Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın idarə heyətinin üzvü Yan Uiqers 22-27 sentyabr tarixlərində DİM tərəfindən Bakıda keçiriləcək “İAEA 2019” konfransının hazırlıq işləri ilə tanış olub

DİM-dən Mektebgushesi.az-a verilən məlıumata görə, Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA) İdarə heyətinin üzvü və qiymətləndirmə üzrə təhsil eksperti Yan Uiqers yanvarın 31-dən fevralın 2-dək Bakıda işgüzar səfərdədir. Səfərin əsas məqsədi 2019-cu il 22-27 sentyabr tarixlərində Dövlət İmtahan Mərkəzi tərəfindən “Qiymətləndirmə və qərar qəbuletmə: fərdi və institusional həll yolları” mövzusunda Bakıda keçiriləcək “IAEA 2019” konfransı ilə bağlı bir sıra məsələləri müzakirə etmək, konfransa hazırlıq işləri ilə tanış olmaq, eyni zamanda DİM-in imtahanlarda iştirak edən işçi heyəti ilə görüşlər keçirməkdir.

Səfər çərçivəsində təhsil ekperti DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, habelə konfransın təşkilat komandası ilə görüşüb. Görüşdə konfransa hazırlıq işləri, plana uyğun olaraq bundan sonra həyata keçiriləcək tədbirlər və s. müzakirə olunub. Səfərin ikinci günündə Yan Uiqers DİM-in elmi metodiki-seminarlarında iştirak edən müəllimlər və imtahan markerləri üçün “Hollandiyada təhsil ənənələri və innovasiyalar” adlı təqdimatla çıxış edib. Təqdimatda, Hollandiyada keçirilən imtahanlar, eləcə də kompüter və kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanların müsbət və mənfi cəhətləri haqqında məlumat verilib. Səfərin gündəliyinə əsasən, ekspertin dövlət və özəl məktəblərə, o cümlədən ADA universitetinə səfəri də planlaşdırılıb.

Dövlət İmtahan Mərkəzi biliyin qiymətləndirilməsi sahəsində dövlətlərarası əməkdaşlığın qurulması, bu sahədə təcrübə mübadiləsinin aparılması, yeni qiymətləndirmə metodlarının tətbiq olunması və s. məsələlər üzrə Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyası ilə sıx əməkdaşlıq edir və təşkilatın daimi üzvüdür.

2019-cu ilin 22-27 sentyabr tarixlərində Bakıda keçirilməsi nəzərdə tutulan konfransın əsas mövzusu “Qiymətləndirmə və qərar qəbul etmə: fərdi və institusional həll yolları” olmaqla əsasən aşağıdakı mövzuları əhatə edəcəkdir:

• Qərarların qəbul edilməsində qiymətləndirmənin tətbiqi (tələbə qəbulu, kadr seçimi və s.);

• Qərarların verilməsində qiymətləndirmənin etibarlılığı və validliyi;

• Tələbə qəbulu və kadr seçimi siyasətində mövcud olan çətinliklər və imkanlar;

• Elmi araşdırmalar əsasında proqnozların verilməsi təcrübəsi;

• Tələbə qəbulu və kadr seçimi sahəsində qiymətləndirmə alətlərinin gələcəyi;

• Qiymətləndirmə nəticələri və qərar qəbuletmə məsuliyyəti;

• Elektron qiymətləndirmə və mütərəqqi texnologiya əsaslı platformalar;

• Qiymətləndirmə və qərar qəbuletmə prosesində obyektivliyik prinsipi.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyası) 2007-ci il sentyabrın 16-dan 21-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (International Association for Educational Assessment) “Milli qiymətləndirmə sistemlərinin və təhsil standartlarının qarşılıqlı asılılığı” mövzusunda 33-cü Beynəlxalq Konfransının da təşkilatçısı olub, 2008-ci ildə IAEA-nın İcraiyyə Komitəsinin üzvü seçilib.

Bənzər yazılar