Dərc olunub: 01.03.2019

Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar təhsil nazirinin müavini Məhəbbət Vəliyevanın Füzuli, Beyləqan, Ağcabədi və Ağdam rayonlarına səfəri başa çatıb. Təhsil Nazirliyindən mektebgushesi.az -a verilən məlumata görə, Məhəbbət Vəliyeva Füzuli rayonunda Horadiz şəhər 3 nömrəli tam orta, Böyük Bəhmənli kənd 2 nömrəli tam orta məktəblərdə olub. Pedaqoji kollektivlərlə görüşən nazir müavini onlara metodiki tövsiyələrini verib. Məhəbbət Vəliyeva, həmçinin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə təşkil olunan yürüşdə iştirak edib.

Nazir müavini Beyləqan rayonunda 3 nömrəli tam orta məktəbdə dərs prosesini izləyib. Beyləqan şəhər 2 nömrəli tam orta məktəbdə rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktorları ilə görüş keçirib. Görüşdə təhsil sahəsində aparılan islahatlar və qarşıda duran prioritetlər barədə danışılıb. Həmçinin Beyləqan rayonu ərazisində yerləşən Füzuli rayonu 24 nömrəli modul tipli məktəbə baxış keçirilib, tədris prosesi izlənilib.

Ağcabədi rayonuna səfər edən nazir müavini orada fəaliyyət göstərən Laçın rayonu Taxtakörpü qəsəbə tam orta məktəbdə olub. O, rayonda yerləşən Xocavənd kənd 2 nömrəli tam orta məktəbdə təhsil müəssisəsinin qəzalı vəziyyətdə olan binası ilə tanış olub, yeni binanın inşası imkanlarının araşdırılacağını deyib. Məhəbbət Vəliyeva 9 və 8 nömrəli tam orta məktəblərdə dərs prosesini izləyib. Eyni zamanda, Ağcabədi şəhəri 3 nömrəli tam orta məktəbdə rayonda yerləşən ümumtəhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.

Səfər çərçivəsində Ağdam rayonuna gedən nazir müavini təmas xəttində yerləşən Ayaqqərvənd və İmamqulubəyli kənd tam orta məktəblərdə təhsil müəssisələrinin pedaqoji kollektivləri ilə görüşüb. O, açılışı olacaq modul tipli 85 nömrəli tam orta məktəbdə və Quzanlı qəsəbə tam orta məktəbdə olub.

Nazir müavini təmas xəttində yerləşən Əhmədağalı kənd tam orta məktəbdə rayonun ümumtəhsil müəssisələrinin direktorları ilə görüşüb, onları narahat edən problemləri dinləyib, tövsiyələrini verib.

Bənzər yazılar