14 fevral 2019-cu il tarixində saat 9:30-da Park Inn otelinin “Dan Ulduzu” zalında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və “Economic Social Development” (ESD) qurumunun birgə təşkilatcılığı ilə “Davamlı İnkişafın Sosial-iqtisadi Problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Tədbirdə Təhsil Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Maliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Statistika Komitəsinin, Auditorlar Palatasının rəhbər şəxsləri, millət vəkilləri, Azərbaycan Milli Elmlər Akademiyasının iqtisadçı müxbir üzvləri Akif Musayev, Qorxmaz İmanov, Əli Nuriyev, Şahbaz Muradov, Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı iştirak edəcəklər.

Həmçinin, beynəlxalq tədbirdə 20 ölkənin, o cümlədən, “London`s Global University” (İngiltərə), “University of Siegen” (Almaniya) və digər ən mötəbər yerli və xarici universitetlərin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.

Tədbir ESD təşkilatı tərəfindən keçirilən 37-ci konfransdır və əvvəllər Roma, Paris, Madrid, Varşava və Moskva kimi şəhərlərdə təşkil olunub. Qeyd edək ki, ESD beynəlxalq Academic Conference Excellence (ACE) qurumu tərəfindən keyfiyyət nişanı almış təşkilatdır.

Konfransda müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək.

Bənzər yazılar