə də səlahiyyətlərindən yararlanıb qayğı göstərən bütün vətəndaşlarımıza uğurlar diləyi ilə

Nəzirməmməd Zöhrablı

P.S. Qalib universitetlərin imtahan nəticələri və real vəziyyətlə bağlı məlumatları təqdimat mərasimlərindən informasiyalarla diqqətinizə çatdıracağıq. Mektebgushesi.az-ı izləyin.

Bənzər yazılar