Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ili “Nəsimi ili” elan etməsi ölkə ictimaiyyəti tərəfindən çox əlamətdar və təqdirəlayiq hadisə kimi qarşılanır.

Təhsil Nazirliyi də bu əlamətdar hadisə ilə bağlı üzərinə düşən vəzifələrin icrası istiqamətində bir sıra tədbirlər təşkil etməyi planlaşdırır.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, 2019-cu ildə ümumi, peşə, orta-ixtisas və məktəbdənkənar təhsil müəssisələrində Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecələr, müsabiqələr təşkil ediləcək. Ali təhsil müəssisələrində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi konfrans, simpozium və seminarlar keçiriləcək. Həmçinin təhsil müəssisələrində Nəsiminin bədii irsini və yaradıcılığını əks etdirən kitab və fotosərgilərin təşkili nəzərdə tutulub.

Bundan əlavə, il ərzində ali təhsil müəssisələrində Nəsiminin ədəbi irsi ilə bağlı aparılan tədqiqatların nəticələri elmi jurnallarda dərc olunacaq.

Bənzər yazılar