Dərc olunub: 11.02.2019

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə fevralın 11-i Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Günü elan edilib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, təşkilatın baş katibi Antonio Quterreşin bu münasibətlə verdiyi bəyanatda deyilir: “Gəlin, dünyanın bütün ölkələrində hər bir qızın təhsil almaq arzusunu yerinə yetirmək və onların dayanıqlı gələcəyə töhfə verməsini təmin etmək üçün birgə səylər göstərək”.

Fevralın 10-da Əddis-Əbəbədə keçirilən Afrika İttifaqı sammitində iştirak edən A.Quterreş Afrika qitəsində qızların kompüter proqramçısı kurslarına cəlb olunması ilə bağlı mərasimdə də iştirak edib. Bildirib ki, qadınların cəmi 25 faizinin internetdən istifadə etmək imkanın olduğu və qızlar üçün bir çox ölkələrdə təhsilin əlçatmaz olduğu Afrikada beynəlxalq təşkilatlar və hökumətləri birgə fəaliyyətlərini gücləndirməli, daha çox vəsait ayırmalıdırlar.

BMT-nin hesabatlarında qeyd olunur ki, elm və gender bərabərliyi təşkilatın 2030-cu ilədək dayanıqlı inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bəşəriyyət son 15 ildə bu sahədə böyük nailiyyətlər əldə etsə də, təəssüflə qeyd etmək lazımdır ki, qızlar və qadınlar hələ də təhsil almaqda əngəllərlə qarşılaşır. Dünyada elmi tədqiqatlarla məşğul olanların cəmi 30 faizi zərif cinsin nümayəndələridir. UNESCO-nun hesabatına görə, 2014-2016-cı illərdə ali məktəblərdə təhsil alan qızların cəmi 30 faizi elmi-texniki fənləri seçir. İnformasiya kommunikasiya texnologiyaları üzrə ixtisasları seçən qızlar 3 faiz, riyaziyyat və statistika üzrə 5 faiz, mühəndislik və sənaye üzrə isə 8 faizdir.

Qızların elmdə iştirakının zəif olmasının əsas səbəbi stereotiplər və yanlış təsəvvürlərdir. Cina Devis İnstitutunun apardığı tədqiqatların nəticələrinə görə, kinofilmlərdə qadın obrazlarının cəmi 12 faizi elmlə məşğul olan zərif cinsin nümayəndələridir.

Bənzər yazılar