Azərbaycanın orta ümumtəhsil məktəblərində şagirlərin dərs yükü kifayət qədər ağırdır. 

Bu məsələ son illər dəfələrlə müzakirəyə çıxarılıb. Eləcə də, ölkəmizdə buraxılış və qəbul imtahanlarının keçirilmə proseduru, o cümlədən imtahan suallarının çətinliyi ilə bağlı da narazılıqlar səslənməkdədir. Doğrudur, bəzi ixtisaslar üzrə aşağı balla ödənişli ixtisaslara qəbul aparılır ki, bu da, gələcəkdə savadsız kadrların yetişməsinə şərait yaradır. 

Ümumiyyətlə, tədris və qiymətləndirmə prosesinin ağır olmasına baxmayaraq, əmək bazarına çıxarılan zaman kadrların heç də ixtisas üzrə hazırlıqlı olmadığı üzə çıxır. Belə olan halda şagird və tələbələrin üzərinə qoyulan tədris, imtahan yükünün ağırlığının lüzumsuz olması aktual olur.

Qonşu Gürcüstanda artıq bu istiqamətdə ciddi addımlar atılır. Ölkədə təhsil sistemi ilə əlaqədar yeni model hazırlanıb. 2020-ci ildən etibarən ölkənin ictimai məktəblərində buraxılış imtahanlarının ləğvi nəzərdə tutulub.

Ali məktəblərə qəbulla bağlı yeniliklərə görə isə, universitetlər hər bir proqram üzrə baryeri özləri müəyyənləşdirəcək. Gələn ildən etibarən milli imtahanlar 4 fənnin əvəzinə 3 fənn üzrə keçiriləcək.

Gürcü dili və ədəbiyyatı, xarici dil üzrə imtahanlar bütün abituriyentlər üçün məcburi olacaq. Üçüncü məcburi fənn isə ali təhsil müəssisəsinin proqramına əsasən müəyyən ediləcək. Belə ki, texniki istiqamət üzrə abituriyentlər riyaziyyat, humanitar istiqamət üzrə isə tarix fənnindən imtahan verməli olacaqlar.

Azərbaycanda tədris, o cümlədən də qiymətləndirmə prosesinin sadələşdirilməsinə ehtiyac varmı?

Təhsil eksperti Nadir İsrafilov “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Azərbaycanda istər buraxılış, istərsə də qəbul imtahanlarının ləğvindən söhbət gedə bilməz: 

“Şübhəsiz ki, bizim imtahanlar çox mürəkkəb keçirilir. Dəfələrlə müəyyən qaydalarda müəyyən dəyişikliklər edilib, dissertasiyaların müdafiəsi və s. sahələrdə bir qədər sadələşdirilmə aparılıb, amma çətinliklər qalmaqdadır. Biz belə bir kurs götürmüşük ki, təhsil hamı üçün əlçatan olmalıdır. Amma imtahanlardakı çətinliklər, süni baryerlər təhsilin əlçatan olmasına yol vermir. Magistraturaya, dövlət qulluğuna boş yerlərin qalması ilə bağlı çoxsaylı elanlar verilir. Bunlar hamısı imtahanların mürəkkəbliyi, süni baryerlərin nəticəsidir. Hesab edirəm ki, hazırda imtahanların ləğvindən söhbət gedə bilməz. Amma sadələşdirmə işi aparılmalıdır. Çünki bizdə həqiqətən də imtahanların keçirilməsində problemlər var”.

Son illər qəbul qaydalarında çoxsaylı dəyişikliklər edildiyini, amma hələ ki, optimal variantın tapılmadığını deyən təhsil ekspertinin sözlərinə görə, tez-tez dəyişikliklərin edilməsi ictimaiyyətin, valideynlərin haqlı narazılığına səbəb olur: 

“Uzun illər Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə Təhsil Nazirliyi arasında bir növ “soyuq müharibə” gedirdi. Komisiya Nazirliyi günahlandırırdı ki, abuturiyentlər imtahana savadsız gəlir, Nazirlik isə DİM-i günahlandırırdı ki, proqramda olmayan suallar qoyulur. İndi isə Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin əməkdaşlığı və razılığı ilə qəbul qaydaları, imtahanların keçirilməsi müəyyənləşir. Proqramların həddindən artıq yüklü olması ilə bağlı da iş aparılır. Həqiqətən proqramların yüklü olması uşaqların fiziki, mənəvi sağlamlığına müəyyən təsir göstərir. Sovet dövründə imtahanlar mərhələli formada aparılırdı. Məsələn, 5-6 -cı siniflərdə 2 imtahan, 7-8-cı siniflərdə 3, 9-10-cu siniflərdə 4 imtahan keçirilirdi. Amma sonradan aralıq imtahanları götürüldü və buraxılışa 8 imtahan salındı. Bu da, özünü doğrultmadı. Ağırlığı aradan qaldırmaq üçün imtahanların sayı 2-yə endirildi. Sonra isə əlavə bir imtahan da salındı”.

Ali məktəblərdə ictimai nəzarətin həyata keçirildiyini deyən Nadir İsrafilov bir məqama diqqəti çəkdi: 

“Bizdə imtahanlarda tələbəyə 2 saat vaxt ayrılır. Çatdırmadıqda biletini əlindən alıb, bayıra çıxarırlar. Azərbaycan Dillər Universitetində belə qərara gəlinib ki, imtahanların vaxtı uzadılsın. 2,5 və ya 3 saat olsun. Suallar çox olur, vaxt azlığı tələbələrin gərginlik keçirməsinə gətirib çıxarır. Buna görə də, test suallarının da sayını azaltmaq lazımdır. O cümlədən də, orta məktəblərdə ev tapşırıqlarının azaldılması, summativlərin aradan götürülməsi istiqamətində mərhələli üsulla yeniliklər edilməlidir”.

Xatirə Nəsirova

Bənzər yazılar