AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu Lüdviq və Maksimilian adına Münxen Universitetinin (Almaniya) Ön Asiya Arxeologiyası İnstitutu ilə birgə Şəmkir rayonunun Qaracəmirli kəndində və ətraf ərazilərdə arxeoloji araşdırmalar aparır. Beynəlxalq Şəmkir-Qaracəmirli arxeoloji ekspedisiyası Qaracəmirli kəndinin ərazisində aşkarlanan, e.ə. V-IV əsrlərə aid sarayda tədqiqatları davam etdirməklə yanaşı, Şəmkir rayonu ərazisindəki digər yeni abidələrin qeydiyyatı və həmin abidələrdə əsasən kəşfiyyat xarakterli qazıntılar aparmışdı.

AMEA-dan mektebgushesi.az -a bildirilib ki, bu abidələrin kompleks şəklində öyrənilməsi, Şəmkir rayonundaki arxeoloji abidələrdən əldə edilmiş materiallarla tanışlıq və onların analizi məqsədilə beynəlxalq Şəmkir-Qaracəmirli ekspedisiyasının rəhbəri, tarix üzrə fəlsəfə doktoru Emil İsgəndərov, Lüdviq və Maksimilian adına Münxen Universitetinin Ön Asiya Arxeologiyası İnstitutu mədəni tədqiqatlar fakültəsinin antik və müasir mədəniyyətlər departamentinin əməkdaşı, doktor Kai Kaniyut və departamentin elmi işçisi Mişaila Şauer Arxeologiya Etnoqrafiya İnstitutunun arxeoloji fondunda birgə araşdırmalar aparırlar.

Almaniyalı alimlərin bildirdiklərinə görə, Şəmkir ərazisindəki abidələrdən aşkarlanmış keramika nümunələri onların gətirdikləri müasir portativ rentgen-flüorestsens spektrometr cihazları vasitəsilə tədqiq edilir. Cihazlar imkan verir ki, Azərbaycanın qədim əhalisinin keramika istehsalının texnologiyası barədə dəqiq və müfəssəl məlumatlar əldə edilsin.

K.Kaniyut Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi arxivində Azərbaycanın ilk dəmir – antik dövrləri tədqiqatları üzrə toplanmış arxeoloji qazıntıların hesabatları ilə tanış olub. Araşdırmaların nəticələri dünyanın ən nüfuzlu elmi toplularında dərc ediləcək, Azərbaycanda aparılan arxeoloji tədqiqatlar barədə xüsusi elmi-tədqiqat əsərlərində öz əksini tapacaq.

Emil İsgəndərov bildirib ki, müasir arxeoloji tədqiqatların səviyyəsi arxeometrik araşdırmaların nəticələri ilə ölçülür. Bu baxımdan almaniyalı həmkarların tədqiqatları dünya elmi dairələrində Azərbaycan arxeologiyasının nailiyyətlərinin tanınması işinə növbəti töhfə olacaq.

Bənzər yazılar