Bakı Dövlət Universitetinin Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri, Qarabağ müharibəsi veteranı, dosent Knyaz Aslan Türkiyə Cümhuriyyətinin Ankara şəhərində fəaliyyət göstərən Bengütürk TV-nin dəvəti ilə qardaş ölkədə ezamiyyətdə olmuşdur.

Dəvətin məqsədi 1990-cı illərdə – sovet rejimi dövründə, xüsusilə Xocalı soyqırımından əvvəl Azərbaycanda çıxan bəzi qəzetlərdə vətənpərvərlik ruhunda çoxsaylı publisistik yazılar dərc etdirmiş, respublikamızın o zamankı rəhbərlərinin diqqətini Qarabağda, o cümlədən Xocalıda baş verən erməni-rus millətçiliyinin mənfi nəticələrinə cəlb etməyə çalışmış Knyaz Aslanın Xocalı qətliamı ilə bağlı həqiqətləri canlı yayımda dünyaya çatdırmaq idi. Onu da xatırladaq ki, müharibə dövründə Knyaz Aslan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin “Azərbaycan Ordusu” qəzetinin hərbi müxbiri kimi ön cəbhədən müntəzəm olaraq operativ reportajlar hazırlamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ müharibəsi mövzusunda çoxlu məqalələr çap etdirmiş, kitab yazmışdır.

 Qarabağ qazisi Knyaz Aslan səfərinin birinci günü Ankara şəhərində yerləşən Özəl Ceceli Okulları rəhbərliyinin dəvətini qəbul edərək burada düzənlənən tədbirlərə məruzəçi olaraq qatılmışdır. Məlumat üçün bildirək ki, açıldığı 1991-ci ildən indiyə qədər “Dünyaya istiqamət verəcək liderlər” yetişdirməyi hədəfləyən Özəl Ceceli Okulları tanınmış iş adamı Alaettin Cecelinin adını daşıyır.

Knyaz Aslan 25 fevral 2019-cu ildə Özəl Ceceli Okullarının konfrans zalında əvvəlcə orta siniflərdə (V-VIII siniflər), sonra isə yuxarı siniflərdə (IX-XII siniflər) təhsil alan şagirdlərlə iki görüş keçirmiş, onlara Ermənistanın işğalçılıq siyasəti, Qarabağ münaqişəsi, xüsusilə Xocalı soyqırımı ilə bağlı çox geniş məlimat vermişdir.

Tədbirdə Anadolu / Fen Lisesi müdiri Resul Kıraç, eləcə də məktəbin digər müəllimləri də iştitak etmişlər.

Həmin görüşlər haqqında Özəl Ceceli Okullarının rəsmi internet saytında və Facebook səhifəsində informasiya və tədbirdən fotolar yerləşdirilmişdir.

25 fevral 2019-cu ildə saat 18.00-da isə Knyaz Aslan Bengütürk TV-nin Xocalı soyqırımı ilə bağlı hazırladığı xüsusi proqramda iştirak etmişdir. O, Bengütürk TV-də həftədə bir dəfə Cafer Kardaşın aparıcılılğı ilə canlı yayımlanan “Mazidən atiyə” (“Keçmişdən gələcəyə”) proqramında bir saat ərzində Xocalı qətliamı ilə əlaqədar müxtəlif sualları cavablandırmışdır. Bu zaman alim-müharibə veteranı Qarabağın əzəli-əbədi Azərbaycan torpağı olduğunu faktlarla əsaslandırmış, Xocalı-Gədəbəy mədəniyyəti, bu ərazilərin coğrafi baxımdan strateji əhəmiyyəti haqqında geniş məlumat vermişdir. Bundan başqa, müxtəlif dövrlərdə, o cümlədən Sovet İttifaqının dağılması ərəfəsində Ermənistanın Azərbaycan torpaqlarını işğalı, xüsusilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda Ermənistan silahlı qüvvələrinin Azərbaycan türklərinə qarşı törətdiyi dəhşətli vəhşiliklər, azərbaycanlıların yaşadığı kəndlərin boşaldırması, Rusiyanın 366-cı motoatıcı alayının erməni quldur dəstələrinə köməyi, dinc soydaşlarımızın qəddarlıqla qətlə yetirilməsi, onların meyitlərinin təhqir olunması, sonralar erməni yazıçıların bütün bu vəhşətləri öz kitablarında əks etdirməsi və s. kimi məsələləri faktlarla tamaşaçılara çatdırmışdır.

Knyaz Aslan proqramda eyni zamanda Xocalı qətliamının dünyada tanıdılması üçün Azərbaycanda görülən işlərin miqyası, Xocalıda baş verən erməni vəhşiliyini soyqırım kimi tanıyan ölkələrin dəstəyi, ərazi bütövlüyünün bərpası uğrunda haqlı mübarizə aparan Azərbaycanın gələcək zəfəri və s. barədə danışmışdır. Alim öz çıxışında “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Biz bir millət, iki dövlətik” kəlamlarını dilə gətirmiş, qardaş Türkiyə Cümhuriyyətinin, türk millətinin Azərbaycanın haqlı mücadiləsinə hər zaman dəstək olduğunu minnətdarlıqla vurğulamışdır.

Qeyd edək ki, Knyaz Aslanın Bengütürk TV-nin “Mazidən atiyə” proqramındakı birsaatlıq canlı yayım müsahibəsi 26 fevral 2018-ci ildə Youtube kanalında yerləşdirilmişdir və baxış sayı gündən-günə artmaqdadır.

Xavər Qədirova

Bənzər yazılar