Yeni forma və məzmun nə vəd edir?

“Azərbaycan məktəbi” Beynəlxalq akademik dərgisi pedaqoji mətbuat tariximizin ən uzunömürlü elmi-pedaqoji jurnalı hesab olunur. Jurnal 1924-cü ildən mütəmadi olaraq Azərbaycan müəllimlərinin, elmi-pedaqoji ictimaiyyətinin görüşünə gəlir. Azərbaycan Respublikası Təhsil nazirliyinin elmi-nəzəri orqanı olan bu jurnal ölkənin pedaqoji mətbuat orqanları arasında uzunömürlülüyü ilə yanaşı, həm də dərc olunan məqalələrin elmi sanbalı ilə də seçilib. Bu jurnal bütün dövlərdə zamanın elmi-pedaqoji mənzərəsini mükəmməl şəkildə yaratmaqla, öz ətrafında dövrünün görkəmli alimlərini, müəllimlərini, metodistlərini birləşdirib. Azərbaycan müəllimləri Azərbaycanın, eləcə də dünyanın elmi-pedaqoji yeniliklərini məhz bu jurnalın səhifələrindən izləyə biliblər. Qabaqcıl müəllim təcrübəsi, dünya təhsilində, elmində baş verən yeniliklər, pedaqogikanın nəzəri problemləri, innovasiyalar, tədris prosesinə fərqli metodiki yanaşmalar jurnalın səhifələrində zaman-zaman peşəkarlıqla təhlil olunaraq oxucuya çatdırılıb. Fəaliyyətinin müxtəlif dövlərində “Yeni məktəb” (1924-1930), “Müəllimə kömək”(1930-1943) adını daşımış jurnalın ayrı-ayrı fənləri fundamental şəkildə əhatə edən əlavələri də çap olunub. Jurnal keçmiş sovetlər birliyinin, eləcə də dünyanın tanınmış alimləri, elmi nəşrləri, nazirlikləri ilə əlaqələr yaradaraq qabaqcıl dünya təcrübəsinin Azərbaycanda öyrənilməsinə yol açıb.

Ötən əsrin əvvələrində Azərbaycanda inkişaf edən maarifçilik ideyaları, yaranan yeni məktəblər, elmə, təhsilə olan marağın artması elm adamlarının elmi əsərlərlə çıxış etmələrini də şərtləndirirdi. Onların elmi nəşrlər ətrafında birləşib, öz elmi fikir və düşüncələrini oxuculara çatdırmaq zərurəti yaranırdı. “Azərbaycan məktəbi” jurnalı da maarifçiliyin zərurət olduğu bir zamanda meydana çıxdı və öz ətrafında dövrünün ən görkəmli alimlərini birləşdirdi. Bəkir Çobanzadə, Üzeyir Hacıbəyov, Məmməd Səid Ordubadi, Abdulla Şaiq, Tağı Şahbazi Simürğ, Mirzə İbrahimov, Məmməd Arif, Feyzulla Qasımzadə, Həmid Araslı, Məmməd Cəfər,

Əşrəf Hüseynov, Məmmədağa Şirəliyev, Əbdül Əzəl Dəmirçizadə, Abasqulu Abbaszadə, Maqsud Cavadov, Cümşüd Zülfüqarlı, Mehdi Mehdizadə, Əhməd Seyidov, Ağəmməd Abdullayev, Feyzulla Qasımzadə, Həmid Araslı, Budaq Budaqov, Mərdan Muradxanov, Bəşir Əhmədov, Yusif Talıbov, Əliheydər Həşimov, Əjdər Ağayev, Əkbər Bayramov, Əbdül Əlizadə, Yəhya Kərimov, Hüseyn Əhmədov, Nurəddin Kazımov, keçmiş SSRİ Maarif naziri Mixail Prokofyev, Rusiyanın görkəmli alimləri, akademiklər Yuri Babanski, Artur Petrovski, Meşşannikov, Mirzə Maxmutov, Vladimir Adoratski, Valeri Alekseyev, Aleksey Bodalyov, Vladimir Favorski, İvan Kairov, SSRİ Pedaqoji Elmlər Akademiyasının müxbir üzvləri Daniel Erkonin, Aleksandr Kotalikov, professorlar Pyotr Fridolin, Boris Komarovski, Pavel Yakobson, Mixail Abramov, Aleksey Amossov, Leb İtelson, Nadejda Krupskaya, Belorusiyadan olan akademik Aleksandr Makovelski, Gürcüstandan akademik Şalva Amanaşvili, Azərbaycanın görkəmli müəllimləri, məktəbşünasları Sona Tağıyeva, Zahid Şöyübov, Məhər Quliyev, Zərbəli Səmədov, Aliyə Təhmasib, Abuzər Ağayev, Yunis Zərgərli jurnalla sıx əməkdaşlıq əlaqələri qurub, özlərinin bir sıra qiymətli fikirlərini, pedaqoji təcrübələrini məhz bu məcmuə vasitəsilə oxuculara çatdırıblar. Bu alimlərin, müəllimlərin bir çoxu «Azərbaycan məktəbi» jurnalında yaradıcılıq yolu keçməklə, özləri də alim, müəllim kimi formalaşıb, həm elmin, həm də elmi-pedaqoji mətbuat mühitinin yaranıb inkişaf etməsinə yol açıblar.

Diqqət çəkən asas məqamlardan biri bundan ibarətdir ki, 2018-ci ildən jurnalın elmi məqalələrinin indeksləşdirilməsinə başlanmışdır. Ümumiyyətlə, “Azərbaycan məktəbi” jurnalı elmi-pedaqoji nəşrlər arasında elmi məqalələrinin beynəlxalq nüfuzlu elmi indekslərdə indeksləndiyi ilk jurnaldır. Qeyd edim ki, elmi məqalələrin indeksləşməsi müəllif hüquqlarının qorunması, plagiatın qarşısının alınması, məqalələrin keyfiyyət dəyərinin, elmi aktuallığının müəyyən edilməsi, onlara istinad edilməsi baxımından əhəmiyyətə malikdir. Bəlli olduğu kimi, dünyada elmi məqalələrin indeksləşməsini həyata keçirən böyük qurumlar fəaliyyət göstərir. Web of Sciense (WOS) profili üzrə qurulan Web of Knowledge

Core Collection bilik və informasiya bazası baxımından bu qurumların ən böyüyüdür.

Hazırda ResearchGate, Index Copernicus, Google Scholar, CiteFactor, DOAJ, Indeks Copernicus İnternational, İdealonline, COPE indekslərinə sahib olan jurnalın yaxın gələcək üçün hədəfi nüfuzlu elmi bazaların – SCOPUS, Web of Science-in istinad bazasına, həmçinin pedaqogika sahəsində nüfuzlu elmi məqalələrin bazası sayılan “Social Science Citation”ın siyahısına düşməkdir. Buna nail olmaq üçün isə qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. Buna nail olmaq üçün isə qarşıda dayanan vəzifələrdən ən mühümü beynəlxalq standartlara cavab verən, Azərbaycanda və dünyada tanınan alimlərin, zəngin pedaqoji təcrübəyə malik olan müəllimlərin elmi məqalələrinin çapına nail olmaqdır. Elə məqalələr ərsəyə gətirilməlidir ki, onlar dünyanın elmi dairlərində maraq yaratsın, istinad üçün əsaslı faktlara malik olsun, Azərbaycan elmini, təhsilini, məktəbini elmi-pedaqoji cəhətdən xarakterizə etmək baxımından əhəmiyyətli rol oynasın. Jurnalın yeni sayları ilə tanış olduqda bu tendensiyanı müşahidə etmək mümkündür. “Təhsil siyasəti”, “Pedaqogika”, “Metodika”, “Kurikulum”, “Psixologiya”, “Təhsil tariximizdən”, “Beynəlxalq təcrübə”, “Təhsil texnologiyaları” rubrikalarının hər biri Azərbaycan və dünya təhsilinin qabaqcıl tendensiyalarını, “Azərbaycan Respublikasında Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası”, “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi” kimi konseptual sənədləri, beynəlxalq təcrübənin tətbiqi imkanlarını, pedaqoji təhsilin məzmununu, pedaqoji kadr hazırlığının təşkilinə qoyulan tələblərin nəzərə alınması, ümumtəhsil müəssisələrinin ibtidai təhsil səviyyəsi üzrə təhsil alan şagirdlərinin beynəlxalq qiymətləndirmədə mövcud vəziyyətini, Beynəlxalq məktəblərdə qlobal vətəndaşlıq təhsilinin liberal perspektivlərini, eyni zamanda təhsil tariximizin bəzi mühüm məqamlarını, zəngin tədqiqat faktlarını əhatə edir, ümumən fundamental elmi nəşr kimi diqqət çəkir.

Qeyd edim ki, jurnala təqdim edilən məqalələrin orijinallığı xüsusi proqramlar vasitəsilə yoxlanılır. Məqalələrin daha rahat axtarış və istinad sistemini təmin etmək məqsədilə doi (digital object identifier) nömrələrinin alınması planlaşdırılır. Bu isə imkan yaradacaq ki, müəlliflər öz məqalələrini dünya kitabxanalarının, indeks qurumlarının istinad bazasında görsünlər. Elmi əlaqələrin genişlənməsi, qlobal elm, təhsil mühitinə inteqrasiya olunmaq baxımından bu, önəmlidir. Bu baxımdan jurnalın www.journal.edu.az saytının da rolu danılmaz olacaq. Saytda yeni məqalələrlə yanaşı, jurnalın mövcud olduğu dövrlər ərzində çap olunmuş məqalələrin də yerləşdirilməsi nəzərdə tutulur. Bu, təhsil tariximizin öyrənilməsi baxımından mühüm mənbə kimi diqqət çəkəcək, eləcə də təhsil tariximizi araşdıranların işini asanlaşdıracaq. Jurnalın perspektivinə, onun geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına əsas verən amillərdən biri də Azərbaycan dili ilə yanaşı, rus, ingilis, türk dillərində yazıların dərc olunmasıdır. Müxtəlif dillərdə dərc olunan yazılar jurnalın oxucu auditoriyasını genişləndirməklə bərabər, ona mövzu, yanaşma rəngarəngliyi gətirəcək, daha geniş müəllif dairəsinin yaranmasına yol açacaq.

Böyükağa MİKAYILLI

Bənzər yazılar