Artıq bir danılmaz həqiqətdir ki, ölkəmizdə ali təhsilin hamı üçün əlçatan olmasına yaradılan şərait, təkcə abituriyentlərə ali məktəblərə qəbul olunmaq üçün əlavə olaraq ikinci şans verilməsi və ya ayrı-ayrı universitetlərin nəzdində hazırlıq kurslarının açılması ilə məhdudlaşdırıla bilməz. Məhz universitet təhsili dövründə tələbələrin fiziki və mənəvi sıxıntılardan azad edilməsi, tədris və xüsusilə də imtahan prosesində onların psixoloji gərginliklərə, digər sarsıntılara məruz qalmalarının qarşısının alınması əsas və başlıca şərtlərdən biridir.


Bu baxımdan, ölkəmizdə təhsildə dövlət siyasətinin əsas prinsiplərindən olan demokratikliyin, obyektivliyin, aşkarlıq və şəffaflığın təmin olunması istiqamətində təhsildə lazımi uğurlar əldə edilməsinə, tələbələrin özlərini təhsil prosesinin bərabərhüquqlu subyektləri kimi hiss etmələrinə xidmət edə biləcək müəyyən addımlar atılır, onlarda özünə inam, özünə güvən hisslərinin formalaşması üçün müvafiq şərait yaradılıb.


Bu kimi proseslərin geniş vüsət alması hər şeydən əvvəl Ölkə başçısı tərəfindən imzalanmış “İctimai iştirakçılıq haqqında” 22 noyabr 2013-cü il tarixli Sərəncamının yerlərdə icrasının bariz nümunəsidir. Həmin Sərəncam əsasında Mill Məclis tərəfindən qəbul edilən qanun Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakının təmin edilməsini nəzərdə tutur. Başqa sözlə “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən QHT, KİV və ictimaiyyət nümayəndələrinin ali təhsil müəssisələrində imtahan prosesini izləmək imkanı əldə etmələri, tələbələri maraqlandıran sualları dinləmələri və cavablandırmaları üçün demək olar ki, hər cür şərait yaradılıb.


Belə ki, əksəriyyət ali və orta-ixtisas təhsili müəssisələrində İctimai Nəzarət Şuralarının, Operativ Qərargahların, Apellyasiya komissiyalarının, “Qaynar xətt” xidmətlərinin yaradilması imtahanlarda baş verə biləcək neqativ halların qarşısını almaq üçün müvafiq tədbirlər görülməsi, sessiya dövründə fənn müəllimlərinin və imtahan nəzarətçilərinin müvafiq izahat işləri aparması, eyni zamanda, sessiyanın obyektiv və müvafiq qaydalara uyğun keçirilməsinə kömək məqsədilə bu qurumların fəaliyyət göstərməsi, tələbə təşkilatlarının nümayəndələrinin, valideynlərin belə imtahan prosesində iştirakı və sessiyanın gedişini müşahidə etməsi İstər tələbələrdə istərsə də valideynlərdə ümidverici bir arxayınçılıq yaradır.


Mütamadi olaraq təşkil olunan mediaturlarda təhsil ekspertlərinin, KİV və ictimaiyyət nümayəndələrinin imtahanların gedişini izləməsi, bu məqsədlə universitetin rəhbərliyi və kollektiv üzvlərinin birgə iştirakı ilə keçirilən mətbuat konfranslarında aparılan açıq fikir mübadiləsi, jurnalistləri və geniş ictimaiyyəti maraqlandıran bir sıra məqamlara aydınlıq gətirilməsi, təklif və rəylərin ümumiləşdirilməsi və ictimailəşdirilməsi baxımindan da xeyli faydalıdır.


Amma, təkcə müxtəlif yeniliklər etmək və hansısa ictimai nəzarət qurumunu yaratmaq deyil, həmçinin ictimai nəzarət mexanizminin və bu mexanizmin işləkliyinin təmini də vacib məsələlərdən biridir. Buna isə əsl dəyəri nəzarət qurumu ilə yanaşı, imtahanlardakı real vəziyyəti hiss edən və onun bəhrəsini görən pedaqoqlar, tələbələr və valideynlər verə bilərdilər. “Mektebgushesi.az” internet portalının kollektivi məhz həmin pedaqoq, tələbə və valideynlərə “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” adlı sorğuda iştirak etməklə münasibət bildirmək imkanı yaratdı.
Portal vasitəsilə universitet kontingentlərinin, valideynlərin, ümumən bütün ölkə ictimaiyyətinin ixtiyarına verilmiş “Hansı universitetdə qış imtahan sessiyası şəffaf keçirilir?” nominasiyalı sorğunun nəticələrinə əsasən birinci yerin qalibi 1829 səslə Azərbaycan Dövlət Aqrar Universiteti oldu. 1681 səslə Azərbaycan Dövlət İqtisad Universiteti ikinci, 1668 səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti isə üçüncü olublar. ADAU-nun virtual sorğunun qalibi olacağı gözlənilən idi. Bu unıversitetin nailiyyətləri barədə əlavə şərhə ehtiyac yoxdur. Görənlər görüb, görməyənlər gedib görə bilər. Bir sözlə bu ali təhsil ocağı arzuladığımız müasir kampus tipli Universitetin bariz nümunəsidir.


Gəldiyim qənaət ondan ibarətdir ki, aşkarlıq və şəffaflıq istiqamətində valideyn və tələbənin mənafeyi naminə edilən istənilən yenilik, istənilən dəyişiklik təhsilimizin inkişafi və daha da tərəqqisi yolunda atılan növbəti addımdır. Belə addımların isə Azərbaycan Dövlət Aqrar Universitetində atılmasının az şahidi olmamışıq. Kollektivə yeni uğurlar arzusu ilə…

Nadir İsrafilov, təhsil eksperti

Bənzər yazılar