“Kitab mağazaları bağlanıb, yerində ət satılır. Kitab istəyən haradan almalıdır?

Azadinform xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Aqil Abbas parlamentdə “Kitabxana işi haqqında” AR Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında aparılan müzakirələr zamanı deyib. O bildirib ki, kəndlərdə kitabxana qalmayıb: “Elektron kitabxanaya kim gedəcək? Mən buna inanmıram. Evdə telefonu, komputeri olan elə kitabxanaya getməz. Kitab nəfəsdir, sevdiyin qız kimidir, gözəllikdir. Kitabı sinənin üstünə qoyursan, istiliyini alırsan, oxuyursan. Elektron kitab oxumaq əleyhqaz geyinib qızılgül iyləmək kimi bir şeydir”.

Deputat qeyd edib ki, Ağcabədidə atasının hesabına kitabxana tikdirib: “Qarşısına da Füzulinin büstünü qoydurmuşam və bu gün də fəaliyyət göstərir. İmkanlı şəxslərdən, deputatlardan xahiş edirəm ki, hərə öz kəndində kitabxana tikdirsin. Restoran tikdirirlər, özləri bilərlər, nə olardı ki (?) kitabxana da tikdirəydilər”.

Maraqlıdır niyə şəhərdə kitab mağazaları və kitabxana yaradılmağa üstünlük verilir? 

“Karandaş” Dərs Ləvazimatları və Kitab mağazalar şəbəkəsinin rəhbəri Məhəmməd Şərifovun fikrincə, bu sahə şəhərdə daha çox inkişaf edir: “Çünki demək olar ki, rayonda kitaba maraq şəhərdəki kimi deyil. Dərs ləvazimatları, bəzi kitablar sentyabrın 15-ə qədər olan müddətdə satılır. Digər günlərdə satılanlar da 1-2 dəftər, qələm olur. Bəzi ləvazimatlar elə ərzaq dükanlarında da satıldığı üçün digər mağazalara üz tutulmur. Bununla kim rayonda dərs ləvazimatları, məhz kitab satılan mağazalar açar? Şəhərdə hər gün yeni nələrəsə tələbat yaranır. Bu gün rayon və kəndlərdə yaşayanlar arasında yaxın qohumluq əlaqəsi var.  XI sinifləri bitirənlər kitablarını qohum, tanışlarında olan aşağı sinif şagirdlərinə verir və beləcə haradansa pulla, yaxud kitabxanadan kitab götürməyə ehtiyac duyulmur. Üstəlik bölgələrdə orta təhsil alanlar üstünlüyü ancaq dərsliklərə, hazırlıq üçün müəyyən kitablara verirlər”.

Bölgələrdə təhsil alan abituriyentlər hansı çətinliklərlə qarşılaşırlar?

Cəlilabad rayonun Ocaqlı kəndində yaşayan abituriyent Nurlan Ağayev bildirib ki, rayonlarda, kəndlərdə kitabxana və kitab dükanları demək olar ki, yoxdur, olan yerlərdə də  yetərincə kitab yoxdur: “Abituriyent universitetə  hazırlaşanda  ancaq Dövlət İmtahan Mərkəzinin testlərinə  üstünlük verir. Məsələn, ədəbiyyat testi işləyən bir uşaq Cəlil Məmmədquluzadə ilə bağlı sual işləyəndə DİM-in təqdim etdiyi vəsaiti ya da müntəxəbatdan istifadə edir. Əslində isə seçilmiş əsərlər üzərində iş aparmalıdır. Burda ortaya nə daxil olur? Əlbəttə, kitabxana. Amma o da məhdud səviyyədə. Mən özüm də neçə gündür bir kitabı tapıb oxuya bilmirəm. Təkcə 3-cü qrup abituriyent yox, digər qruplar da ədəbiyyatla, həmçinin bədii əsərlərlə maraqlanmalıdır. Çünki savadlı kadr təkcə bir istiqamətdə getməməlidir. Dünya görüş səviyyəsi də yüksək olmalıdır. Finlandiyanın təhsil sistemi hamıya məlumdur. Əsrlərcə İsveçin, Rusiyanın müstəmləkəsi olan bir ölkə necə bu səviyyə yüksəldi? 1-2 ziyalı ölkəni gəzərək seminarlar təşkil edir, dəyərli məsləhətlər verir, kitab oxumağın xeyirlərini  söyləyirdilər. Hərbi xidmətə övladını yola salan  valideyn  formalaşıb geri gələcək deyirdi. Çünki hərbi xidmətdə komandir, zabit heyəti təlimlərlə kifayətlənmir, onların əqli və fiziki cəhətdən inkişafına diqqət edirdilər. Onlara kitablar oxuyur, seminarlar keçirdilər. 5 milyonluq Finlandiyadan acizik? Məncə yox. Bunun üçün səbr və müəyyən qədər kömək lazımdır. Artıq uşaqlar və cavanlar çayxanalarda deyil, kitabxanalarda bir yerə toplaşarlar. Gənclər “hansımız  daha böyük qəlyan tüstüsü çıxaracaq” – deyə deyil, “ən çox mən kitab oxudum” – deyə yarışarlar.

Səbəb nədir?

Azadinform-un suallarını cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə, ölkədə son illər kitaba maraq azalıb: “Buna səbəb elektron kitabxanaların yaradılmasıdır. Hətta Bakıda yerləşən kitabxanalarda da aparılan monitorinqlər göstərir ki, ənənəvi kitabxanalarda istifadə edilənlərin saylarında kəskin azalmalar var. Bu azalmalar da birbaşa kitabxanaların vəziyyətinə təsir göstərir. Dövlət kitabxanaları dövlət tərəfindən maliyyələşdirilir və düşünürəm ki, növbəti dövrlərdə də kitabxanalara dəstək qorunub saxlanılacaq. Rayonlarda kitabxanalara marağın azalması ümumən Respublikada kitablara olan marağın düşməsi ilə bağlıdır. Eyni zamanda kitabxanaların özləri də oxucu cəlb etmək üçün müəyyən addımlar atmalıdır. Fərqli kampaniyalar təşkil edilə bilər, oxucularla görüşlər keçirilə bilər. Təəssüf ki, bölgələrdə yerləşən kitabxanalar Sovet dövründə olduğu kimi fəaliyyət göstərirlər. Kitabxanalarda hər hansı bir xüsusi kampaniyalar təşkil edilmir”. 

Söhbət əsnasında ekspert atıla biləcək addımlardan da danışıb: “Şairlərin, ictimai xadimlərin oxucularla kitabxanalarda mütəmadi görüşlər keçirmələri arzuolunandır. Bölgələrdə özəl kitabxanalar yaradılsa atılan mühüm addımlardan biri olar. Məsələn, ABŞ da özəl kitabxanalarda oxuculara xüsusi kampaniyalar təklif edilir, eyni zamanda onlar üçün ora çay, kofe evi rolunu oynayır. Hər bir şəxs həm çay, kofe içmək, həm də kitab oxumaq üçün üz tuturlar. Özəl kitabxanaların inkişaf etdiyi ölkələrdə olduğu kimi, bizdə də müəyyən layihələrin həyata keçirilməsinə ehtiyac var”.

Bənzər yazılar