Dərc olunub: 04.03.2019

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə başlayır.

Fonddan AZƏRTAC-a bildirilib ki, müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar. Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda şəklində olmaqla eyni universiteti təmsil etməlidirlər. Müraciətlər həm Azərbaycan, həm də ingilis dilində qəbul olunur.

Müsabiqədə iştirak üçün qeydiyyat formasını doldurub iştirakçıların CV-ləri ilə birlikdə stockpitch@oilfund.az  elektron ünvanına aprelin 4-dən gec olmamaq şərti ilə göndərilməsi xahiş olunur. Azərbaycan və ingilis dilində qeydiyyat formaları:

Müsabiqənin mərhələləri belədir: müsabiqədə iştirak üçün son qeydiyyat tarixi 2019-cu il aprelin 4-ü; növbəti mərhələyə keçəcək komandaların açıqlanması aprelin 10-u; seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi aprelin 13-ü; səhm üzrə təhlilin təqdim edilməsi mayın 13-ü; yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması mayın 22-si; yarım-final və final mərhələlərinin keçirilməsi mayın 24-dür. Komandalar öz təhlilləri əsasında münsiflər heyətinin qarşısında qısa bir çıxış edərək onları seçdikləri səhmin nəyə görə yaxşı investisiya olduğuna inandırmalıdırlar.

Mükafatlar isə belədir: 1-ci yer 5 min manat, 2-ci yer 3 min manat, 3-cü yer 1000 manat. Müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

“Stock pitch” nədir?

“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir: tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi; həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi; təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.

Bənzər yazılar