Dərc olunub: 04.03.2019

Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təhsil kompleksində “Müasir dövr humanitar sahənin elm, təhsil və yaradıcılıq problemləri üzrə elmi və elmi-tədqiqat fəaliyyətinin istiqamətləri və mühüm nəticələri” mövzusunda VI respublika elmi-praktik konfrans keçirilib.

BXA-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən akademiyanın prorektoru, professor Sonaxanım İbrahimova əsas məqsədin müasir dövrdə humanitar sahələrin inkişafı, diqqətin elmi və elmi-tədqiqat fəaliyyətinin aktual problemlərin tədqiqinə cəlb olunması və mühüm elmi nəticələrin paylaşılmasından ibarət olduğunu söyləyib.

Plenar iclasda akademiyanın tədris işləri üzrə prorektoru, professor Sevda Sadıxbəyova “Multikulturalizm kontekstində bədii tərtibatda geyim”, Azərbaycan Bəstəkarlar İttifaqının musiqişünaslıq bölməsinin sədri, professor Həcər Babayeva “Firəngiz Əlizadənin yaradıcılığında Nəsimi poeziyası”, professor Kübra Əliyeva “Bakının tarixi daş yaddaşlarda”, Azərbaycan Milli Konservatoriyasının dosenti Aydın Əliyev “Azərbaycan xalq rəqslərinin yaranmasında və inkişafında instrumental ifaçıların rolu”, dosent Aygül Hüseynova “Sənətyönümlü ali təhsil müəssisələrdə mədəni irsin təbliği və multikultural dəyərlər”, BXA-nın informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, elmi katib Əbülfəz Babazadə “Azərbaycanda yaponşünaslıq elminin mühüm nailiyyətləri” mövzularında məruzələrlə çıxış ediblər.

Konfransda, həmçinin Bakı Dövlət Universitetinin dosenti Knyaz Aslanın “ İnformasiya cəmiyyətində Azərbaycanda redaktor ixtisaslaşmasının problemləri”, Xalq artisti Nazpəri Dostəliyevanın “Müasir dövr aşıq sənətinin elmi əsasları”, Azərbaycan Milli Elmlər Akademiyasının dosenti Xəzər Zeynalovun “Müstəqillik dövrü Azərbaycan monumental heykəltəraşlığı” dosent Şəhla Tahirqızının “Müasir dövrdə Azərbaycanda humanitar sahədə nəşr olunan elmi jurnallar”, professor Vəfa Əliyevin “Xalq yazıçısı İlyas Əfəndiyevin nəzəri-estetik görüşləri” mövzularında məruzələri dinlənilib.

Sonra konfransa təqdim olunan məruzələrin musiqi illüstrasiyaları nümayiş edilib. Akademiyanın tələbəsi, Əməkdar artist Nigar İbrahimova, dosent Nigar Ağayeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim Nərmin İbrahimova, beynəlxalq müsabiqələr laureatı Aynur İsgəndərli çıxış ediblər.

Konfrans işini bölmə iclaslarında davam etdirib. Konfransda təqdim olunan 56 məqalə toplu şəklində çap olunacaq.

Bənzər yazılar