Azərbaycanın dünya tarixindəki ilklərini bilirsizmi?

Azərbaycan həm yaxın, həm də uzaq keçmişdə müxtəlif sahələrdə əldə edilən uğurlarla, kəşflər öz adını dünya tarixinə yazdırıb. Bu ilklərin bəzilərini əksər insanlar bilsə də, bəzilərindən isə çoxlarının məlumatı yoxdur. 

Şərqdə ilk Demokratik Respublika Azərbaycan Xalq Cümhuriyyətidir.

Azərbaycan Demokratik Cümhuriyyətimizin yaradılmasında və ona rəhbərlik edilməsində Məmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Əlimərdan bəy Topçubaşovun böyük rolu olmuşdur. İtirilmiş dövlətçiliyimizin bərpası olan cümhuriyyətin yaradılması Azərbaycan üçün çox mühüm sayılan ilklərdən biri idi. Belə ki,məhz ilk dəfə cumhuriyyəti bütün dünya ölkələri bir dövlət kimi tanıyaraq onun suverenliyinə, müstəqilliyinə hörmətlə yanaşmışlar. 23 ay yaşasa da bu dövlət Azərbaycanın müstəqil dövlət idarəçiliyinin onurğa sütunun hesab edilən parlament, nazirlər kabineti, hüquq-mühafizə orqanları, səhiyyə, təhsil və ordu quruculuğu ilə bağlı çoxsaylı işlər görmüşlər. Məhz hazırki Azərbaycan dövləti Azərbaycan Xalq Cumhuriyyətinin qoyub getdiyi təməllər üzərində qurulmuş və onun hüquqi varisidir. 

İlk dəfə olaraq Demokratik quruluşlu ölkələr arasında bayraqda 8 guşəli ulduz məhz Azərbaycan Xalq Cumhuriyyəti dövründə dövlət bayrağında istifadə edilmişdir. Hətta Türkiyə Cumhuriyyətinin hazırda istifadə etdiyi 5 guşəli bayrağın məhz Azərbaycanın bayrağının ilkin formasından ilham alınaraq hazırlandığı ilə bağlı çoxsaylı fikirlər və iddialar da mövcuddur. Çünki, Türkiyə Cumhuriyyəti Azərbaycan Xalq Cumhuriyyətindən 5 il sonra yaranıb.

Şərqdə qadınlara seçki hüququnun verilməsi də Azərbaycanın sahibləndiyi ilklərdən biridir.

O dövr üçün bu hadisə müsəlman aləmində qadınların söz demək azadlığının olduğunu bildirən əsas sübutdur. Hansı həmin vaxt hələ Avropa ölkələrinin bir çoxunda qadınlara seçki hüququ tam verilməmişdi.

Qeyri-səlis məntiq nəzəriyyəsi

Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri isə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadədir. 1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə hazırda rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.

Yüksək oktanlı benzin və məhvedici kokteylin ixtirası

Akademik Yusif Məmmədəliyev benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu  hazırlayıb ki, bu da II Dünya müharibəsi illərində aviasiyamızın yüksək oktanlı yanacaqla təmin edilməsinə kömək edib. Faşist ordularına qarşı Sovet İttifaqının qələbəsində tank əleyhinə qarışığın kəşfinin də çox böyük əhəmiyyəti olub. Onun tərkibi Yusif Məmmədəliyev tərəfindən toluolun – partlayıcı maddələr üçün xammalın – əldə edilməsi əsasında işlənərək hazırlanıb. Lakin o vaxt, müharibə dövründə, lap elə müharibədən sonra da çox az adam bilirdi ki, düşmən üçün həmin məhvedici “kokteylin” müəllifi Yusif Məmmədəliyevdir. Deyilənə görə, Azərbaycan KPMK-nin o vaxtki I katibi Mir Cəfər Bağırov, nümunənin yüksək effektivliyinə şübhə ilə yanaşaraq, mayedən bir qədər buxarıya sıçradıb.  Nəticədə hündür alov qalxmış, buxarının odadavamlı kərpici ərimiş, metal borular dağılmışdı. Hətta bu ixtiralarına görə 1957-ci ildə Sovet İttifaqının Kommunist Partiyasının Mərkəzi Komitəsində Yusif Məmmədəliyevin ixtiralarına görə onun Nobel mükafatına layiq görülməsi üçün namizəd seçilməsi də müzakirə olunub. Ancaq ermənilərin müdaxiləsi nəticəsində bu proses yarımçıq qalmışdı.

SSRİ-nin Kosmik proqramlarının qurucusu Kərim Kərimov

Raketlər və kosmik sahədə bir çox ixtiralar və təkmilləşdirmələrlə SSRİ-də bütün digər elm adamlarını ötüb keçən Kərim Kərimov 1966-cı ildə SSRİ-nin Kosmik Gəmilər üzrə dövlət komissiyasının sədri seçilərək 25 il bu vəzifədə çalışmışdır. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdır. Onların sırasında yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar. Kosmik araşdırmalar və elmi sahədə etdiyi ixtiralar sayəsində kosmik qoşunların general-leytenant rütbəsinə qədər yüksələn Kərim Kərimov 2003-cü ildə Moskvada vəfat etmiş orda da dəfn olunmuşdur.

Dünya tarixində ilk dəfə Azərbaycanın Lerik rayonunda “Uzunömürlülər muzeyi” fəaliyyətə başlayıb

Muzey 1991-ci ildə tikilmişdir. Bu Muzeyin dünyanın heç bir ölkəsində anoloqu yoxdur, belə bir eksponatların nümayiş olunduğu ölkə məhz Azərbaycandadır. Muzeydə Azərbaycanda ən uzum ömür sürmüş insanlar haqqında foto guşələr və onlara məxsus əşyaların saxlandığı bölmələr var. 

“Qoltuq Ağacı” muzeyi də ilk dəfə olaraq Azərbaycanda yaradılıb. 

Bu muzeyin eksponatları atılmış qoltuq ağaclarıdır. İlk belə eksponatlar sərgisi olan bu muzey Naftalan şəhərində yerləşir. Muzey ötən əsrin 80-ci illərinin əvvəllərindən fəaliyyətə başlayıb. 

İlk olaraq dünya tarixində indiyədək yeganə olan duz mumiya Azərbaycanda tapılmışdır. 

Mumiya insan hazırda Güney Azərbaycanın Zəncan şəhərindəki Mahmud xan Zülfüqari Tarixi Etnoqrafiya Muzeyində saxlanılır. Duz mumiya insan yeganə olaraq 2004-cü ildə Zəncan əyalətində Çehrabadduz mədənində qazıntı zamanı aşkar edilib. 

Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.

Muzeyin açılışı 2002-ci il 23 aprel-də olub. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. 3500-dən çox eksponatın yer aldığı bu muzey Bakı şəhərində yerləşir.

İlk və yeganə Beynəlxalq Muğam Mərkəzi də Bakı şəhərində yerləşir.

Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, Xauiddin Yayk və Etime Ahmeddir. 

Dünyada ilk dəfə anelgeziyanı kəşf edən alim – Mustafa Topçubaşovdur.

O,1937-ci ildə dünya anesteziologiya elmi tarixində ilk dəfə olaraq orijinal keyitmə üsulunu – inyeksion efir-yağ narkozunu – anelgeziya üsulunu kəşf edib. Bu metod sadəliyinə, hazırlanma və tətbiq texnikasının asanlığına, inhalyasion narkoz zamanı rast gəlinən bir sıra mənfi halların (dərin narkoz yuxusu, qanda narkotik maddələrin yüksək konsentrasiyada toplanması və s.) aradan qaldırılmasına imkan verdiyinə görə geniş tətbiq edilməyə başlanıb. Efir-yağ qarışığı inyeksiyaları həm də öddaşı xəstəliyinin sancıları, travmatik şok, tetanus, qıcolma hallarında, müalicə və doğuş zamanı ağrısızlaşdırma vasitəsi kimi istifadə edilirdi. 

Azərbaycanın, eyni zamanda bütün Şərq dünyasının ilk qadın təyyarəçisi Leyla Məmmədbəyovadır.

O, ilk uçuşunu 1931-ci ildə həyata keçirmişdir. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Məmmədbəyova təyyarəçi karyerasını 1949-ci ildə son uçuş ilə başa çatdırıb. 1961-ci ildə isə O, artıq təqaüdə çıxdı.

Dünyada ilk dəfə olaraq ipəkdən Quran-i Kərim kitabını  həmyerlimiz Tünzalə Məmmədzadə hazırlayıb.

3 il müddətində hazırlanan Quran-i Kərim kitabında surələr qara şəffaf ipək üzərində qızılı və gümüşü boyalarla yazılıb. Ölçüsü 29 x 33 sm –dir. Kitabın hazırlanmasında 50 metr parça 1500 ml boyadan, üz qabığında dəri materialından istifadə olunub.

Elçin Nağıyev BSU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

Bənzər yazılar