Dərc olunub: 04.03.2019

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru, professor Sübhan Namazov, beynəlxalq əlaqələr departamentinin direktoru, dosent Mərziyyə Ağayeva, avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti Fuad Daşdəmirov Avropa İttifaqının maliyyələşdirdiyi və Polşa Texnologiya Universitetinin koordinatoru olduğu “Nəqliyyat servisi üçün böhran və risklər mühəndisliyi” adlı “Erasmus+ KA2” layihəsinin ilk toplantısında iştirak etmək üçün Polşada ezamiyyətdə olublar.

AzTU-dan AZƏRTAC-a bildirilib ki, layihədə 6 ölkənin – Polşa, Almaniya, Fransa, Ukrayna, Azərbaycan və Türkmənistanın universitetləri iştirak edirlər. Layihənin icrasında ölkəmizdən beş tərəfdaş qurum – Təhsil Nazirliyi, AzTU, Bakı Mühəndislik Universiteti, Azərbaycan Texnologiya Universiteti və Bakı Nəqliyyat Agentliyi təmsil olunur.

Layihənin açılışında çıxış edən Polşadakı səfirimiz, AzTU-nun məzunu Həsən Həsənov Azərbaycan və Polşa Universitetləri arasındakı əməkdaşlığın yüksək perspektivi olduğunu, bunun üçün lazımi kömək göstəriləcəyini vurğulayıb.

İkigünlük toplantıda üç il davam edəcək layihənin məqsəd və vəzifələri, tərəfdaşların layihədəki yeri və rolu, layihənin sonunda əldə olunacaq nəticələr və təşkilati-idarəetmə mövzusunda çıxışlar olub. Tərəfdaş təşkilatların nümayəndələri, o cümlədən Mərziyyə Ağayeva layihə ilə bağlı görülən işlər barədə məlumat veriblər.

Bənzər yazılar