Dərc olunub: 04.03.2019

Dərin ağlı, iti zəkası ilə ibrətamiz bir həyat yolu keçmiş Ülviyyə müəllimə Rzayeva xalqına sahib olduğu müəllim peşəsi ilə xidmət edir. O, bu peşənin bilicisi kimi ziyalı, alicənab və humanist xüsusiyyətə malik bir müəllimə kimi öz nümunəvi davranışı, bilik və bacaracağı ilə kollektivdə müəllim və tələbələrin dərin hörmətini qazanmışdır. Biləndə ki, bu il həmkar yoldaşımın anadan olmasının 50, pedaqoji fəaliyyətinin 25 illiyidir, bu yazını yazmaq istəyi ilə yanaşı, mənə yaxından tanıdığım insan haqqında ilk dəfə söhbət açmaq məsuliyyətinin ağırlığını da yaşatdı.

Öncə bildirim ki, Ülviyyə Əlihüseyn qızı Rzayeva 1969-cu ildə Lənkəran şəhərində sadə, zəhmətkeş ailədə anadan olmuşdur. Əlihüseyn kişi ömür gün yoldaşı Rəhimə anayla 6 övlad böyüdüb boya başa çatdırmışlar. Ülviyyə övladların sonuncusu evin sonbeşiyidir. Ülviyyə 1986-cı ildə Lənkəran şəhər 2 saylı tam orta məktəbini bitirmişdir. Hələ orta məktəbdə oxuyarkən müəllimlik peşəsinə böyük maraq göstərib. Elə bu məqsədlə 1987-ci ildə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun “İngilis və fransız dilləri” ixtisasına qəbul olmuş və 1992-ci ildə təhsilini başa vurmuşdur. Əmək fəaliyyətinə 1992-ci ildə Lənkəran şəhər 7 saylı tam orta məktəbdə müəllim kimi başlamış və 1999-cu ildən Lənkəran Dövlət Humanitar Kollecdə əvvəl saathesabı, 2000-ci ildən əsas müəllim kimi fəaliyyətə başlamışdır. 2012-ci ildən Kollecin tərbiyə işləri üzrə direktor müavinidir. İşlədiyi müddətdə Kollecin ictimai işlərində fəal iştirak edir. Lənkəran şəhər icra hakimiyyətinin və Kollec rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərmanla təltif edilmişdir. 2003-cü ildən YAP-ın üzvüdür. Evlidir. 2 övladı var. Böyük oğlu Əliəkbər Ukraynada ali təhsil almışdır. Hazırda Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində vətənə xidmət edir. Kiçik oğlu İdrak Lənkəran Dövlət Humanitar Kollecini fərqlənmə diplomu ilə bitirmişdir.

Sizin 50 illik ömrünüzün səhifələrini vərəqlədik, elə bir ömür ki, el-obanın, kollektivin hörmətini qazanmış bir ziyalı yaşamı. Ürəyinin saflığı üzündən oxunur. Ömrünün müdriklik dövrünə qədəm qoyan Ülviyyə müəllimə bu gün də gənclik enerjisi, gənclik həvəsi ilə çalışır. Biz də anadan olmasının 50 illik yubileyi və qarşıdan gələn 8 mart Beynəlxalq qadınlar bayramı münasibətilə həmkarımızı ürəkdən təbrik edir, şəxsi həyatında möhkəm cansağlığı, gələcək işlərində yeni-yeni uğurlar arzulayırıq.

Kollektivdə vardır sənin hörmətin

İşin olub dövlətinə xidmətin.

Zəhmətinlə aldın bugün qiymətin

Allah olsun sənə bu işdə kömək

Yubileyin mübarək, yaşın mübarək

Ülviyyə sənin doğum günün mübarək!

Cəmil Quliyev

Lənkəran Dövlət Humanitar Kollecinin

müəllimi, t.ü.f.d., AJB–nin üzvü

Bənzər yazılar